Azərbaycan futbolu

Xəbərlər və təhlillər

AFFA məktubla özünü gülüş obyektinə çevirdi

AFFA tanınmamış Dağlıq Qarabağ Respublikasının (DQR) futbol aləmində istənilən addımına sərt reaksiya verməyə çalışır. Bu dəfə federasiya iyunun 1-dən 8-dək İsveçdə Tanınmamış Futbol Assosiasiyaları Konfederasiyası (ConİFA) tərəfindən tanınmamış dövlətlər arasında dünya çempionatınında DQR yığmasının iştirakına etiraz edib. Əvvəlcə etiraz məktubunu nöqtə-vergülünə kimi diqqətinizə çatdırıram.

“2014-cü il iyunun 1-dən 8-dək İsveçdə Tanınmamış Futbol Assosiasiyaları Konfederasiyası (ConİFA) tərəfindən tanınmamış dövlətlər arasında 1-ci dünya çempionatının keçiriləcəyi barədə məlumat yayılıb. Turnirdə qondarma Dağlıq Qarabağ respublikasının da yığma komandasının iştirak edəcəyi məlumatda öz əksini tapıb. Bununla əlaqədar Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Tanınmamış Futbol Assosiasiyaları Konfederasiyasına məktubla müraciət edərək qondarma Dağlıq Qarabağ respublikasının Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycan torpaqlarında elan olunduğunu, bu respublikanın heç bir dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmadığını qeyd edib, tanınmamış dövlətlər arasında 1-ci dünya çempionatında zəbt olunmuş Azərbaycan ərazilərini təmsil edən komandanın iştirakını qəti şəkildə pisləyib və buna kəskin etirazını bildirib.

Qeyd edək ki, turnirin İsveçdə keçirilməsi nəzərdə tutulduğu üçün məsələ ilə bağlı İsveç Futbol Federasiyasına və FIFA-ya məktub göndərilib.”

Bax, bu bəh-bəhli məktub AFFA-nın rəsmi internet səhifəsində yerləşdirilib. Nədənsə federasiyaya gələn cavab barədə elə həmin ünvanda bir kəkmə də yazılmayıb. Yəqin xəbərləri yoxdu. Ona görə də cavab məktubunun məğzini diqqətinizə çatdırıram: “Əslində ConİFA məhz buna görə yaradılıb – təmsil olunmayan regionlar, insanlar, ölkələrərə özünü futbol vasitəsi ilə sübut etmək şansı vermək üçün. Dağlıq Qarabağ heç kimin nəzarəti altında deyil və Artsaxın Futbol Federasiyası nə FİFA-ya, nə AFFA-ya tabe deyil. Biz bu dəvətin qüvvədə olduğunu bəyan edirik”…

Əslində bu cavabı almazdan öncə də təxmin etmək olardı ki, ConİFA məhz belə bir məktubla çıxış edəcək. Axı bu yetimlərin adından da görünür ki, rəsmi qurum deyillər. Bir növ dəvəsi ölmüş ərəbləri birləşdirən digər dəvəsi ölmüş ərəbin qurduğu geydirmə təşkilatdır. Məgər bunun üçün elm oxumaq lazımdı? Bir halda ki, bu yetimlərin adından görünür ki, tanınmayanları birləşdirirlər, həmin təşkilata etiraz göndərməyin adı nədi? “Xala xətrin qalmasın!”

Məktubun surəti FİFA və İsveş Futbol Federasiyasına göndərilib. Yenə də ortaya sual çıxır: FİFA-nın əlində hansı rıçaq mexanizmləri var ki, ConiFA-nın bu turnirini dayandırsın? Necə deyərlər “keçəl dərman bilsə, öz başına sürtər”.

Nəhayət, sonuncu məqam. Məktubda bu dünya çempionatı ilk belə yarış kimi qələmə verilib. Əslində isə bu yarış iki ildən bir keçirilir və ənənəvi xarakter daşıyır.

Yeri gəlmişkən, Ermənistan mətbuatı da AFFA-nın bu məktubunu gülünc obyektinə çevirib: “Bir tərəfdən deyirlər Artsaxı tanımırıq, digər tərəfdən də şikayət edirlər ki, tanınmayan ölkələrin dünya çempionatında iştirak etməyək. Bir halda ki, tanınmayan ölkələrin çempionatında iştirakımızı istəmirlər, deməli, 2018- ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə mərhələsində iştirakımıza razıdırlar”.

Qısası, məktub yazanda, əvvəl düşünmək lazımdı, bunun səsi hardan çıxacaq? Məşəd İbad demiş “Bunu gətirəndə baxmazlar, arvaddı, yoxsa kişi”?

“Het-trik news”

Fikirlərini bizimlə bölüş!