Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Asif Bağırov “Bakı”dan niyə qovulub?

– Peşəkar Futbol Liqasından çıxandan sonra bir müddət işsiz qaldım, sonradan Nail Əliyevlə müraciət etdim. O da öz növbəsində Hafiz Məmmədovla məsləhətləşdikdən sonra 2009-cu ilin oktyabr ayında “Bakı”da mətbuat xidmətinin əməkdaşı kimi işə götürüldüm. Bir müddət sonra mətbuat xidmətinin katibi vəzifəsi boşaldıqdan sonra həmin vəzifəyə keçirildim. 2010-cu ilin iyun ayına kimi hər şey qaydasında gedirdi. Klub “Bakı”ya gümüş medalları və kuboku qazandırmış Cüneyt Biçərlə yolları ayırdı və onun yerinə komandanının Avropada daha uğurla təmsil olunması üçün Vinfred Şefer təyin olundu. Şefer alman olduğu üçün qərara alındı ki, təlim-məşq toplanışı Almaniyada keçirilsin. Heyətə yeni oyunçular da qatılmalıydı. İyunun 28-də komanda bu ölkəyə yolandı. Bundan 2 gün əvvəl PFL-dən Zamiq Hüseynov mənə zəng vurdu və cəzalı futbolçuların siyahısını göndərəcəyini bildirdi. Siyahını Outlook Express proqramında açdım. Azərbaycan futbolçularından orada 5 nəfərin adı var idi – Elmar Baxşıyev, Anatoli Doroş, Emin Quliyev, Edmond N’Tiamoa və Dejan Brankoviç. Onlardan sonuncu adını çəkdiyim “Bakı”nı təmsil edirdi. Brankoviçlə də çempionat başa çatdıqdan sonra yollar ayrıldığından ilk baxışdan qorxulu bir şey görünmürdü. Komanda Almaniyaya yola düşməzdən bir gün əvvəl mənim komanda ilə ora getməyəcəyim məlum oldu. Halbuki, xarici pasportumda viza açılmış, bilet sifariş verilmişdi. Səbəb kimi isə bildirdilər ki, guya ingilis dilini bilmirəm və mətbuat xidmətinin əməkdaşı İbrahim Cəfərov orada həm Şeferə tərcüməçilik edəcək, həm də mətbuatla bağlı məsələləri yoluna qoyacaq. Elə oldu ki, Outlook Express proqramı olan noutbukumu İbrahim özü ilə Almaniyaya apardı. Hər dəfə İbrahimlə əlaqə saxlayanda ona noutbukda cəzalı futbolçuların siyahısının olduğunu və komandaya baxışa gələn və heyətə qatılan futbolçuların adlarının siyahıda olub-olmamalarını dəqiqləşdirib lazımi adamlara məlumat verməsini bildirmişdim. İbrahim isə Outlook Express-dən anlayışının olmadığını bildirəndə ona dedim ki, anlayışı olan bir nəfər tap, ya da heç olmasa komandanın baş koordinatoru Akif Özakyola müraciət elə, o, bu proqramda işləyə bilir. Nə isə… Bilmirəm İbrahim Akifə demədi, yoxsa Akif siyahıya baxmadı… Azından Özakyol olmasa da, orada bir Şumaxerdən, Antondan xahiş eləmək olardı ki, bu proqramda siyahını açın, baxaq. Sifariş ərizəsini göndərdilər UEFA-ya. Bu halda belə yenə də qorxulu bir şey yox idi. Əsas o idi ki, adı iştirak ərizəsinə salınan və UEFA-nın göndərdiyi siyahıda cəzalı futbolçu kimi göstərilən komandaya Almaniyadakı toplanış zamanı transfer olunan Joel Epalle “Buduçnost”la ilk oyunda meydana çıxmasın. Epalle “Bakı”ya Almaniyanın “Bohum”undan transfer olunmuşdu. Buna kimi isə Yunanıstanın “İraklis” komandasının heyətində Avrokuboklarda qırmızı vərəqə aldığına görə 2 oyunluq cəzalanmışdı. “İraklis”də 1 oyunu buraxdığından cəmi 1 oyunluq cəzası qalmışdı. “Bohum”da çıxış etdiyi müddətdə isə komandası avrokuboklarda iştirak etmədiyinə görə cəzası qüvvədə qalırdı. Qısası, Epalle “Bakı”ya cəzalı durumda gəlmişdi və ilk oyunu buraxmalı idi. Adının cəzalılar siyahısında olmasına baxmayaraq, buna kimsə fikir verməmişdi. Elə oldu ki, Bakıda “Buduçnost” ilə ilk oyunda Epalle oynadı və matçdan sonra bizə belə bir xəbər gəldi ki, “Bakı”nın heyətində cəzalı futbolçu oynayıb və buna görə cəza tətbiq olunacaq. İstənilən halda Epalle səfər oyununu buraxmalı idi. Axı, 1 oyunluq cəzası qalırdı.
