Bir həftə əvvəl “Robert Prosineçkiylə bir illik müqavilə bağlanacaq” deyib, bir həftədən sonra “Prosineçkiylə üç illik müqavilə bağladıq” deyən Rövnəq Abdullayevin iki açıqlaması arasındakı uçurumu qoyuram bir kənara. Heç sizə də məsləhət görmürəm ki, AFFA prezidentinin yaratdığı “uçurum”a düşəsiz. Rövnəq Abdullayev çoxdan, bəlkə elə AFFA prezidenti təyin olunduğu ilk gündən federasiyaya, Azərbaycan futboluna nəzarəti, söz sahibi olmaq haqqını itirib.
Robert Prosineçkinin cikini-bikini bilmədiyi bir komandadan danışarkən “artıq hücum futbolu oynamaq vaxtıdı” deməsini də sərsəm iddia kimi tullayın bir kənara. Berti Foqts yeddi ilə bu komandaya müdafiə olunmağı öyrədə bilmədi, xorvat üç ilə hücum etməyi öyrədəcək? Adam, sən bizim Premyer Liqanın son illərdəki bombardirlərinə bax, gör orda bir azərbaycanlı futbolçu tapa bilirsənmi? Burda yekə bir gülüş işarəsi))).
Klublar Komitəsi ideyası kimə məxsusdu? Çox güman, Elxan Məmmədova. Bunu bura yazıram, altından da yekə bir xətt çəkirəm: Bu komitənin Azərbaycan futbolunda heç bir rolu, mövqeyi, faydası olmayacaq.
Azərbaycan Premyer Liqasında cəmi-cümlətanı 9 klub mübarizə aparır. Hesablasan, lap dərinə getsən, bu klubların 99 faizi bir cibdən – Azərbaycan neftindən, deməli, SOCAR-dan maliyyələşir. Azərbaycan Premyer Liqasını keçirən qurumun rəhbəri Rövnəq Abdullayevin “bajoğlu”su Ramin Musayevdi. Ramin Musayev hər mövsümün əvvəlində 9 klubun 9 rəhbərliyinə 999 söz verir, 999 oyundan çıxır. Amma nə olur olsun, Ramin Musayev Rövnəq Abdullayevin “bajoğlu”sudu və özü nə qədər futboldan uzaq olsa da, PFL prezidentinə arxa-dayaqdı.
Klublar Komitəsi ideyası ilk baxışdan PFL-ə alternativ komitə təsiri bağışlayır. Bu, dəqiqdi ki, Klublar Komitəsi ideyasını Ramin Musayev verməyib. Elxan Məmmədov? Hə, buna inana bilərsiz. Baş katib Klublar Komitəsiylə nəyə nail olmaq istəyir? Öz “səltənət”ini genişləndirməyə, səlahiyyətlərini artırmağa, millilərlə kifayətlənməyib, Ramin Musayevin “bazar”ına – Premyer Liqaya da şərik olmağa. Ancaq uğurlu gediş deyil. Ümumiyyətlə, Azərbaycan kimi ölkədə birlik yaradıb, onu özünə tabe etdirmək cəhdləri heç bir halda uğur gətirmir. Klublar Komitəsinin AFFA-ya guya hansısa tövsiyələrdə bulunacağına isə ürəyiniz istədiyi qədər gülün. Bax, belə)))
Məşqçilər Komitəsi deyilən zada gəlincə…
Sadə bir misal. Deyək ki, siz bir evin kişi, başçısısız. Günlərin birində axmaq qonşularınız yığışıb, qonşular birliyi yaratmaq qərarına gəlir. Bu qonşular birliyinin əsas məramı da sizin kişisi, sahibi olduğunuz evin taleyinə, yaşam qərarlarına müdaxilə etmək, məsləhətlər verməkdi. Ola bilərmi belə bir şey?
Azərbaycan millisinin baş məşqçisi, KİŞİSİ Robert Prosineçkidi! Bu millinin sahibi isə Elşad Nəsirov-Elxan Məmmədov tandemidi. Vaqif Sadıqov, Ağasəlim Mircavadov, Şahin Diniyev və Böyükağa Hacıyevdən ibarət Məşqçilər Komitəsi bu KİŞİLƏRƏ yol göstərib, məsləhət verəcək? Elşad Nəsirovla Elxan Məmmədov 7 il 9 milyonluq xalqın “Foqtsu rədd edin getsin” xahişinə, tələbinə, yalvarışlarına məhəl qoymadı, indi dörd sıradan məşqçinin çaldığı havaylamı oturub-duracaq?
Üzünüzə təbəssüm yayılsın, gülün. Bax, belə))).
Kürşad




Fikirlərini bizimlə bölüş!