Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Pis futbol haqda pis yazı

AFFA-nı yerli məşqçidən qaçmaqda ittiham etdik, İslandiyadakı 0:5 hesablı məğlubiyyətdən sonra Santuşu göndərib, yerinə yerli – Ayxan Abbasovu təyin etdilər.

Ukrayna ilə 1:1 heç-heçədən sonra eyforiya başladı.

Fransaya səfərdə 0:3 məğlubiyyət də faciədən qurtuluş anlamında xilas kimi idi. Polşada Ukrayna ilə yaxşı oynayıb məğlub olmaq (1:2) isə ümidləri cücərtməkdəydi: deyəsən, düzəlirik.

Elə ordan gələn emosiya ilə İslandiyadan doğma meydanda revanş barədə belə düşünənlər çox idi.

***

Çox pis oynadıq. Epizodlar yaratdıq, xaotik, pərakəndə…

Belə futbol olmur.

Necə ki, AFFA-dan yerli məşqçiyə üstünlük verməyini təxminən hamılıqla tələb edirdik, indi bunun məsuliyyətini də boynumuzdan atmamalıyıq. Milli elə yerli məşqçiylə də həmin millidir. Potensialımız budur. Olanımız budur. Oyunumuz budur.

Daha yaxşı ola bilərdimi?

Bəli, amma yenə uduzacaqdıq. O demək deyil ki, İslandiya bizimçün məğlubedilməzdir. Yox, sadəcə, anlamalıyıq, şimal ölkələrinə qarşı “ikinci mərtəbə” olmamalıdır. Biz İsveçi 3:0 udanda mərkəzdə Eminin “dirijorluğu” ilə qısa/sıx paslaşma oynamışdıq. Haçan belə etməmişik, klub səviyyəsində də, milli səviyyəsində də şimallılara uduzmuşuq. Çünki atletik cəhətdən onlara çatdırmağımız mümkün deyil. Biz bu əskikliyi topu özümüzdə saxlayıb, “dır-dır oynamaqla” kompensasiya edə bilərdik.

Lakin biz nə etdik?

7 nəfərlə müdafiəyə oturduq. Qəribədir ki, Fransaya qarşı səfərdə rəqibi təxminən mərkəzdə qarşılayan milli doğma meydanda İslandiyanı öz qapısı qarşısında qarşılayırdı.

Mərkəzi niyə əldən vermişdik?

Çünki biz heç-heçə niyyətilə meydana çıxmışdıq. Bu amil başda olmaqla, start heyəti, oyun quruculuğu, gedişat və s. təməl amillərin hamısında ciddi boşluqlar buraxdıq.

Toralın meydandan çıxması oyun praktikası zəif olan Abbasın full-taym meydanda qalması harakiri kimi bir şey idi.

Üstəlik müdafiənin digər cinahında da debütant Rüfət əvəzedilmədən oynadı. Bununla belə bizim oyunumuzda qol vurmaq üçün istifadə olunan əsas element cinahdan asmalar idi (?!). Praktikasız və debütant cinah oyunçuları ilə asmalara ümid etmək xülyasına bir də qarşımızdakının hündürboy “ikinci mərtəbə” komandası olması faktını üst-üstə qoyub vayımıza ağlamaq gərəkdir.

İslandiya yığması hazırda şimal ölkələri içində ən kreativ futbol oynayan komandadır. Bununla belə, biz ənənəsi “quru futbol” olan şimal rəqibimizə qarşı kreativ heç bir həmlə etmədik. Bu azmış kimi, meydandakı ən kreativ oyunçu Xəyalı da əvəzlədik.

Əvəzetmələrin digərlərinə də baxsaq, oyunun forma və məzmununa rotativ dəyişiklik etmək məqsədi daşımadığını gördük.

Elvin Bədəlov ilk qolun buraxılmasında utandırıcı pay sahibi oldu. Rəqibi ondan ən azı 2-3 metr aralıda top qəbul edib qapıya vurur. Və Elvin hər oyun buna bənzər səhvlər edir.

İkinci qolu da mərkəz müdafiəçilərinin anlaşa bilməməsinə görə buraxdıq.

…Və metodiki baxımdan “uşaq səhvləri” edən millimizdən bundan artığını gözləməyə dəyməz. Potensial budur. Hər işdə təsadüf olduğu kimi, burda da bəzən ola bilər və qətiyyən futbol oynaya bildiyimizə dair qənaət yaratmamalıdır.

***

İslandiya ilə səfər oyununa ezam olunmuş media komandasında mən də var idim. Qolfstrim cərəyanı hesabına donmayan, qeyzerlər hesabına evlərini isidən 350 minlik bir ölkənin millisinin heyəti TOP-5 Liqalarda oynayır. Halbuki vulkanik süxurlardan ibarət, əkin-biçini olmayan bir ölkədə futbolun necə mövcud olduğunu düşünə-düşünə qalmışam.

Bizimkilərin 3-dən artıq paslaşa bilmədiyi bu andıra qalmış oyuna milyonlarımız xərclənir, düzəlmir ki düzəlmir. Dindirsən, xalq olaraq İslandiyanı futbol ölkəsi saymarıq, lakin onların millisində bombardirin 27 qolu var, bizdə təxminən iki dəfə az (15).

Desək ki, proqram hazırlayıb uşaq futbolunu sıfırdan inkişaf etdirməliyik, artıq buna da inanmıram. Biz necəsə edirik, bu işdə heç vaxt düz etmirik.

Artıq nə AFFA-nı qınamaq effekt verir, nə yerli məşqçini, nə əcnəbini. Düz istiqamət, doğru yol da itib, bilmirik.

Əlqərəz, millinin oyunu o qədər pis idi ki, elə bu yazı da ona oxşadı.

Fikirlərini bizimlə bölüş!