– İlk oyun Bakıda keçirilmişdi. Həmin vaxt sən də komanda ilə birlikdə idin və noutbukun da özündəydi. Oyundan əvvəl həmin siyahıya bir daha nəzər salmaq olmazdımı?
– Kim baxmalı idi?
– Məsələn, sən – Asif Bağırov.
– Əgər mənə desəydilər ki, biz siyahını yoxlamamışıq, işimi bilərdim. Tutaq ki, mən baxmamışdım, cəzalandırıldım. Yaxşı, ölkə çempionatının və kubokunun hər oyunundan sonra sarı vərəqə almış və cəzalanmış futbolçuların siyahısını hər dəqiqə məndən almaq üçün müraciət edən və yeri gəldi-gəlmədi məndə səhv axtaran Akif Özakyol niyə cəzalandırılmadı? Halbuki, bu, onun vəzifəsi idi. Bundan başqa klubda heç bir il deyildi işləyirdim. Akif isə bundan əvvəlki illərdə də “Bakı”da idi və azından avrokubok təcrübəsi var idi.
– Beldə çıxır ki, səhv təkcə sənə aid deyildi və bura Akif Özakyolun da aidiyyatı vardı.
– Mənim yeganə səhvim bilirsən nədi? Gərək o siyahını alan kimi çap edib qoyardım klubun icraçı direktoru Yaşar Seyidovun masasının üstünə. Özümdə yeganə səhv yalnız bunu görürəm. İstənilən halda, komandaya yeni futbolçu gəlibsə, komandanın meneceri, baş koordinatoru onun cəzalı durumda olub-olmaması ilə bağlı lazımi yerlərə, o cümlədən baş məşqçiyə məlumat verməli idi. Bu işlə də mətbuat katibi yox, Akif Özakyol məşğul olmalı idi. Burada mətbuat katibinin adı hallanırsa, eyni müvəffəqiyyətlə demək olar ki, klubun inzibatçısı, aşbazı, süpürgəçisi də məsuliyyət daşımalıdı.
– Doğrudan, Özakyol niyə cəzalanmadı?
– Ona görə ki, onun arxasında klubun vitse-prezidenti Tunc Afşar dayanmışdı.
– Cəzalanan tək Asif Bağırov oldu. Niyə? Heç olmasa, səbəbini kimdənsə soruşdunmu?
– Kimdən soruşum? Bəli, belə çıxır ki, cəzalanan təkcə mən oldum. Əslində isə UEFA-ya göndərilən sənədi 2 nəfərdən biri imzalamalıdı – klubun prezienti və ya icraçı direktor. Həmin vaxt sənədə Yaşar Seyidov imza atmışdı. Ən böyük məsuliyyət Yaşar Seyidovun üzərinə düşür. Daha sonra baş koordinator da məsuliyyət daşıyır. Niyə cəzalanmadılar? Ona görə ki, biri icraçı direktordu, digəri isə bayaq dediyim kimi, Tunc Afşarın adamı.
