Azərbaycan futbolu

Xəbərlər və təhlillər

AFFA-NIN GƏZƏYƏNLƏR KLUBU

AFFA-nın təsis etdiyi son iki orqan hələlik Klublar və Məşqçilər Komitəsidi. Bünövrəsi baş katib Elxan Məmmədov tərəfindən atılan kiçik qurumların geridə qalan 1 ilə yaxın müddətdə göstərdiyi fəaliyyəti bir tərəziyə qoymaq olmaz. KK Premyer Liqa klublarının maraqlarını təmin etmək gücünə yiyələnib, özünü doğruldur. Elita mənsublarının teleyayımdan ilk dəfə vəsait qazanması, qərəzli hakimliklə bağlı vahid mövqe sərgilənməsi, öz aralarındakı problemləri çözmək yönündə fəallığı və digər məsələlər komitənin aktivindəki «plyus»ların bir hissəsidi. Təəssüf ki, Klublar Komitəsinə icra və nəzarət mexanizmi yaratmaq səlahiyyəti verilməyib.

Məşqçilər Komitəsində isə Vaqif Sadıqovun sədrliyi ilə 4-5 boşboğaz bir araya gəlib. Ağasəlim Mircavadovu istisna etsək, qalanları bir bezin qırağıdı. Sadıqov futbol ictimaiyyətində ən nüfuzsuz adamlardan biridi. 20 ildən artıq məşqçi kimliyi ilə millilərdə, klublarda işləyib, nəticə əldə etməyib. Təpədən-dırnağa uğursuzdu, perspektivi çürük qoza dəymir. Yenə Mircavadov hardasa hörmətə layiqdi, ölkənin titullu və ən təcrübəli mütəxəssisidi. İstər SSRi, istərsə də müstəqil Azərbaycan futbolu tarixində ən güclü klubları çalışdırıb, çoxsaylı medallarla şəxsi muzeyini zənginləşdirib.

O birilər nə edib? Hansı uğurun sahibidi? Şakir Qəribov tıxsız balıqdı, qarın otarmaq üçün federasiyanın bir küncünə çəkilib. Böyükağa Hacıyev isə haqqında uzun-uzadı danışılmağa, tanıdılmağa gərəyi olmayan «kukla»dı. Vaxtilə «Araz Naxçıvan»ı dağıdan, «Bakı»da Nail Əliyevlə Zeynal Məmmədovun hesabına 8 tura çempion edilən, «Neftçi»də Sadıq Sadıqovun təzyiqi, əlinin duzu ilə boyun-sinəsindən medal asan, nə yoğurub, nə yapan, hazırca kökə tapan «Barbi»di.

Haqqlı iraddı, məşqçilik illəri hədərə getmiş Vaqif Sadıqov, "Pro" kateqoriyası ala bilməyən, 4 imtahanın dördündən də kəsilən Böyükağa Hacıyev həqiqi karyera quran, bu yolla irəliləyən mütəxəssislərə nə məsləhət verə, nə öyrədə bilər? Birinin də maddi-mənəvi haqqı çatmır. Futbolumuzun bədbəxtçiliyi bundadı ki, savadsızlar vəzifə başındadı, Əlinin papağı Vəlinin, Vəlinin papağı Əlinin başında fırlanır.

İkinci bir təzad Klublar Komitəsinin ictimai əsaslarla fəaliyyət göstərdiyi halda, Məşqçilər Komitəsinin AFFA-nın rəsmi ştativinə keçirilməsidi. Bu adamlar indiyədək nə edib və indinin özündə olsun, nə edir ki, federasiyadan maaş və qonorar alsın, «yuxarı»nın verdiyi statusdan yararlansın?
Məşqçilər Komitəsinin üzvləri real işlərlə məşğul olmur. 1 ilə yaxın müddətdə onlardan müsbət, yenilik adına nəsə görmədik. Məsləhətləri başlarına dəysin, nəyə naildilər? Dünənədək Berti Foqtsu tərifləyirdilər, bu gün Robert Prosineçkini. Aşağı yaş qrupları üzrə yığmaların hamısı uğursuzluqla yadda qalıb son 1 ildə. Yaşar Vahabzadə, Nazim Süleymanov və Təbriz Həsənov da bunların bir tayıdı. Hamısı bir hədəfə – manata işləyir.

Bu boşboğazlara maaş verib bəsləmək AFFA-ya heç nə qazandırmır. Vaqif Sadıqov və üzvləri yalnız bir onu bilir ki, milli komandalar, klublar səfərə getsin, onlar da qulp olsunlar. Biri penşmandı taxçaya bir mıx çalsın, o dəqiqə gətirib şlyapalarını ordan asırlar ki, biz də sizə yol yoldaşıyıq. AFFA pulu küçədən yığmayıb ki, bu gəzmək düşkünlərinə tur-paketlər təşkil eləsin.

Məşqçilər Komitəsinin adını dəyişdirib Gəzəyənlər Komitəsi qoysunlar, camaat da bilsin ki, bunların iş-peşəsi səfərə çıxanların «lapet»i olmaqdı, başqa bir missiya daşımırlar.
Bu ilin əvvəlində, ötən mövsümün qış fasiləsində MK üzvləri Antalyaya yollandı. Qalın gödəkçə geyinərək, əllərində çətir tutaraq hazırlıq keçən klubların düşərgələrini dolaşan bu yaşlı avaralara 2000-3000 manat əməkhaqqı ona görə ödənilir ki, otellərin İsveç masası ətrafında növbəyə düzülsünlər? Üzlü adamlar olmalarına şübhə yox, AFFA komitəni formalaşdırmağa layiqli namizədlər tapmadımı, yəni? Prosineçkinin Premyer Liqadan olan həmkarlarıyla son görüşünə 1 saatdan artıq vaxt boşuna getdi. Qurban Qurbanovun dediklərinə haqq qazandırmamaq olmur: «Biz bura yığışıb, boş-boş danışırıq. İlin axırıdı, gəlib deyirsiz ki, filan-filan məsələlərə diqqət etmək lazım idi. Bir proqram hazırlayardız, mövsümün əvvəlində gətirib verərdiz bizə, biz də bilərdik ki, bu il nələrə diqqət etməliyik».

