Azərbaycan futbolu

Xəbərlər və təhlillər

47 min azarkeş də “Olimpiya”da futbol şöləni yarada bilmir

Ötən gün “Sabah” Çempionlar Liqasının liqa mərhələsində Almaniyanın “Borussiya” ( Dortmund) klubu ilə Bakı Olimpiya Stadionunda qarşılaşıb. Azərbaycan çempionunun layiqli mübarizə apardığı görüş 1:2 hesabıyla başa çatıb. Rəsmi məlumata görə, qarşılaşmanı 47 221 azarkeş izləyib.

Ölkə çempionatının əksər oyunlarının boş tribunalar önündə keçdiyini nəzərə alsaq, bu, ümumilikdə yaxşı göstəricidir. Lakin Azərbaycan kimi kiçik futbol ölkələri üçün Çempionlar Liqasının hər matçı demək olar ki, tarixi hadisədir. Rəqibin dünya şöhrətli “Borussiya” olduğunu nəzərə alsaq, 68 700 yerlik stadionun təxminən 31 faizinin (təxminən 21 min yer) boş qalması təəssüf doğurur. Tribunaların tam dolmaması sosial şəbəkələrdə də müzakirələrə səbəb olub.

Azarkeşlərin etirazlarına görə, əsas problemlərdən biri Olimpiya Stadionunun futbol matçları üçün olduqca əlverişsiz olmasıdır. Tribunaların meydandan çox uzaq olması matçın həyəcanını azaldır, fanatlar futbolçuları tanımaqda belə çətinlik çəkirlər. İnternetdə stadiondakı məsafədən gileylənən, binokol axtaran və ya bundansa matçı evdən izləməyin daha yaxşı olduğunu yarı zarafat, yarı ciddi qeyd edən tamaşaçıların videoları geniş yayılıb.

Bundan başqa, logistik çətinliklər də azarkeşləri həvəsdən salır. Tamaşaçılar tribunadakı yerlərinə çatmaq üçün uzun məsafəni piyada qət etməli olduqlarını bildirirlər. Futbolçuların da bu stadionda oynamqdan tam məmnun qalmadıqları güman edilir, çünki onlar azarkeş dəstəyini lazımınca hiss edə bilmirlər. Ötən oyundan sonra “Slaviya”nın futbolçusu paltardəyişmə otağına məsafənin uzaq olmasından və fasilədə çox vaxt itirmələrindən şikayətlənmişdi.

Futbolsevərlər daha kiçik stadionda eyni tamaşaçı sayının qat-qat coşqulu və canlı atmosfer yarada biləcəyinə əmindilər.

Narazılıq doğuran digər mühüm amil isə bilet qiymətləridir. “Sabah” – “Borussiya” oyunu üçün ən ucuz biletlər 15 manatdan başlayıb, ən bahalı yerlər isə 650 manata təklif olunub. Mərkəzi və birinci yarusdakı biletlərin bahalı olması bir çox azarkeşin daha münasib, lakin uzaq sektorları seçməsinə səbəb olub.

Onlar xərclərin təkcə biletdən ibarət olmadığını, nəqliyyat, parklanma və iaşə xərclərinin də büdcələrinə ciddi təsir etdiyini qeyd edirlər. Məsələn, stadionda adi hot-doqun qiymətinin 10 manatdan aşağı olmaması diqqət çəkir. Xüsusilə ailəsi ilə stadiona gələnlər üçün bunun necə əlavə maliyyə yükü yaratdığını düşünmək çətin deyil.

HƏFTƏLİK BÜLLETEN

Yazılarımız maraqlı gəlir?

Həftənin ən maraqlı təhlillərini e-poçtuna göndərək.

← Back

Your message has been sent

Fikirlərini bizimlə bölüş!