Qaydalara görə, Premyer Liqada çıxış edən hər hansı klub avrokuboklarda iştirak edərsə, səfər oyunlarına PFL-in 1 əməkdaşı da aparılmalıdı. Zamiqin adı gedənlərin siyahısına salınmışdı və hətta ona viza da açılmışdı. Səfər ərəfəsində Zamiq mənimlə əlaqə saxlayaraq getmək istəmədiyini və bu haqda lazımi adamlara məlumat verməyimi xahiş etdi. Mən də Yaşar Seyidova bildirdim və hətta özümün də Çernoqoriyaya getmək istəmədiyimi dedim – görək gerisi necə olacaq. Oyundan əvvəl əhd eləmişdim ki, “Bakı” mərhələni keçsə, qurban kəsəcəm, komanda Bakıya dönən kimi isə ərizəmi yazıb işdən çıxacam. Təki, hər şey mənimlə qurtarsın. Elə oldu ki, “Bakı” birinci hissədən sonra hesabda 2:0 öndə olsada, ikinci hissədə 1 qol buraxdı və hər iki oyunda 2:1 hesablı qələbə qazanmasına baxmayaraq, turnirlə vidalaşdı. Qismət beləymiş. Həmin hadisələrdən təxminən 40 gün sonra klubdan ayrılmalı oldum.
– Əgər günahkar sən idinsə niyə dərhal yox, 40 gün sonra?
– Hələ UEFA-dan xəbər gələn axşam ofisdə qıy-qışqırıq qopdu. Hamı günahkar axtarırdı. Adım hallansa belə, bir nəfər məndən izahat tələb eləmədi ki, ay balam, bu nədi, nə məsələdi? Bir izah elə görək nə baş verib? Həmin vaxt klubun prezidenti Hafiz Məmmədov belə bir bəyanat vermişdi ki, günahkarlar cəzalanacaq, kim günahkardırsa, özü klubdan çıxıb getsin. O zaman klubdan getsəm, yüz faiz səhvi mənim boynuma atacaqdılar. Ona görə gözləməli oldum. Azından özümü günahkar hesab etmirdim. Həmin bəyənatdan sonra klub rəhbərliyi birnəfər kimi istefa verdi və Hafiz müəllim də qəbul etdi. Mənə kimsə konkret olaraq vəzifəmdən azad olunduğum barədə bir kəlmə də söz deməmişdi və bu üzdən işimi görürdüm. Çünki, “Buduçnost” ilə cavab oyunu iyulun 22-də olmuşdu və avqustun əvvəli artıq çempionat başlayırdı. Maraqlıdır ki, ilk səfər oyununa məni aparmadılar. Həmin vaxt dalağım sancdı. Artıq gözlədiklərim özünü doğruldurdu. Yenə də kimsə mənə demirdi ki, Asif, səhv səndə olub, çıx get. Nəhayət, avqustun axırında Yaşar Seyidov məni otağına çağırdı. Bildirdi ki, qərara qəbul olunub və getməyin məsləhətdi. Amma narahat olma, 3-4 günə Hafiz müəllim səni qəbul edəcək və yeni vəzifəyə təyin olunacaqsan. Hətta Yaşar müəllimdən soruşdum ki, mən özümə yeni iş axtarım, ya yox? Etiraz elədi və bir daha məsələnin 3-4 günə həll olunacağını söylədi. Bu söhbət olub 2010-cu ilin avqust ayının 3-cü dekadasında. Həmin vaxtdan 3-4 gün yox, 3-4 il geçib. Hələ ortada bir şey yoxdu.
– Bəlkə, Yaşar müəllim il əvəzinə səhvən gün deyib?
– Vallah, olanları danışdım. Həmin vaxtdan sonra bir neçə dəfə Hafiz müəllimlə görüşməyə cəhd göstərdim. Hətta köməkçisi Elməddin müəllimə zəng vuraraq yardım göstərməsini xahiş etdim. Söz versə də, bir xəbər çıxmadı. AFFA-nın tədbirlərində bir neçə dəfə Hafiz müəllimlə üz-üzə gəlmişəm, hər dəfə də deyib ki, Asif, narahat olma, bir gün səni qəbul edəcəm. Birdən elə bilərsiniz Hafiz müəllimlə iş almaq üçün görüşmək istəyirəm. Əsla. Sadəcə, sənə təqdim etdiyim bu sənədi ona göstərmək istəyirəm. Ola bilər ki, ona mənim haqqınmda düzgün məlumat verməyiblər. İstəyirəm ki, 4 il bundan əvvəl baş verənləri dəqiqliyinə kimi bilsin, azından günahkar olmadığımı ona çatdırım. Əgər desə ki, günahkar mənəm üzr istəməyə hazıram. Yox, əgər desə ki, səhv səndə deyil… məqsədim ancaq bu sənədi ona çatdırmaqdır. Bütün hallarda “Bakı”ya qayıtmaq istəmirəm. İşlə bağlı 5-6 ay gözlədim. Bir xəbər çıxmayınca, bir daha ora qayıtmayacağıma söz vermişəm. Bu qədər cəhdlərdən sonra artıq onunla görüşməyin də bir mənası qalmayıb. Mənim o insana böyük hörmətim var, bilirəm ki, in adamıdır, vaxtı məhduddur. Amma heç olmasa, 4 il ərzində bir nəfərə tapşıra bilərdi ki, bu adam 4 ildir ki ayaq döyür, bir baxın bunun dərdi nədir?
