Azərbaycan futbolu

Xəbərlər və təhlillər

AFFA-nın “çörəkçiləri”

Yaddaşımı vərəqləyir, AFFA-dakı hakimiyyət mübarizəsinin qızğın vaxtlarını xatırlayıram. Fuad Musayev hər tərəfdən mühasirəyə alınmış, klublar çempionatda iştirakdan imtina etmişdilər. UEFA-nın “sülhyaratma missiyası” gəlir-gedir, tərəfləri barışdırmağa çalışırdı. Amma “yuxarıdan” dəstək görən müxalifət geri çəkilmək fikrində deyildi və hədəf dəyişməzdi: Fuad Musayev getməlidi, vəssalam! Lazım gəlsə, 10 il Azərbaycanda futbol meydanlarını boş qoymaq, millimizin və klublarımızın Avropanın futbol ailəsindən təcrid olunmasına da dözmək olardı, təki Musayev istefa verməyə məcbur edilsin. Həmin gərgin günlərdə xarici səfərdən qayıdan mərhum ölkə başçısı Heydər Əliyevə jurnalistlər AFFA-dakı münaqişəylə bağlı sual ünvanladı. Prezidentin qısa və konkret cavabı özlüyündə böyük məna daşıyırdı: “pinəçi ayaqqabı tikməli, çörəkçi çörək bişirməlidi. Futbolu da peşəkarlar, futbolçular idarə etməlidi. Hər sahənin öz adamı var.” Atalar demişkən: “çörəyi ver çörəkçiyə, birinə də üstəlik”.

Çevriliş baş tutdu, Fuad Musayev bərk-bərk yapışdığı kreslosundan əl çəkdi. Hər kəs sevinc içindəydi. Hamı inanırdı ki, Musayevin hakimiyyətə yaxın kadrla əvəzlənməsi neft pullarının futbola axınına səbəb olacaq. Pul isə özüylə inkişaf və qələbələr gətirəcək. Lap orta məktəb kitablarında kommunizmi vəsf edən hekayələrdə olduğu kimi. Gözümüzü yumub-açacayıq, görəcəyik ki, Azərbaycan futbolunda əsl kommunizm yaşanır. Millimiz qələbələri sıralayır, böyük turnirlərin final mərhələsinə vəsiqə qazanmışıq. Həsən Hüseynov, Əli Məmmədov, İntiqam Vəliyev Avropanın aparıcı klublarından gələn dəvətləri götür-qoy edir, klublarımız dolu tribunalar qarşısında bir-biriylə çempionluq mübarizəsi aparır…

Heç birisi reallaşmadı. Musayevə müxalif olan qüvvələrin təşkil etdiyi “zəhmətkeş piketləri”ndə iştirakçılara millinin böyük hesabla məğlub olduğu oyunların adları yazılmış plakatlar paylayırdılar. AFFA-dakı hakimiyyət dəyişikliyi, sel kimi axan neft pulları futbolumuzda nəyi dəyişdi ki? Futbolçular da varlandı, futbol qurumunda rəhbər vəzifədə çalışanlar da. Meydanda sərgilənən futbol isə indi daha bərbaddı. Yenə də Azərbaycan millisi qitənin qapazaltısı, “cırtdan” ölkələrin sıra yoldaşıdı. Böyükhesablı məğlubiyyətlər yenə qismətimizdədi. Millimiz son ay yarımda keçirdiyi üç qarşılaşmanı məğlub başa vurub, qapısından 14 top buraxıb. AFFA-nın tətbiq etdiyi sərt limit qaydaları belə yerli futbolçuların səviyyəsini artırmır, klublar start heyətdə meydana buraxmağa azərbaycanlı futbolçu tapmır. Gözlər “pasport stol” vəzifəsini icra edən Elxan Məmmədovun milliləşdirəcəyi geydirmə əcnəbi futbolçulara dikilib. AFFA-da tam bir diktatura rejimi hökm sürür. Veteranlar yaltaqlıq xəstəliyinə mübtəla olub, İK üzvləri barmaq işarəsiylə toplantılarda səs verir, dilini dinc qoymayan futbolçuların üzünə millinin qapıları bərk-bərk bağlanır. Ölkə çempionatının oyunları boş tribunalar önündə keçirilir, stadiona gələn azarkeşlər də polislərin təhqirinə məruz qalır, həbsə atılır. Azərbaycan premyer-liqasında vur-tut 10 komanda iştirak edir, özü də milli çempionatdan daha çox paytaxt birinciliyini xatırladır. Deməli, mərhum ölkə başçısının sözləri reallaşmayıb, AFFA-ya əsl futbol adamları, peşəkarlar gətirilməyib. Gətirilsəydi, Azərbaycan futbolu xirtdəyəcən problem içində çabalamazdı.

Bizim futbolun problemi təkcə Berti Foqts deyil, AFFA-nın binasında oturan qeyri-peşəkar idarəçilər, işbaz məmurlardı. Millimizin biabırçılığına görə Foqts hesabat verməlidisə, futbolumuzun bəlalarına görə AFFA rəhbərliyi cavabdehdi. Foqtsu göndərib, Lövü gətirsəniz də hazırki idarəçilər və siyasətlə heç bir nəticə əldə olunmayacaq. Çünki futbol qurumunun binasında peşəkar çörəkçilər yox, öz ciblərini və qarınlarını düşünən “çörəkçilər” oturub. Ölkə futbolunun inkişafı Foqtsu Azərbaycandan qovmaqla yanaşı AFFA-nı həmin “çörəkçilər”dən təmizləməkdən keçir.

Amal ABUŞOV

Fikirlərini bizimlə bölüş!