1997-ci ilin dekabrı idi. Əslində, kimi, nəyi itirdiyimizi tam anlamadan, bir az da sadəlövhcəsinə izdihama qoşulub II Fəxri Xiyabana tərəf gedirdim. İdman jurnalistikasına təzə başlamışdım, ən azı fanat kimi Anatoli Banişevskinin kim olduğunu bilirdim, amma dahini itirməyin necə ağır hadisə olduğunu hələ bir müddət sonra anlayacaqdım.
İndiki idman akademiyasından götürülən cənazəni dəfnə aparan izdiham o zaman metronun “Gənclik” stansiyası ətrafındakı bütün yolların bağlanmasına səbəb olmuşdu. Dəqiq yadımdadı, heç kəs tıxacdan gileylənmir, heç kəs yolların bağlanmasına görə narazılıq etmirdi. Hamı sükut içində gedən karvana baxır, hadisənin səbəbkarına görə təəssüflənirdi. Sağlığında layiq olduğu qiyməti verə bilmədiyimiz əfsanə çiyinlərdə əbədi mənzilə aparılırdı.
***
Bu gün səhər Banişevskinin qəbrini ziyarətə getmişdik. 70 yaşını qeyd etmək üçün…
51 yaşında bizə vida edən “Banış”ı ziyarət etməyə çox adam gəlməmişdi. Bəlkə də çox idi, amma layiq olduğu qədər deyildi. Görünür, ötən illər “Bürünc-66”nın sağ üzvlərinin sayı kimi, onun ruhuna olan hörmətimizi də azaldıb.
AFFA-nın baş katibi Elxan Məmmədov başda olmaqla, qurumun bir sıra rəsmiləri, AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, veteranlar – Çingiz İsmayılov, Kazbek Tuayev, Rüstəm Rəhimov, Arif Əsədov, Ağasəlim Mircavadov, Oqtay Abdullayev, İsgəndər Cavadov, Aydın Ələkbərov, Asim Xudiyev, Ağarza Rzayev və başqaları ilə yanaşı, “Neftçi” də anım ziyarətində idi. Banişevskinin heç bir kluba dəyişmədiyi “Neftçi”nin bütün rəhbərliyi, Müşahidə Şurasının sədri Çingiz Abdullayev və əksər şura üzvləri Fəxri Xiyabanda idi.
Üzərində mərhum “9 nömrə”nin şəkli, hansısa xatirə nişanəsi olmasa da, klub avtobusu digər əməkdaşları da ziyarətə daşımışdı. Müxtəlif vəzifə sahibləri, idman direktoru, seleksiyaçı məşqçi, mətbuat katibi və başqaları ilə yanaşı, futbolçulardan ibarət kiçik dəstə də orada idi.
Hamı ehtiram əlaməti olaraq məzarın üzərinə qərənfillər düzdü, rəsmi hissə oldu, Rüstəm Rəhimovun ssenarisi üzrə Elxan Məmmədov, Çingiz Abdullayev, Çingiz İsmayılov, İsgəndər Cavadov, mərhumun həyat yoldaşı nitq söylədi, xatirələri bölüşdülər.
Vəssalam, bitdi, hamı dağılışdı.
***
…Yox, bitmədi. Mərhumun qəbrindən giriş darvazasına qədər olan yolda daha bir dəfə dayandıq. Həyatda olduqları vaxt hücumçu Banişevskini fitlə dayandıran Tofiq Bəhramovun qəbrini də ziyarət etdik. Sanki “Banış”ı ziyarət etməyə gedəndə biz, ya da biz mərhum hakimi “görmədik”, qayıdanda ofsayda düşmüş kimi dayandıq.
***
Tədbir daha izdihamlı ola bilərdi. Nadir Qasımov və daha bir neçə nəfər biz xiyabanı tərk edəndə gəldi, ancaq elələri də var idi ki, gəlməyə borclu olduqları halda görünmədi. Bəlkə də üzrlü səbəbləri var, deyə bilmərəm, amma Azərbaycan futbolunun ən parlaq simasını heç olmasa, yubileyində anmaq borcdu. AFFA-nın daha geniş tərkibli rəhbərliyi, bütün milli komandaların məşqçiləri orada olmalı idi. Robert Prosineçkini hətta məcburən ora gətirib onun düşüncəsindəki “Azərbaycanda futbolçu yoxdu” şübhəsinə sillə vurmaq əla olardı.
