AFFA 15 minə görə UKRAYNANIN ƏN YAXŞI FUTBOLÇUSUNDAN İMTİNA EDİBMİŞ
Rebrovların, Şevçenkoların Avropa meydanlarında qan elədiyi dövr arxada qaldı. Daha Ukrayna qitənin futbol səmasına yeni ulduzlar bəxş etməyə hazırlaşır. Onların arasında biri xüsusilə seçilir – Yevgeniy Konoplyanka.
Ukrayna futbol məktəbi brendinin son buraxılışı saatlı bomba kimi hazır vəziyyətdədi. Tezliklə “köhnə dünya”ya səs salacağı şübhə doğurmayan Jenyanın transfer bazarında qiyməti artıq 30 milyon avronu ötüb. Amma “Dnepr” tox satıcı kimi 1998-ci ildə Şevanın “Milan”a keçidi zamanı Kiyev “Dinamo”sunun nail olduğu rekordu yeniləməyə hələ tələsmir. Onun sayəsində müəyyən uğurlar əldə etdikdən sonra bunu gerçəkləşdirməyi düşünür. Dnepropetrovsk klubunun pula pul deməyən sahibi İqor Kolomoyskiy əksər yəhudi oliqarxlara xas iti ağlıyla onu da yaxşı bilir ki, Konoplyankanı düşərgədə çox saxlaya bilməyəcək. Beləsini səviyyəsini ötüb keçdiyi yerli çempionatında yapışıb saxlamaq, günah olar. Futbol diliylə desək, “yandırar”. İspaniya, İngiltərə liqaları braziliyalı Neymarla yanaşı səbirsizliklə məhz Ukrayna yığmasının yeni rəmzinin yolunu gözləyir. Hansı ki, o, bir neçə il əvvəl Azərbaycan millisinin qapısından dönüb!
İndi inanılması çətindi. Bu haqda nə Ukrayna, nə də ölkəmizin mətbuatında heç kim, heç vaxt, heç nə yazmayıb. Qəhrəmanımız özü də çoxsaylı müsahibələrində bu barədə bir kəlmə olsun danışmayıb. Görünür, xatırlamaqda maraqlı görünməyib. Amma AZFUTBOL.COM-un aldığı dəqiq məlumata görə, 2006-cı ildə Konoplyanka yeniyetmələr millimizin heyətinə qoşulmaq üçün Bakı səfərinə hazır olub. Ancaq AFFA rəsmiləri son anda onu dəvət etməkdən boyun qaçırıb.
Həmin ərəfədə, indi də populyarlığını qoruyan praktikaya əsasən U-17 yığmasını gücləndirmək məqsədi ilə futbol funksionerlərimiz yaxın xaricdən istedadlı gəncləri heyətə cəlb etməyə başlayıblar. AFFA-nın səsinə səs verənlərdən biri bacarıqlı yetirmələrinin irəli getməyində və bir qədər də maddi vəziyyətini yaxşılaşdırmaqda maraqlı görünən Kirovoqrad Uşaq Futbol Məktəbinin müəllimi Yuriy Kevliç olub. O, əvvəlcə Aleksey Qavrilyuk adlı gənc hücumçusunu Bakıya yollayıb. 1992-ci il təvəllüdlü ucaboy forvard Yaşar Vahabzadənin başçılıq etdiyi məşqçilər korpusu tərəfindən dərhal bəyənilərək, heyətə götürülüb.
Ardından Kevliç daha bir tələbəsini U-17 millimizə təklif edib. Amma Konoplyanka soyadlı sol cinah yarımmüdafiəçisinə görə, bir qədər çox pul istəyib. Qavrilyukdan yaşca böyük olan 17 yaşlı yeniyetməyə görə, 15 min dollar ödəmək AFFA-nın “seleksiyaçılarına” baha gəlib. Ona görə, bir hücumçuyla kifayətlənərək, Konoplaynkanı heç yoxlamağa belə gərək görməyiblər (yoxlasaydılar belə yəqin ki, qiyməti “baha” olduğundan eyni ilə Emin Mahmudov kimi geri yollayacaqlarmış). Baxmayaraq ki, Kevliç Yaşar Vahabzadə və digərlərini israrla onun Qavrilyukdan daha istedadlı olduğuna, böyük gələcək vəd etdiyinə inandırmağa çalışıb. Öyrəndiyimiz qədər “Konoplya”nın indi menecerliyini edən atası da oğlunu Bakıya yollamağı çox xahiş edibmiş. Təəssüf ki, Kevliç yetirməsini layiq olduğundan qat-qat ucuza buraxmaq istəməyib, həmişə israfçılığıyla tanınan AFFA-dakılr isə bu dəfə yersiz xəsisilik nümayiş etdirib. Beləcə, Azərbaycan yığması bəlkə də tarixinin ən dəyərli futbolçusuna qovuşmaq fürsətini əldən verib.
Elə həmin il Kevliç Qavrilyuku və Konoplyankanı eyni zamanda “Dnepr” klubunun düşərgəsinə yollayıb. Hər ikisi Dnepropetrovsk klubunun əvəzedici heyətinə yüksəlib. Qavrilyuk Azəbaycan yeniyetmələr millisində çıxış etdiyi vaxt “Dnepr”in heyətində özünü daha yaxşı göstərməyi bacaran Jenya Ukraynanın U-17 millisinə götürülüb. Tale elə gətirib ki, hər iki kirovoqradlı yeniyetmə “Dnepr”ə düşsə də, Azərbaycan yığmasına çağırılan hücumçu, Vahabzadənin xidmətindən imtina etdiyi gənc qədər irəli gedə bilməyib.
Qavrilyuk sonradan U-19 millimizin heyətində müxtəlif beynəlxalq yarışlarda vurduğu qollarla yadda qalsa da, onun peşəkar futbola keçidi uğurlu alınmayıb. Bir ara Mirbağır İsayevin “Abşeron”a gətirdiyi 195 sm-lik 20 yaşlı forvard hazırda doğma şəhərinin “Zvezda” klubunun ikinci heyətində yer alır. AFFA tərəfindən “işlənmiş material” kimi çoxdan hesabdan silinib, Azərbaycan klublarına isə o, qəti maraqlı deyil. Hərçənd milli Premyer Liqada 1992-ci il təvəllüdlü futbolçunun meydanda olması şərti irəli sürüləndən sonra ölkəmizin vətəndaşı kimi diqqət çəkəcəyini güman etmək olardı.
Konoplaynka isə daha tamam başqa kateqoriyalı futbolçudu. Bu yaxınlarda Ukraynada ilin ən yaxşı futbolçusu seçilib. Bəlkə də vaxtilə AFFA-nın ona görə 15 min dollar ödəmək istəmədiyinə indi çox sevinir. Axı Azərbaycan yığmasına getsəydi, kim bilir onun karyerası necə cərəyan edəcəkdi. Ola bilsin, yeniyetmələr millimizə götürülsəydi belə, sonradan Konoplyanka öz vətəninin xeyrinə yığmasını dəyişərdi. Bütün bunlar ehtimallardı. Fakt isə odu ki, 15 min dollara görə, Azərbaycan bu cür supervingerə sahib olmaq şansını qaçırıb.
AZFUTBOL.COM (04 FEVRAL 2013)




Fikirlərini bizimlə bölüş!