“Eyni yuvanın quşları” qızıl dubla görə hər şey edir
Ölkə futbolunda mühitin uzun illər adı yüz cür hoqqada hallanan Elxan Məmmədov – Ramin Musayev cütlüyündən təmizlənəndən sonra nəhayət düzələcəyinə ümid yaranmışdı. Amma görünən odur ki, AFFA-nın hazırkı rəhbərliyi sələflərinə dua oxutdurmaqda qərarlıdı.
Rövnəq Abdullayevin yerinə SOCAR-ın və avtomatik olaraq AFFA-nın başına keçən Rövşən Nəcəfin gətirdiyi kadrlar onsuz da diz üstə çökmüş Azərbaycan futbolunu sanki tamamilə dəfn etməyə tələsir…
Bitib-tükənməyən, demək olar ki, hər həftə təkrarlanan hakim qalmaqalları mövsümün sonuna doğru pik həddə çatıb. Artıq hamı dilə gəlib, çünki vəziyyət çoxdan əndazəni aşıb. Müasir texnologiyalara baxmayaraq, oyunların nəticəsinə bu cür açıq müdaxilələr 90-cı illərin – futbolumuzun ən xaotik dövrünün – dejavyusunu yaşadır.
“Turan Tovuz” və “Neftçi” artıq üsyan bayrağını qaldırıb. İndiyədək təmkinini qoruyan və daxili yarışlarda uğursuzluğun səbəbini özündə axtarmağa çalışan “Qarabağ”da da əsəblər tarıma çəkilib.
Belə görünür ki, AFFA-nın yeni rəhbərliyi ilə “Sabah” rəsmilərinin eyni “yuvanın quşları” olması barədə səsləndirilən fikirlər heç də əsassız deyil. Əks halda, “bayquşlar”ın xeyrinə mövsüm boyu davam edən hakim səhvləri bu həddə gəlib çatmazdı.
Artıq hakim təyinatlarına Maqsud Adıgözəlovun müdaxilə etdiyi barədə məlumatları da qulaqardına vurmaq mümkün deyil…
Bəli, çempionluğun astanasında olan Valdas Dambrauskasın yetirmələri oyun səviyyəsinə görə həm qızıl medallara, həm də ölkə kubokuna layiq görünür. Lakin ədaləti təmsil etməli olan hakimlərin onların oyunlarında qəfil “kar, kor, lal” vəziyyətə düşməsi komandanın uğurlarına ciddi kölgə salır. Hətta VAR otağında əyləşənlər belə Masazır təmsilçisinin matçlarında sanki qeybə çəkilir.
Ən dəhşətlisi isə odur ki, bütün bunlar utanmadan, çəkinmədən, açıq-aşkar gerçəkləşdirilir. Sanki məqsəd minlərlə azarkeşi Azərbaycan futbolundan tam soyutmaqdı. Hər həftə səhvlərini etiraf edir, növbəti həftə isə daha kobud yanlışlara yol verirlər.
Üstəlik, bu proses o qədər primitiv və diletant üsullarla həyata keçirilir ki, “Sabah”ın meydandakı həqiqətən parlaq çıxışı da bu səhvlərin kölgəsində qalır. Mayda qızıl dubl etsələr belə, uğurlarından çox qalmaqalları danışılacaq.
Kubokun yarımfinal mərhələsinin bu axşam keçirilən cavab oyunu da istisna olmadı. Vəziyyət o dərəcədə utandırıcı idi ki, “Sabah”ın legionerləri finala çıxmalarını ürəkdolusu qeyd etmədilər.
Çempionluğu əldən verən “Qarabağ”ın heç olmasa kubokla təsəlli tapmasına imkan verilmədi (ilk oyun – 2:2, cavab görüşü – 1:2). Düzdü, Qurban Qurbanovun komandası yenə “bayquşlarla” bacarmırdı və mövsümdə dördüncü cəhd də nəticəsiz qaldı.
Ancaq qırmızı vərəqə epizodu bir yana, referi Rəvan Həmzəzadə 90+5-ci dəqiqədə açıq-aşkar əllə oyuna görə penalti təyin etməyərək, bu məğlubiyyətin əsas memarına çevrildi.
Son qalmaqal da nəticəsiz qalmamalıdır. Bu artıq heç bir çərçivəyə sığmır. Rəhim Həsənovun rəhbərlik etdiyi Hakimlər Komitəsi tam tərkibdə istefaya getməlidir. Futbol ictimaiyyətinin bu quruma etimadı birmənalı olaraq tükənib.
Əlbəttə, AFFA-nın hazırkı kuratoru Cahangir Fərəcullayev də yaxasını kənara çəkməməlidi. Azərbaycan futbolunun tənəzzül həddinə çatmasında baş katibin “xidmətləri” danılmazdı.
Yalandan geydirmə kuboku yelləməklə gözə kül üfürməyə çalışmasınlar. Ortadakı iş tam bir fiaskodu. Bütün yaş qrupları üzrə millilərin nəticəsindən tutmuş, ölkə çempionatında yaşananlara qədər…
Turan ŞAHSEVƏNLİ


Fikirlərini bizimlə bölüş!