Bir müddət əvvəl AFFA Hakimlər Komitəsinin ləğv olunması, əvəzində Hakimlər və Hakim-İnspektorlar Komitəsinin yaradılması Azərbaycan futbolunda bir dönəmin başa çatdığına işarə idi. Çoxu bunun fərqinə varmasa da…
Musayevə düşmən olanların bağışlanması
Bəli, Hakimlər Komitəsi ləğv edildi, Xaqani Məmmədov komitə sədrliyini itirdi, lazımsız adama çevrildi, əvəzində Hakimlər və Hakim-İnspektorlar Komitəsi yaradıldı, başına da Fritz Stuxlik gətirildi. Stuxlikin “stul”da oturması ilə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin də səlahiyyətləri böyük ölçüdə azaldı. Amma Musayevin dərdi təkcə dünənə kimi hər sözünə “xub” deyən Xaqani Məmmədovu, onun komitəsini itirmək olmadı. AFFA-nın baş katibi Elxan Məmmədov uzun illərdir eyni binada, eyni daş divarlar arasında üzünə gülümsəməyə məcbur olduğu, amma əslində, əsas rəqibi olan Musayevi sözün məcazi mənasında yandırdı. Necə? Vaxtı ilə Musayevin qəzəbinə tuş gəlib hakimlikdən uzaqlaşdırılan Babək Quliyevi, Anar Salmanovu bağışlamaqla, onların Stuxliklə görüşünə şərait yaratmaqla.
Azərbaycan futbolunun yeganə ağası
Hə, artıq Ramin Musayevin qılıncının dalının da, qabağının da kəsdiyi dövr geridə qalıb. İndi Azərbaycan futbolunda əsas və rəqibsiz söz sahibi Elxan Məmmədovdur. Musayevin başında olduğu PFL indi hansısa qurumdan, təşkilatdan daha çox, idman saytını xatırladır – həftəlik və ya gündəlik xəbərlər yerləşdirmək, uzağı “Qarabağ”a Avropa Liqasındakı oyunlarına görə Premyer Liqadakı matçını ertələməyə razılıq vermək. Vəssalam, şüttəmam.
Elxan Məmmədov indi bütün “iplər”i öz əlində cəmləşdirib. Hələ mərhum Ramiz Mirzəyevin dövründən AFFA-da və Azərbaycan futbolunda söz sahibinə çevrilmək üçün səbrlə davranan, addım-addım irəliləyən Məmmədov nəhayət, arzuladığı nöqtəyə çatıb. Təbii ki, onun ağlında AFFA prezidenti postunda oturmaq kimi bir fikir yoxdursa…
Qurbanovun arxasında gizlənən baş katib
Məmmədov son illərdə avrokuboklardakı uğurlu çıxışına görə ölkədə böyük nüfuz sahibinə çevrilən Qurban Qurbanovun milli komandanın “sükanı arxasına” keçməsi ilə yığmanın istənilən uğursuz çıxışına görə olan və olacaq tənqidləri, təzyiqləri özündən uzaqlaşdırıb. Bəlkə belə deyil? Milli komanda uduzanda kim tənqid olunur, sosial şəbəkələrdə müzakirə obyektinə kim çevrilir? Qurban Qurbanov. AFFA-nı, Elxan Məmmədovu yada salan olurmu? Olmur. Halbuki, son illərdə Azərbaycanda futbolçu yetişdirilməsinə (yetişdirilməməsinə) birbaşa cavabdeh olan qurum AFFA-dır. Azərbaycanın futbolçu potensialı zəifdirsə, “ölu nöqtə”dən tərpənmirsə, buna görə Qurban Qurbanovdan və başqa məşqçilərdən çox, AFFA rəhbərliyi məsuliyyət daşıyır. Amma… Ümumiyyətlə, Elxan Məmmədovun idarə etdiyi federasiya nəyəsə görə məsuliyyət daşıyırmı? Hansısa bir problemi, məsələni göstərə bilərsizmi ki, AFFA rəhbərliyi ona görə məsuliyyəti üzərinə götürsün? 6 il ərzində Azərbaycanın pullarını sümürən, axırda da biabırçı şəkildə qaçıb gedən Berti Foqtsa görə Elxan Məmmədov heç tükünü də tərpətmədi. Dedi ki, Foqtsa görə məsuliyyət AFFA İcraiyyə Komitəsinin üzərindədir. Ağıllı adamdır, çoxbilmişdir, hər şeyi əla planlaşdıra bilir…
Baş katibin baş planı – PFL-i ləğv etmək
İndi Elxan Məmmədovun qarşısında bir əsas məsələ dayanır: onsuz da zəifləmiş, gücünü itirmiş Ramin Musayevi tamamilə sıradan çıxarmaq. Bunun üçün isə Musayevin rəhbərlik etdiyi Peşəkar Futbol Liqasını ləğv etmək lazımdır. Onsuz da PFL-in təşkilatçısı olduğu Premyer Liqada vur-tut 8 komandanın iştirak etməsi ciddi narazılıq yaradır. Xaqani Məmmədovlu Hakimlər Komitəsinin ləğvindən sonra Məmmədov üçün PFL-i də ləğv etmək həlli mümkünsüz olan məsələ olmamalıdır. Sadəcə, AFFA prezidentini, İcraiyyə Komitəsini PFL-in lazımsızlığına inandırmaq lazımdır. Elxan Məmmədov isə bu işin ustasıdır.
