"Kəpəz"in əvvəlki idarəetmə strukturunda 2-3 nəfər futbol adamı vardı. Onlardan biri də mətbuat katibi Azad Mustafayev idi. O, ölkə futbolunun həm cikini, həm də bikini bilən adam sayılırdı. Yeni rəhbərlik isə böyük səhvə yol verərək Azad bəyi klubdan uzaqlaşdırdı.
Ötən həftə Azərbaycan kuboku püşkatma mərasimində iştirak edirdim. "Kəpəz"i təmsil edən şəxs media və marketinq departamentinin rəhbəri Gəray Qiyasov idi. Ancaq mərasimdən sonra PFL-in texniki idman direktoru Elgiz Abbasovun brifinqində Gəray bəy Real TV-nin əməkdaşı kimi reportaj hazırlayırdı. Bu vəziyyət mənə həm qəribə, həm də anlaşılmaz göründü. Dostlardan maraqlandım, məlum oldu ki, Gəray bəy Real TV-də fəaliyyətini davam etdirir və "Kəpəz"in media işlərini də elə ordan idarə edir. Əslində, bir tərəfdən baxanda ağıllı addımdır – hər an rəhbərlik dəyişə bilər, onda həm bu işini, həm də oradakı fəaliyyətini itirmiş olar.
"Kəpəz"lə bağlı başqa maraqlı bir məqam da var. Sən demə, klub rəhbərinin media və marketinq məsələləri üzrə Pərvin adlı xanım müşaviri də var imiş. Hansı ki, Gəray bəydən yuxarı vəzifədə. O da departamenti Londondan onlayn şəkildə idarə edir. Bütün xəbərlər Gəncədən Londona göndərilir və "dumanlı albion"dan Nizami yurduna ''ok'' gələndə paylaşılır.
Adnan Əhmədzadənin can-ciyərləri, ən güvəndiyi adamları "Kəpəz"i belə idarə edirlər…
Adil Vəliyev də şəkildən baxıb, hamıya gülür)
Elsevər MURADZADƏ




Fikirlərini bizimlə bölüş!