Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Biri buna “dur” desin!..

Biri buna “dur” desin. Ayıbdı! Yalan danışması ayıb deyil, ona yaraşır, öyrəşib, çörəyi yalan danışmaqdan çıxır. Ayıb olan milləti dolaması, hamını gic yerinə qoymasındadı. Bunun adı qtığa “qara” deməkdi.

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov dünən baş tutan “Rəvan” – “Xəzər Lənkəran” oyununun hakimlərinə elə haqq qazandırıb ki, sanki ondan başqa hamı kordu, ən dəqiqini yalnız o görür, heç kimin, ümumiyyətlə, futboldan xəbəri yoxdu: "Ramil Diniyev "Rəvan" – "Xəzər Lənkəran" matçını normal idarə etdi. Təyin etdiyi penalti də düz idi. 80-ci dəqiqədə baş vermiş epizoda diqqətlə baxsanız, "Xəzər Lənkəran"ın kapitanı Tural Cəlilov "Rəvan"ın oyunçusu Ruslan Tağızadənin sinəsinə dirsəklə zərbə endirir. Bu, Tağızadənin topa yiyələnərək, irəliləmək istədiyi vaxt baş verib. Ona görə də penalti qərarı haqlıdır".

Məmmədovun sözlərinə görə (Report), Tağızadə simulyasiyaya meylli futbolçu olsa da, bu dəfə kobudluğa məruz qalıb. Sədr "Rəvan"ın oyunçusunun həmin epizodda qayda pozuntusunun olmadığını etiraf edərək, "Xəzər Lənkəran" azarkeşlərindən üzr istəməsinə belə münasibət bildirib: "Son vaxtlar futbolçularda dəbə düşüb. Oyundan sonra komandalarının lehinə qəbul olunmuş qərarların yanlış olduğunu deyirlər. "Mənə qarşı kobudluq yox idi", "Qəsdən özümü yerə atmışdım" kimi fikirlər səsləndirirlər. Tağızadənin özü dəfələrlə hakimləri aldatmağa yönəlmiş hərəkətlərə yol verib. Amma bu dəfə həqiqətən də kobudluğa məruz qaldı. Özünün nə deməsindən asılı olmayaraq, hakim epizodu düzgün qiymətləndirdi".

Onun fikrincə, Diniyev "Xəzər Lənkəran"a qarşı qərəzli olsaydı, ikinci hissədə penalti epizodundan öncə "Rəvan"ın təmiz qolunu sayar, penaltidən sonra isə meydan sahiblərinin lehinə daha bir penalti təyin edərdi. Məmmədov sayılmayan qol epizodunda da baş hakimin səhvinin olmadığını bildirib: "Belə epizodu tutmaq çətin idi. Bunu baş hakim görə bilməzdi. Bu, qapı arxasında duran əlavə köməkçi hakimin və ya yan xətt hakiminin görməli olduğu epizoddur. Oyuna əlavə köməkçi hakim təyinatı olmamışdı, yan xətt hakimi isə gənc Elgün Adıgözəlli idi. Gənc olmasına baxmayaraq, Adıgözəlli cəzalanacaq. Kim nə danışırsa, özü üçün danışır. Mən mövqeyimi dedim".

Təkcə axırıncı sözlərinə görə, Xaqani bəyi şaqqalamaq lazımdı. Bu adamın başı o qədər qaçıb ki, heç kimə məhə qoymur, camaatın əsəbi ilə oynayır. AFFA başbilənləri bu adam haqda artıq bir ölçü götürməlidi. Özü oyunun nəticəsinə təsir edən 2 səhvi etiraf edən (sitat: "Xəzər Lənkəran"a qarşı qərəzli olsaydı, ikinci hissədə penalti epizodundan öncə "Rəvan"ın təmiz qolunu sayar, penaltidən sonra isə meydan sahiblərinin lehinə daha bir penalti təyin edərdi) sədr hakimin idarəçiliyini necə normal dəyərləndirə bilər? Deməli, 2 bağışlanmaz səhv heç nədi?

Ya mən dəli olmuşam, ya bu adamda nəsə çatmır. AFFA rəhbərliyi qoy bu epizoda bir də baxıb sədr haqqında qərarını versin. Yoxsa bu adam bütün ölkəni AFFA-ya qarşı qaldıracaq.

Fikirlərini bizimlə bölüş!