Hanı illik fəaliyyət planı? Məşqçilər Komitəsi hər həftənin bazar ertəsi saat 11:00-da AFFA-nın inzibati binasında iclası nə məqsədlə keçirir? Uzunqulaq alverçisi Böyükağa Hacıyevin başqa nədən xəbəri var ki, Qurban Qurbanova, Roman Qriqorçuka, hətta keçmiş köməkçisi, ondan fərqli olaraq "Pro" kateqoriyası alan Tərlan Əhmədova bir öyüd-nəsihət də etsin? Yox bir, proqram… Bakı Olimpiya Stadionunda keçirilən görüşdə həm o, həm də digər üzvlər ağzına su alaraq oturub. Özgə vaxt ideya bolluğundan, islahat bumundan dəm vuran bu boşboğazları yalnız Vaqif Sadıqov əvəzləyib. Hamının yerinə danışıb. Prosineçkini, AFFA-nı, katibliyi tərifləyib, həmişəki kimi, ümumi ifadələrə güc verib, üyüdüb-töküb, sonda Yunis Hüseynovla 1-2 həmkarının «1 ildi sizə müəyyən təkliflər vermişik, heç birinin üstündə işləməmisiz» replikası ilə ağzının üstündən tərs sillə yeyib.

Məşqçilər Komitəsi çalışan, özünü göstərmək istəyən, işinə can yandıran mütəxəssislərə pəl vurur. Yaşar Vahabzadə ilə Nazim Süleymanovu kor-koranə müdafiə etdilər, ikisi də gümanları «islatdı». AFFA-nın Texniki Departamentinin rəisi Bernard Lippert kimi fəaliyyətsizdilər, iş görmək və nəzarət etrməklə araları yoxdu. Havayı pul qazanırlar da, zəhmət çəkmək nəylərinə gərək…
Əslində, bu bacarıqsızlara nəzarət imkanı vermək olmaz. Özlərinə umac ova bilməyən fərsizlər başqalarına əriştəmi kəsəcək? AFFA-da çalışanların əsəblərinə heyranıq – çox möhkəmdi. Vaqif Sadıqovun ucuz sözlərinə və bəlağətsiz boşboğazlığına hələ də dözürlər, qolundan tutub atmırlar eşiyə. Amma o gün də uzaq deyil, bir gün səbr kasası daşacaq.

Komitənin görə biləcəyi yeganə iş AFFA-nın keçirdiyi məşqçilər kurslarını nəzarətə götürməkdi. Federasiya 7 ilə yaxındı "A", "B", "C" və "Pro" kateqoriyalı kurslar təşkil edir. Yüzlərlə fərdə lisenziya verilib. Küçədən keçən, ata-anasından küsən, evdən qaçan, parklarda yatanların, dilənənlərin bir çoxu diplom alıb. «İnter Arena»nın inzibatçısı məşqçilik dərəcəsinə layiq görülür, əzəldən bu sahədə çalışan qalır kənarda. Proses beləmi tənzimlənir? Kimin 500 manatı var, AFFA-nın koordinatoru Anar Şıxəliyevə verir, kursa yazılır. Daha orasına baxan yox ki, məşqçi olmaq istəyən şəxs kimdi, nəçidi, hardan gəlib və hara getmək istəyir. Kateqoriyaya layiq görülənlərin əksəriyyəti savadsızdı. Axı başqa sahədən gəlib də, bir neçə ay, uzağı 1 il oxumaqla, əzbərləməklə, tapşırıqla məşqçi olmaqmı olar? Məşqçilər Komitəsi yaranan bu çatışmazlığı aradan qaldırmayıb da nəyə üstlənəcək? AFFA-ya kürt yatmaq üçün gəliblərsə, başqa məsələ.

Rusiya, Ukrayna, Türkiyə, elə Qazaxıstanın özündə də Məşqçilər Komitəsi fəaliyyət göstərir. Ancaq adları çəkilən bu ölkələrdə MK planlı və məqsədyönlü çalışmaqdadı. Rusiyada yerli futbol ittifaqından ayrılan, müstəqil quruma çevrilən Məşqçilər Komitəsi ilboyu elmi-metodiki vəsaitlərin hazırlanması üzərində işləyir. 12 aya 30-dan artıq kitab-dərslik çap edirlər. AFFA-nın «şüşəbənd»i arxasında gizlənən bu yaşlı qocalar isə bekarçılıqdan bit öldürürlər, əllərini ağdan qaraya vurmurlar. Böyükağa Hacıyev bir qutu yağa oyun, İrana uzunqulaq, ehtiyat maşın hissələri satmasından, Vaqif Sadıqov həmkarlarının ayağının altını qazmasından, Şakir Qəribov İsgəndər Cavadova qoşulub rayonlarda avaralanmağından yaza bilər, amma futboldan yazmağa, gərək, savad olsun.

İlkin VAQİFOĞLU

Fikirlərini bizimlə bölüş!