Ağladıqca kişi qeyrətsiz olur,
Necə ki ağladı İran oldu (Mirzə Ələkbər Sabir)
"Qarabağ" Sumqayıtda yerli komandaya təslim olanda mən Bakıxanov stadionundaydım. Diqqətim meydanda olsa da, yanımda əyləşənlərin dialoqunu yaxşı eşidirdim:
– Baho, "Sumqayıt" hesabı açdı…
– Onsuz da "Qarabağ"a xal lazım deyil.
– Bəs çempionun qüruru?
– Əşi, sən də uşaq kimi danışırsan…
…Bu ölkədə məmə deyəndən pəpə yeyənə kimi kimə söyləsən, "Qarabağ"ın "Sumqayıt"a təmiz oyun-la uduzduğuna inanmaz. Mən "köhlən atlar"ın cəmi 5 gün əvvəl "İnter"i darmadağın etməsini bir kənara qoyuram. Axı Qurbanovun komandası bu mövsüm "Sumqayıt"la 3 dəfə qarşılaşmış və hər dəfə də hesab böyük olmuşdu: iki qarşılaşmada 3:0, birində isə 5:1. İndi nə dəyişib? Məğlu-biyyətə izah verməyə və özünə bəraət qazandırmağa çalışan Qurban bəy "çempion olandan sonra futbolçuları oyuna kökləmək çətindi" deyib. Mən isə əksini düşünürəm. Çempion olandan sonra meydana çıxanları heç motivasiya etməyə də ehtiyac yoxdu. Necə ki "Roma"nın "Kataniya"ya məğlub olmasından sonra qızıl medalları təmin edən "Yuventus" mübarizədən qopmadı, hamıdan güclü olduğunu bir daha isbatlamağa çalışdı. Əlbəttə, belə paralelləri çox aparmaq, cürbəcür dəlillər tapmaq olar. Amma ortada yekə bir həqiqət var ki, bunu Qurban bəy və onun yetirmələri bilməmiş deyildi.
Son qarşılaşmadan əvvəl ajiotaj yaranmış, "Qarabağ"ın elitadan düşmək üzrə olan "Sumqayıt"a güzəşt edəcəyini deyənlərin sayı çoxalmışdı. Ən azı çempion adını ləkələməmək və "köhlən atlar"ın heç bir pərdəarxası oyunda iştirak etmədiyini göstərmək üçün oynamaq, qələbə qazan-maq lazım idi, əzizlərim. Çempionun şərəfini qorumaq üçün "Qarabağ"ın futbolçularından mey-danda 90 dəqiqə can qoymaq belə tələb olunmurdu. Hamımız yaxşı bilirik ki, "Qarabağ" istəsəydi, tək ayaqla belə oynayıb "Sumqayıt"ı azı iki top fərqiylə məğlub edə bilərdi. "Neftçi" də "Sumqa-yıt"a uduzmuşdu" deməklə yaxanızı kənara çəkməyin. Başqalarından sizə nə? Siz ki hər dəfə Azərbaycanın "ən təmiz" futbol klubu olduğunuzu iddia edirdiz. Təmizlik təkcə hamamda yuyun-maqla, yaxud da dəstamaz almaqla olmur. "Qarabağ" "Sumqayıt"a uduzandan sonra mənim "Qəbələ"yə kubok yolunda güzəşt edilməsinə olan şübhələrim daha da artdı. Kor-kor, gör-gör, son turda "Sumqayıt" qarşısında diz çökən futbolçular 4-cü turda "Qəbələ"ni məğlub edənlərdi. İnanmır-sızsa, PFL-in rəsmi saytında hər iki oyunun protokoluna baxa bilərsiz. Start heyətində 8 fut-bolçu Qəbələdə də ilk dəqiqələrdən meydanda olub. Üstəlik, həmin oyunda iştirak etməyən Rəşad Sadıqov, Maksim Medvedev, Nikolas Gelaşvili Sumqayıtdakı qarşılaşmada forma geyib. Lap de-yək ki, bu futbolçular "Qarabağ"ın ikinci heyətidi. Məgər çempionun ikinci heyəti autsayder-dən (özü də bu autsayder komanda hansısa peşəkarın seleksiyası ilə yox, kimlərinsə şəxsi istə-yinə uyğun seçilmiş futbolçulardan qurulub) güclü olmağa borclu deyil?
Çalışdırıcının mövsüm bitməmiş legionerləri evlərinə göndərməsi də anlaşılmaz qərardı. Belə çıxır ki, "Bavariya"nın məşqçiləri Qurbanov qədər bilmir. Neçə turdu çempionluğu rəsmi-ləşdirən Almaniya klubunun futbolçuları niyə evlərinə dağılışmayıblar? Rəsmi açıqlamaya görə, "Qarabağ" avrokubokların hazırlığına iyunun 13-də başlayacaq. Mayın 10-da Braziliyaya yollanan futbolçuların həmin vaxt hansı fiziki formada olacağını təsəvvür etmək çətin de-yil. Birvaxtlar AFFA prezidenti Qurban bəyi gənc və təcrübəsiz adlandıranda biz idman yazar-ları üsyan etdik, çalışdırıcının arxasında dayandıq. Gözümüzü onda açdıq ki, Qurban bəy Röv-nəq Abdullayevlə birlikdə tum çırtlayaraq futbola baxır. Yoxsa həmin səmimiyyət bizim qəhrə-man kimi təqdim etdiyimiz çalışdırıcını qurbana çevirdi? "Qarabağ"ın "Sumqayıt"a təslim ol-ması AFFA prezidentinin "qoymaram "Sumqayıt" elitadan düşsün" sözlərinə dəstək deyildi ki? Şübhələrimiz doğrulduqca təəssüfümüz və üzüntümüz artır…
…"Qarabağ"ın çempionluğu göz yaşlarıyla yuyuldu. Hər zaman qətiyyətli və soyuqqanlı görməyə alışdığımız Qurban Qurbanovu ağlayan görəndə biz də kövrəlmişdik. Sonradan sosial şəbəkə-lərdə yayılan fraqmentlərdə klub rəsmilərindən də ağlayanların olduğunu gördük. Ağlamayın, Qurban bəy. Niyəsini böyük şairimiz Sabir gözəl deyib…
Amal ABUŞOV




Fikirlərini bizimlə bölüş!