“Neftçi” tədbirə Ruslan Qurbanov, Məhəmməd Qurbanov kimi milliləşənlərlə qatılmışdı, amma komandanın kapitanları – Araz Abdullayevlə Aqil Məmmədov da sarğının kimdən onlara miras qaldığını dərk etmək üçün orada olmalı idi.
Komandanın bir çox gənc üzvləri çələng daşımaq üçün gətirilmişdi, amma bütün yeniyetmələr əyani dərs üçün, oxşaması gərəkən kumir görmək üçün o qəbri ziyarət etməli idi.
Komandanın bir sıra məşqçiləri, aşağı yaş qruplarında çalışanlar tədbirdə idi, amma əsas komandanın baş məşqçisi Əsgər Abdullayev də əlində qərənfil matəm sükutuna qatılmalı idi.
Komandanın legionerlərindən heç kim “Banış”ın qəbri qarşısında baş əyməyə gəlməmişdi, amma hamısı, xüsusilə əfsanənin mövqeyində oynayan hücumçular orada olmalı idi. Bəlkə də Anyete bu ziyarətini neçə vaxtdı oynadığı “Neftçi”də ilk qolunu vuracağı, Nikolas Kanales üçüncü dəfə qayıtdığı komandada yenidən forma geyəcəyi günə saxlayıb.
***
Beləcə əfsanənin, Azərbaycan futbolunun ən böyük simasının 70 illiyini 70 dəqiqəyə yad etdik. Cəmi 70 dəqiqəyə…
Bu gün Mərdəkanda final oyunu da var idi. Heç kimlər arasında, neçə komandanın iştirakı ilə keçirildiyini bilmədiyimiz yarışın finalı… Banişevskinin doğum gününə həsr olunmuş bu yarışla bağlı əlavə informasiya yoxdu, sadəcə, ziyarət zamanı öyrəndim ki, belə bir yarış keçirilir. AFFA-nın rəsmi saytında isə bu haqda bir sətir də tapa bilmədim. Sabah konfransda hesabat təqdim olunanda bəlli olacaq ki, bu yarışa necə böyük məbləğlər gedib, amma görülən işin təbliği heç kimi maraqlandırmır.
Düşündüm ki, bəlkə Banişevskinin 70 illiyi ilə bağlı başqa da hansısa tədbirlər olacaq. Maraqlandım, bir şey deyən olmadı.
“Neftçi”ni, Bakını özündən belə çox sevən adamı qəbrindən başqa xatırladacaq heç nə yoxdu. “Banış”a dəxli olmayan Masallıda onun adına bir stadion var, orada futbol oynandığını xatırlamaq belə olmur, indi bazar yeridi, gözdən-könüldən uzaq xarabazara çevrilib. Yaşadığı evin qarşısındakı lövhəni saymasaq, bir heykəli, büstü – heç nə yoxdu. Ən pisi isə bu deyil, Banişevskinin heç olmasa qəbri var, sabah Əhməd Ələsgərovun yubileyini harada qeyd edəcək, onu harada anacağıq? Məzarı Ukraynadadı, ölkə futbolunda misilsiz izlər qoysa da, vətənində arxasınca düşüləcək izi də yoxdu.
“Bakcell Arena”nı başa düşdük, sponsora görə belə adlandırılıb, oradan pul gəlir, ancaq heç olmasa, Bayıldakı, Mərdəkandakı yeni stadionlara Banişevskinin, Ələsgərovun adını vermək olmazmı? Baxmayaraq ki, hər ikisi məhz “Neftçi”nin ev oyunlarını keçirdiyi stadionda şərəfləndirilməyə daha çox layiqdilər.




Fikirlərini bizimlə bölüş!