Azərbaycan futbolu

Xəbərlər və təhlillər

47 yaş gec deyil

Əsgər Abdullayevin uğurlu başlanğıcın davamını gətirə bilməməsi ən vacib sabitlik fəlsəfəsinin alt-üst olması anlamında idi. Samir Əliyevi əvəzləyən mütəxəssis yanvaradək ümidləri doğrultsa da, qışdan sonra gah nala, gah da mıxa vuran "ağ-qaralar"ı toparlamağı bacarma-dı. Bakılıların bu heyətlə mükafatçılar sırasına düşməkdə çətinlik çəkəcəyini hələ sentyabrda yazmışdım və Abdullayevin gedişini də qanunauyğunluq sayıram. Bu başqa məsələ ki, ötənlərin müdafiəçisi bəlli zaman kəsiyində komandanın arxa xəttinə düzən gətirmiş, hətta uzun sürməyən "quru" oyunlar seriyası da qeydə alınmışdı. Açığı, klub rəhbərliyinin Abdullayevi yazın ilk ayında başqasıyla əvəzləyəcəyini gözləmirdim. Hərçənd hədəflərindən uzaq düşən komandanın bu gedişlə heç nəyə nail olmayacağı da göz önündəydi.

"Sükan"ın millidəki fəaliyyətini yekunlaşdırandan və bir müddət dincələndən sonra "Neftçi"də çalışan Vəli Qasımova tapşırılmasını isə maraqla qarşıladım. Bəli, azərbaycanlı futbolçular üçün şirin yuxu sayılan İspaniya və Portuqaliyada top qovmuş Qasımov məşqçi kimi özünü təsdiqləməmiş biridi. Əsas yığmada Foqtsun köməkçisi olduğu müddətdə ön plana çıxmaq şansı yox idisə, U-19-dakı işindən də ağızdolusu danışmaq çətindi. 47 yaşlı mütəxəssisin indiyədək özünü göstərmək imkanı qazanmaması da faktdı. Nə yerli köməkçilərinə yuxarıdan aşağı baxan, yardımçılarıyla hesablaşmağı sevməyən Foqtsun yanında, nə də U-19-dakı imkanlar klubda çalışmaq təklifi ilə müqayisə oluna bilməz. Özü də məhz "Neftçi"nin baş məşqçi postu SSRİ çempionatında 5 il bu komandanın formasını geyən sabiq forvard üçün əlamətdar hadisədi.

Özünütəsdiqdən, yaradılan imkandan danışırıqsa, 5-ci "onluğ"un son illərini "xərcləyən" Qasımov hələ gecikməyib. Düzdü, bir sıra çalışdırıcılar karyerasını bitirəndən məşqçiliyə, sözünü vaxtından əvvəl deməyə başlayır. Ancaq zaman və məkan anlayışı da unudulmamalıdı. Məncə, 47 yaş gec deyil.

Qasımovu başqalarından, ölkənin sayılıb-seçilən mütəxəssislərindən yaxşı mənada fərqləndirən məqam da var: rus diliylə yanaşı, ispan və portəgiz dillərini də bilməsi. Komandadakı əcnəbilərlə tərcüməçisiz ünsiyyət böyük yox, çox böyük üstünlükdü. Bildiyiniz kimi, futbolda, eləcə də başqa kollektiv idman növlərində idmançıyla fərdi söhbət xüsusi önəm daşıyır. Səmərəli ünsiyyət psixoloji hazırlığın özülüdü və vacib oyunların nəticələrində əksini tapır. Şübhəsiz, gəlmə yetirmələrinə jestlərin və tək-tük terminlərin köməyi ilə nəsə başa salmağa çalışan, çox vaxt istəyinə arzuladığı səviyyədə çatmayan istənilən baş məşqçi ünsiyyət probleminin çətinliklərini dadıb. Yuxarıda qeyd etdiyim kimi, Qasımovun bu yöndə zorlanmayacağı dəqiqdi.

Hücumçu olmuş adamın müdafiə futboluna "yox" deyəcəyi də bəlli gerçəklikdi. "Neftçi"nin formasında 60-a yaxın qol vuran adam komandadaxili ab-havanı lazımınca tənzimləsə, yaya qədər perspektiv vəd edən oyun modelini ortaya qoysa, ilkin mərhələdə işinin öhdəsindən gəlmiş olacaq.

Əzəli rəqib "Xəzər Lənkəran"la oyunda 2:0 hesablı qələbə və ölkə kubokunda yarımfinala vəsiqə sevinciylə başlayan Vəli bəyin premyer-liqa matçlarında hansı dəyişikliklərə meyillənəcəyini həvəslə gözləyirəm. Qasımovlu "Neftçi"də yenilik, ekzotika qoxusu var. Sizi bilmirəm, mənə səviyyəli çempionatlarda top qovmuş forvardın işini yaxından təqib etmək zövq verəcək.

Fikirlərini bizimlə bölüş!