– Heç olmasa, həmin vaxtdan bəri Yaşar Seyidovla görüşübsən?
– Bir-iki dəfə zəng vurub məsələnin nə yerdə qaldığı ilə maraqlandım. Hər dəfə də eyni cavabı eşitdim – bu gün, sabah. Neyləyim, məşğuldu, iş adamıdı, vaxtı yoxdu…
– İşdən çıxmağın barədə ərizə yazmışdınmı?
– Klubla 2010-cu ilin oktyabrına kimi müqaviləm var idi. Müqavilənin vaxtından əvvəl xətm olunması üçün ən azı bir ay əvvəl mənə xəbərdarlıq olunmalı idi. Mənə isə heç bir xəbərdarlıq edilməmişdi. Bundan başqa işdən çıxmağımla bağlı heç bir sənədə imza da atmamışam. Yəni, hər şey şifahi şəkildə olub. Amma insaf naminə deyim ki, işlədiyim ayların hamısının maaşını almışdım.
– Bəs, nəyə görə bu siyahını o vaxt yox, indi mətbuata təqdim edirsən?
– Çoxları bu siyahını indi üzə çıxarmağımı “daldan atılan daş”a bənzədə bilərlər. Amma bu günə kimi sənədi Hafiz müəllimə çatdırmaq üçün çox cəhdlər etmişəm. Bü üzdən siyahını mətbuata ötürməmişəm. Bu, mənim son şansımdı. Bəlkə, bu söhbətdən sonra Hafiz müəllimdə sənədlə tanış olmaq üçün maraq oyada bildim. Bu dəfə də alınmasa… Yəqin ki, bir daha cəhd etməyəcəm.
Maraqlı bir faktı da deyim – bir müddət əvvəl “Bakı” klubu mətbuat xidmətinin rəhbəri vəzifəsinə tender elan etmişdi və namizədlərin hər biri ilə Hafiz müəllim şəxsən söhbət edəcəkdi. Klub rəsmisi Nəriman Mehdiyevdən hansı sənədləri təqdim etməli olduğumu soruşdum. Bildirdi ki, CV yollamaq kifayətdir. Hafiz müəllimlə görüşmək şansım vardı. Həm də mənim üçün çox maraqlı idi – görəsən, təqdim olunan CV-lər arasında mənim CV Hafiz müəllimə çatdıracaqlar, ya yox. İnanırsan. CV göndərmədim. Çünki, onu Hafiz müəllimə təqdim etməyəcəklərini bilirdim.
– Bütün hallarda o vaxt mətbuat səni günahkar çıxardı…
– O vaxt məni qeyri-peşəkarlıqda suçlayanlar çox idi. Hətta “Komanda” qəzetində belə bir fikir də getmişdi ki, qeyri-peşəkar olan Asif Bağırov bir düyməni basmaqla, həmin sənədi kompüterin “zibil vedrə”sinə atıb, yəni pozub. Həmin sənəd “zibil vedrəsi”nə atılmışdısa, niyə indiyə kimi məndədi? Məni qeyri-peşəkarlıqda suçlayanlar özləri qeyri-peşəkar idilər. Əks təqdirdə, mövqeyimi öyrənə bilərdilər. Əmn də eksklüziv olaraq bu sənədi o vaxt həmin adama təqdim edərdim. Cəhd göstərdilər, mən təqdim eləmədim?