Hiyləgər plan – Narazılıq yaradan 8 komandalı çempionat
2004-cü ildən başlayaraq az qala hər mövsümdə Azərbaycan Premyer Liqasında çıxış edən klubların sayı azalmağa başladı. Azaldı, azaldı və nəhayət, minimum, ya da kritik həddə çatdı – 8 komanda! Bunun səbəblərindən biri deyək ki, sponsorların futbola maraq göstərməməsidir. “Xəzər Lənkəran”, “Bakı” kimi klubların dağılmasının, yoxa çıxmasının da öz səbəbi var. Amma AFFA, konkret, Elxan Məmmədov Premyer Liqada klubların sayının artırlmasına çalışa və buna nail ola bilməzmi? Bilər! Altından xətt çəkirəm və siz də yadınızda saxlayın: PFL ləğv olunsa, bunu öz gözlərinizlə görəcəksiz.
Elxan Məmmədov komandaların sayının artmasında maraqlı deyil, əksinə, o istəyir ki, Azərbaycan Premyer Liqasında komanda sayı düşük həddə olsun, çempionat məsxərəyə qoyulsun. Baş katib bu istəyini hər dəfə yeni mövsümün əvvəlində “lisenziya tələbləri” adı altında göstərir. Birinci diviziondan yüksək liqaya çıxmaq istəyən komandalar olur, amma sonra həmin komandaların Məmmədovun “tələblər”inə cavab vermədiyi açıqlanır. Yaxşı, başa düşürəm, FİFA-nın, UEFA-nın öz tələbləri var, deyək ki, AFFA da bu tələblərə əməl etməyə çalışır. Bəs yaxşı, necə olur, Elxan Məmmədov Premyer Liqadakı 8 klubdan 5-ni qanunsuz yolla – eyni cibdən (AFFA-nın “cibindən”) maliyyələşdirir, UEFA bunu bilmir və ya bilir, susur, amma məsələn, hansısa klubun stadionunun ölçüləri kiçik olur, bank hesabında 2 min avro çatmır, buna görə, onun Premyer Liqada iştirakı söhbəti olunca “UEFA icazə vermir” deyir? Ən böyük qanunsuzluq, futbol adına rüsvayçılıq FİFA-nın, UEFA-nın prinsiplərini ayaq altda atmaq Premyer Liqadakı 8 klubdan 5-ni öz qanadı altına alıb, onları eyni cibdən “yemləmək” deyilmi? FİFA və UEFA bu boyda cinayətə, qanunsuzluğa göz yumur, amma “Turan Tovuz”un, “Ağsu”nun, “Şüvəlan”ın Premyer Liqada iştirakından narahat olur, “vay, bizim tələblərimiz pozular” deyir? Hamısı nağıldır. Yox, nağıl da deyil, özünü Azərbaycan futbolunun “ağ atlı oğlan”ı görən Elxan Məmmədovun illərdir düşündüyü və həyata keçirdiyi planlarıdır. Allah Azərbaycan futbolunu bu “ağ atlı oğlan”ın daha qorxunc planlarından qorusun.




Fikirlərini bizimlə bölüş!