Sən öl, «Neftçi» bir dikbaşın əlində qalıb. Araz Abdullayev nə istəyir, onu da edir. Dünənki uşaqdı, böyük bilmir, kiçik bilmir. Lap azıb yolundan. Uşağı bələkdə tərbiyələndirəsən.
Arazın qoltuqlarının altı çox şişib. Şişirdiblər deyim. Gözünün üstündə qaşının varlığından xəbər tutmayıb. Çün tutuzdurmayıblar vaxtında. Elə hey bəslədilər, basına tumar çəkdilər. Budu, baş məşqçini saymır, uzanmış əlini geri qaytarır. Sən axı kimsən? Neyləmisən? Arif Əsədovun əlini geri qaytaran futbolçu nadandı! Kimliyindən asılı olmayaraq.
Əsədov futbolçu olub. Elə-beləsindən olmayıb. SSRİ-də ad qoyub. İttifaq yığmasına gənc yaşlarında dəvət alıb, dünya və Avropa çempionudu. Qazandığı mükafatları, titul və medalları üst-üstə toplasa, Arazın çəkisindən ağır gələr. Ermənilər üzərində tarixi qələbə əldə edən millini çalışdırıb, böyük klublarda oynayıb. «Neftçi»nin son 30 ildəki ən güclü 11 futbolçusunun adı çəkilsə, orda mütləq görərik Əsədovu.
Baş məşqçini pərt etmək Arazın əxlaqını, daha doğrusu, əxlaqsızlığını göstərir. Əsədov komandaya cavabdeh şəxsdi, hər sözü qanundu. Bir futbolçunu çıxarır, yerinə başqasını salır, taktikanı dəyişir – səlahiyyəti daxilindədi. Əvəzlənən futbolçunun həddi nədi ki, narazılıq bildirsin? Araz 2-ci dəqiqədə meydandan alınsaydı da, başını yuxarı qaldırıb soruşmamalıdı ki, məni niyə kənara çıxartdın? Belə lazımıydı, belə də elədi.
O oyunu ki Araz oynayır, vallah, «Neftçi»yə utancdı. Oynamır, yeriyir. 57 dəqiqəyə heç nəylə yadda qalmayan, müdafiənin köməyinə yetişməyən, arxasını güclə dəbərdən
futbolçuya əlini uzadan Əsədov tərbiyəlidi hələ. İnsan adamdı ki, Araza o anda dişinin dibindən püskürəni qusmadı. Silləni üzündə gəzdirib, təpiyi arxasına ilişdirsəydi, yenə azıydı. Boyunun dalını qızartmalıydı.
Qanacaq-qabiliyyət bəndənin qanındadı. Onu Araz və arazkimilər qanmaz. Çünki tərbiyəsində ciddi problemlər mövcuddu. Beləsinə el içində «arsızın yekəsi» deyirlər. Qələmi dibindən qırılmalıdı. Nə olsun ki, istedadı var, vaxtilə «Everton» arxasınca Bakıya gəlib? Çıxıb otursun başımızda, nə var, nə var, uzaqdan yaxşı zərbə vurmağı bacarır? İngiltərədə 1 dəqiqə forma geyinə bilməyən bir gənc dilini dinməz yerinə itələməlidi. Qudurğanlığı yeni nəsilə ən qeyri-etik nümunədi.
Əvəzedici heyətə göndərilməsi humanistlikdi. Baş məşqçi yenə ona qarşı yumşaq davranıb. Qovardı getsin. Qovmalıdı da. Maşınla yaşlı qadın süpürgəçidən birini qanına qəltan, digərini şikəst edən, bununla belə, həbsxana həyatı görməyən, yenə azad-asudə gəzən, yolda «avtoşluq» etməkdən çəkinməyən gəncin ağıllanması qalıb qurdla qiyamətə. Qozbeli qəbir düzəldər.
Adam öldürən, tribunada əyləşən azarkeşi söyən Araz Abdullayevin səsi türmədən gəlməliydi. Girməliydi ora, başı daşdan-daşa dəyməliydi, onda əsl həyatın mənasına varardı. Sadıq Sadıqov bu futbolçuya yaxşılıq etdi, amma o bu yaxşılığı başqa yerə yozdu. Yekəxanalığı baş məşqçi tanımır artıq. Dünən bunu edən, sabah avtomobilini Arif Əsədovün üstünə sürəcək, salacaq təkərin altına.




Fikirlərini bizimlə bölüş!