Samir Əliyevin yerini Əsgər Abdullayevin tutacağını ağzı əmzikli uşaq da bilirdi. Adətən, idman direktoru postuna gətirilən mütəxəssis işiylə vidalaşmağa hazırlaşan çalışdırıcı-nın xələfinə çevrilir.
Düzdü, Abdullayev "Neftçi"də idman direktoru yox, Müşahidə Şurasının üzvüydü. Amma bu fakt köhnə ənənənin pozulması anlamına gəlməməlidi. Fərqi nədi, əsas odu ki, namizəd öncədən müəyyənləşdirilmiş və kluba dəvət olunmuşdu. Qeyri-adi nəsə baş vermədi. Bir müddət öncə istefası qəbul edilməyən gənc mütəxəssis "təkəri partlayan" ağ-qaraların "sükan"ını yaxın keçmişdə rəhbərliyi altında oynadığı Əsgər bəyə təhvil verdi. "Neftçi"də keçirilən srağagünki toplantıya, belə desək, təhvil-təslim yığıncağına geniş yer ayırmaq niyyətində deyiləm. Bir-birinə uğurlar arzuladılar, təşəkkür etdilər, gəlişi-gözəl sözlər dedilər, yekunlaşdı.
Bəlli struktur dəyişikliyinin ardından iddialılar cərgəsindən çıxan "Neftçi"də Abdullayev dönəmi başlayır. Təbii, hər başlanğıcın bir sonu var. Növbəti vida, təhvil-təslim prosesində geriyə boylananların nə iş görəcəyi mətləbə çatanda üzə çıxacaq. İndidən münəccimlik etməyə can atmıram. Real əsası olan bir sıra məqamlar üzərində dayanmaqda qərarlıyam.
Həqiqət budu ki, Əliyevli "Neftçi" yaxşı komanda olduğunu isbatlamağı bacarmadı və futbol ictimaiyyəti Bakı klubunun Müşahidə Şurasının varlığı fonunda irəli iməkləmək əvəzinə geriyə süründüyünə şahidlik etdi. Nəinki futbol klublarında, bütün qurumlarda uyğun sayılan, həyata keçirilən yenidənqurmalar inkişafa, yüksəlişə hesablanır. Yəni köklü dəyişikliklər camiəni məqsədə doğru aparmalıdı. Aparmırsa, aparacağına inanan azdısa, deməli, strukturun özündə ciddi çatışmazlıqlar, problemlər var.
Hər kəs eyni fikirdədi. İşsiz mütəxəssislər, qələm əhli, klubun idarəçiləri və başqaları… Elə son toplantıda "hazırkı nəticələr məni də qane etmirdi. Komandanın potensialı bundan artığına imkan verir. Heyətdəki futbolçuların böyük potensialı var və "Neftçi"ni daha yüksək yerlərə daşıyacaq gücdədilər" deyən Əliyevin açıqlamasından da eyni məntiq boy göstə-rir. Razıyam, flaqman indiki potensialla premyer-liqada zəfər üzünə həsrət qalan "Rəvan"ı sevindirməməliydi.
Gah başqalarına, gah da özünəməxsus imic formalaşdırmış Bəhmən Həsənova tapşırılan "sarı-qırmızılar"a uduzmaq yaşana biləcək ən rüsvayçı fiasko idi. Ancaq bu komandanın Abdullayevin gəlişindən sonra xarüqələr yaradacağını düşünənlər də gerçəklik-lə romantikanın sərhədlərini müəyyənləşdirməyi bacarmayan adamlardı. "Neftçi"nin bəzi futbolçularının potensialından aşağı səviyyədə çıxış etməsinin səbəbləri dəqiq müəyyənləşdirilməli, səviyyəsi ağ-qara formanı geyməyə imkan verməyənlər komandadan uzaqlaşdırılmalıdı.
Heyətə bu yay qatılan əcnəbilər legioner statusuyla yerlilərdən yaxşı deyilsə, yaxşı olmamaqla yanaşı, meydanda can qoymursa, hansı potensialdan danışırıq? Düzdü, gətirilən əcnəbilər böyük paralar bahasına başa gəlməyib. Lakin futbolda "200 mindən az məvacib alan legioner pis oynamalıdı" tipli anlayış yoxdu. Faydasız legionerlərin faydalı olacağına kim təminat veribsə, kim məsləhət görübsə, indiki durumun əsas səbəbkarları odu. Bu başqa məsələ ki, Əliyev sərəncamındakı ən zəif bəndlərin siyahısını vaxtında açıqlamalı, "filankəsdən "Neftçi"yə yar olmaz" mesajını Müşahidə Şurasına çatdırmalıydı. Ardıcıl 3 il çempionluğu bayram edən, ölkə futbolu tarixində ilkə imza ataraq Avroliqanın qrupuna vəsiqə qazanan klubun uğurlarını məşqçilərin adıyla bağlamaq olmaz. Məgər Böyükağa Hacıyev dahiydi? Dahi olsaydı, bu gün təkliflər yağışında islanardı.
Ödənişli legionerlərin, yaxşı büdcənin nəticələrə təsir etdiyini danmıram. Büdcə çox şey deməkdi. Fəqət ödənişli legionerlərin sabit oyun sərgiləməsinə, onların komandanın gücünə güc qatmasına nail olmaq da böyük şərtdi. Futbolçu məşqçidən əvvəl rəhbərliklə hesablaşmağın xofunu daim içində gəzdirməlidi.
Müdafiə futboluna üstünlük verən çalışdırıcı kimi tanıdığımız Əsgər bəyin sevdiyi oyun modelini "Neftçi"də tətbiq etməsi üçün münbit şərait görmürəm. Hazırkı heyət "dəmir sədd" fəlsəfəsinin işləməsinə imkan verməz. Necə deyərlər, hər çörəyin öz xəmiri var. Heç bakılıların müdafiə futboluyla uğur qazanmağa çalışması azarkeşləri də qane etməz. Baxımsız futbol və əbədi ortabab statusuyla barışıblarsa, başqa məsələ…




Fikirlərini bizimlə bölüş!