Azərbaycan futbolu

Xəbərlər və təhlillər

AFFA “Rəvan”ın nəyinə vurulub?

Son turun “Rəvan” – “Xəzər Lənkəran” oyunu daha çox hakim qalmaqalı ilə yadda qaldı. Təyin edilməyən penalti, sıralanan səhvlər, cənubluların etirazı və s. Amma bunlar oyunun yalnız publikaya bəlli hissəsi idi.

“Rəvan” yeni mövsümdə də oynamaq istəyir və bunun üçün çalışmara başlayıb. Bakılılar AFFA İcraiyyə Komitəsindən güzəşt umur, daha bir mövsümü elitada lisenziyasız oynamaq istəyir. Futbol funksionerlərimizin nə qərar verəcəyi öz yerində, amma biz qeydlərimizi bölüşməliyik.

Əvvəla, çempionat iştirakçılarının sayının paytaxt klublarının hesabına düzəldilməsi çox pis haldı. Həmin “Xəzər Lənkəran”, “Turan Tovuz”, “Zaqatala”, “Energetik”, “Şahdağ”, “Göyəzən”, “Neftçala” Premyer Liqanı daha maraqlı edər, nəinki “Rəvan”. Düzdü, əksər bölgə klublarımızın vəziyyəti acınacaqlıdı, ancaq “Rəvan” da yağ-bal içində üzmür, bu miskin klub ayaq altında sürünməklə məşğuldu və AFFA-nın ianəsinə möhtacdı. Bu səbəbdən yardım ediləcəksə, bölgə klubları prioritet seçilməlidi.

İnanın ki, bölgələrdə vəziyyət hər nə qədər pis olsa da, “Rəvan” heç onların əlinə su tökməyə yaramaz. İşin təşkili, infrastruktur, normal fəaliyyət, klub imici bir yana, rayonlarda heç olmasa, normal azarkeş dəstəyi var. Bəs, Nuru Əliyevin klubu nəyə lazımdı?

Cümə günü “Bayıl Arena”da gördüklərimiz isə dəhşət idi. AFFA-nın bu klubun nəyinə vurulduğunu bilmirəm, amma bakılılar əsl başıpozuqluq mənbəyidi. Bu komandanın istənilən oyununda hər cür təxribat törətmək olar.

Saat 16.30. “Bayıl Arena”ya daxil oluram. Darvazadan mətbuat tribunasına kimi kimsə qarşıma çıxmır, “kimsən, nəçisən, hara gedirsən” demir. Tribunaya kimi olan yolun azarkeşlərin, rəsmi şəxslərin əyləşdiyi sektorların altından keçdiyini nəzərə alsaq, əvəzimə kənar bir şəxsin nələr edə biləcəyini düşünün. Terrorçulara “pas vermək” olmasın, buranı bir andaca yerlə bir etmək olar. Üfunətli koridordan bir neçə otağa qapı açıldığını nəzərə alsaq, bunun üçün klub hər cür “şərait yaradıb”. 2-3 nəfərlik mühafizə dəstəsi isə klubun sahibi Nuru Əliyevin atası üçün qarsonluq etməklə məşğuldu.

Klub Topaz Premyer Liqasında oynayır. Stadionda isə yalnız AFFA-nın rəsmi saytının, “Mançester Yunayted” Məktəbinin, U-14 liqasının bannerləri var. Bu da bunların çempionatın sponsoruna olan “hörmət”i. Stadiona təsadüfən düşən adam burada U-14 liqasının oyununun keçirildiyini düşünər.

Klubun mətbuat xidməti artıq 2 aydı yoxdu. Bu səbəbdən jurnalistlərin normal işləməsi, hətta protokolu əldə etməsi üçün şərait yaradılmayıb. Halbuki baş məşqçi Bəhmən Həsənovunun kürəkəni və idman direktoru Füzuli Əliyevin qardaşının timsalında 2 inzibatçı saxlamaqdansa, mətbuat xidmətində kiminsə olması daha vacibdi.

Əsl yiyəsizlikdi. Elə yiyəsizlik ki, hətta ətraf ərazidə yaşayan uşaqlar oyunun fasiləsində qazona çıxa, stadionun diktoru onlara “çıxın bayıra, donuz uşağı” deyə qışqıra bilir.

Stadionda mətbuat konfransı üçün normal şərait var. Amma futbolçulardan açıqlama almaq üçün öncə polislərlə əlbəyaxa olmalı, onlara nə üçün “mix-zona”da olduğunu başa salmalısan.

Bunlar adi bir oyundan edilmiş ötəri qeydlərdi. Problemlər bununla bitmir və baş alıb gedir. Bütün bunlar öz yerində, hətta normal uşaq komandalarlı olmayan, futbolçularının 6 aylıq məvacibini yubadan, geyim dəsti çatışmayan, stadionu olmayan, onun-bunun əlinə baxan bu klubu Premyer Liqada saxlamağa cəhd etmək nəyə lazımdı?

Hə, eşitmişəm ki, klubu yenidən Salyana köçürmək istəyirlər, ona görə AFFA şirnikləşib. Amma zəhmət olmasa, Salyan Olimpiya Kompleksindəki şəraiti də ciddi yoxlayın. Oranın stadionunu son dəfə 1 ay əvvəl görmüşəm, xarabalığı xatırladırdı. Qazonu məhv olub, tribunaları sınıq-salxaq gündədi. Təmirinə xərc çəkəcəksinizsə, lütfən, bunu hər il ölkə futboluna onlarla istedad verən Tovuzda, hər oyunda stadionda anşlaq yaradacaq azarkeşə sahib Mingəçevirdə, İmişlidə edin.

Vitse-prezident Bəhruz Şirəliyev son günlər yenə zühur edib, stadionlarda görünür, klubla daha ciddi maraqlanır. Zalım oğlu, sənətkardı, iyə gəlib. Pul olmayan vaxt kölgəyə çəkilmişdi, deyəsən, AFFA-dan nəsə gözlənildiyi üçün yenə baş roldadı.

Lütfən, “Rəvan”a daha bir şans verməyin. Qozbeli qəbir düzəldər…

Cavad MAHMUDOV

Fikirlərini bizimlə bölüş!