AFFA İcraiyyə Komitəsinin iclası və hesabat konfransı keçirildi. İclasda qəbul olunan qərarlardan xəbərdarsız və bir daha bunları incələmək fikrim yoxdu. Amma susa da bilmirəm… Mənə elə gəlir ki, sussam, məsləkimə, peşəmə xəyanət edəcəm, eyni zamanda AFFA-nın divarları arasında oturanlara "bu ölkədə futbolla maraqlananların hamısı axmaqdı ki…" düşünməyə əsas verəcəm…
Yeganə təriflənəsi məqam odu ki, iclasla hesabatı eyni günə və eyni yerə salırlar. Axı belədə futbol ictimaiyyətinin nümayəndələri əlavə əzab-əziyyətdən, tıxaclı Bakı küçələrində ma-şına yer tapmaq çətinliyindən qurtulur. Həm də müzakirə olunası heç nə yoxdusa, daha doğrusu, qərarların altında hansısa məntiqi izah gizlənmirsə, iki dəfə yığışmağa nə ehtiyac?!
Nə gizlədim, ötən cümənin ən səmimi adamı mənim üçün Rövnəq Abdullayev idi. Adam "dövlət futbola dəstək verir, amma qarşılığı yoxdu" deyirsə, heç şübhəsiz, rəhbərlik etdiyi qurumun ölkə futbolunu yönəldə bilməyi bacarmadığını anlayıb. Əlbəttə, reklam və piar kampaniya-ları baxımından böyük işlər görülüb, Azərbaycan futbolunun şou-biznesin bir qoluna çev-rilməsi baxımından bəlkə də nəhəng addımlar atılıb. Məsələn, cəlbedici adlarla aşağı yaşlıların liqaları yaradılıb, guya sponsorlar tapılıb, çoxlu süni meydança salınıb, AF-FA-nın bəzi otaqları prodüsser mərkəzini xatırladır; istənilən iclasda görülən işlərin he-sabatına dair videoçarxlar adamın başını gicəlləndirir. Amma bütün bunlar zahiri parıltı və bayağılıqdı. İşin əslində ucqar dağ kəndində çobanlıq edən, amma ürəyi futbolla döyünən adam hələ də yığmasının oyununa baxa bilmir.
AFFA-ya rəhbərlik edənlər 2011-ci ildə Dubay-dan yığıb gətirdikləri texnika hesabına qurumun saytını telekanala çeviriblər. Sağ olsun-lar, konfrans iştirakçılarına nəfis tərtibatla hazırlanmış kitab da paylamışdılar. Məhz həmin kitabı oxumaqla öyrəndim ki, il ərzində Regional Futbol Federasiyaları kimi vecsiz quruma 268, ildə orta hesabla 100 sayı işıq üzü görən "Futbol dünyası" adlı qəzetə 216 min ma-nat pul ayrılıb. Hə, az qala maraqlı rəqəmlərdən birini unudacaqdım. Sən demə, ölkənin əsas yığmasının oyunçularının orta yaş həddi 2008-dəki 24,6-dan ötən il 23,8-ə düşüb. Bax, budu əsas inkişaf! Nə bilmək olar, bir də gördün Mişel Platini Avropa çempionatına qatılmaq is-təyən komandalar üçün orta yaş həddi də müəyyənləşdirdi. Onda AFFA bir addım öndə olacaq!
Yoldaşlar, dünən arxivə baxanda diqqətimi bir məqam cəlb etdi. İcraiyyə Komitəsinin ötənil-ki iclaslarından biri də məhz martda keçirilib. Ayın 15-nə təsadüf edən həmin iclasın qərar-larından birincisi ölkə çempionatının 10 komandanın iştirakı ilə, dörddövrəli sistemlə keçirilməsindən ibarətdi. Üstündən bir il keçməmiş artıq elitada 12 komandanın yarışması müzakirə olunur.
Burda hansısa məntiq varmı? Ötən bir ildə ölkədə nə dəyişib, futbolda han-sı inkişaf əlamətləri görünüb ki, komanda sayında artım zəruriləşib? Və ya başqa bir müəm-ma: elə həmin İcraiyyə Komitəsi avqustda qərar verib ki, elitadan 1-ci dəstəyə bir komanda yu-varlanır, ordan da biri yuxarı qalxır. Amma indi belə çıxır ki, həmin qərarın da əsası yoxdu. Bir sözlə, İcraiyyə Komitəsinin üzvləri yuxuda nə görürlərsə, onu da qərar halına salırlar. Ən azı son 17 ildə futbolda yaşananlarla yaxından və ciddi maraqlanan adam kimi belə bərbad və rüsvayçı idarəçilik dönəmini xatırlamıram.
Əlbəttə, ortada 30 milyon manatlıq büdcə varsa, kiminsə gözünü pul, varlanmaq, cah-cəlala yi-yələnmək ehtirası örtəcək. Allah bəndəsinin yaşam fəlsəfəsini, bəşəriyyətin keçdiyi yolu nəzərə alanda bəlkə də burda qəribə heç nə yoxdu. Fəqət qoy AFFA-da oturan dostlar-düşmənlər anlasın ki, belə inkişaf olmur. İllik hesabata saldığınız, düzüb-qoşduğunuz o rəqəmlərin ar-xasında gerçək inkişaf mənzərəsi dayanmır.
Rövnəq Abdullayev bunu anlasa və dilə gətirsə də, faciənin-fiaskonun miqyasını dərk etmir. Lütfən, Rövnəq bəyə bəzi həqiqətləri anladın. Həm özünüz yüngülləşin, həm də AFFA prezidenti, nəhayət, bir zavodla ölkənin futbol təsərrüfa-tına rəhbərlik etməyin tam fərqli özəlliklər daşıdığının fərqinə varsın. Deməsi məndən, yozmağı sizdən!




Fikirlərini bizimlə bölüş!