Günahkarlar siyahısında adı hallanan klubun mətbuat xidmətinin keçmiş əməkdaşı İbrahim Cəfərovun da fikrini öyrəndik. İbrahim həmin hadisədən xeyli vaxt keçməsinə baxmayaraq, baş verənləri yaxşı xatırladığını və Epallenin məsələsində zərrə qədər də günahının olmadığını bildirdi:
– Üstündən 4 ilə yaxın vaxt keçməsinə baxmayaraq, bir müddət əvvəl başqa bir yerdə bu söhbətin getdiyi və bəzilərinin günahkar kimi mənim adımı çəkmələrini eşitmişəm. Odur ki, məsələnin birdəfəlik qapanması üçün hər şeyi nöqtə-vergülünə kimi deyəcəm.
Martdan etibarən “Bakı”da İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentində çalışırdım. Amma yayda baş məşqçi postunda dəyişiklik baş verdikdən sonra Zeynal müəllimin göstərişi ilə yeni baş məşqçi Vinfred Şeferin təcrüməçisi oldum. Hafiz müəllim də bildirdi ki, bundan sonra işin yalnız Şeferlədir, sırf onunla çalışacaqsan. Bundan sonra mətbuat xidmətində çalışanların işinə qarışmırdım. İyunun axırında Almaniyanın Bitburq şəhərinə 2 həftəlik təlim-məşq toplanışına yollanırdıq. Ora mətbuat xidməti əməkdaşlarından heç kim aparılmamışdı. Zeynal müəllim məni yanına çağırdı və Bitburqda sayt üçün işləyə biləcəyimi soruşdu. Mənsə heç bir problemin olmadığını bildirdim və Zeynal müəllimin göstərişi ilə notbuku özümlə götürdüm. Asif notbukun onun olduğunu deyir, amma noutbuk klubun idi və departametin bütün əməkdaşları istifadə edə bilərdilər.
Təlim-məşq toplanışından sonra Avroliqada “Buduçnost”la qarşılaşacaqdıq. Həmin vaxt ölkəmizdə Çernoqoriya səfirliyi olmadığından vizanı Bolqarıstan səfirliyi verdi. Yaşar müəllimin köməkçisi “skype”da danışanda mənə dedi ki, lazımı sənədləri sənə göndəririk, futbolçulardan bir-bir anketləri doldur sonra bizə göndər. Bu vaxt Asif dedi ki bəs, noutbukda bir siyahı var, Outlook Express-də açılır, onu da götur. Mən isə Asifə bildirdim ki həmin proqramda işləyə bilmirəm, nə varsa bütün sənədləri poçt ünvanıma göndərdin. Onlar da göndərdilər. Bütün anketlər, digər sənədlər. Hətta arasında Zeynal müəllimin şəxsi sənədləri də var idi. Hamısını da Zeynal müəllimə təqdim etdim. Qısası, mənə nə sənəd göndərilmişdisə, hamsını lazımi ünvana çatdırdım. Epalle söhbəti ortaya çıxdıqdan sonra klubda bu məsələ rəhbərlik tərəfindən müzakirə olunarkən Asif mənim adımı çəkdi. Mən isə rəhbərliyə indi sizə danışdığım söhbəti olduğu kimi söylədim. Mənim nə klubla, nə də Asiflə şəxsi qərəzliyim yox idi ki, həmin sənədi gizlədim. Şükür Allaha, çoxları da bilir ki mən “Bakı” yarandığı gündən komandanın yanında olmuşam. Hər şeyə sırf azarkeş kimə başlamışam. Bunu ona görə deyirəm ki, yəni çox az adam tapılar ki “Bakı”nın uğur qazanmasını məndən çox istəsin. O söhbətdə Asifə də bildirdim ki, qardaş, mənim heç bir günahım yoxdu. Nə göndərmisizsə, hamsını çap eləmişəm. Əgər siyahını da göndərmisənsə, poçtanızda göstərin? Bu məsələdə özümü qətiyyən günahkar hesab etmirəm. Klub rəhbərliyi də həmin vaxt mənim haqlı olduğumu gördü. Hətta, Hafiz müəllim məni dinlədikdən sonra günahsız olduğumu dedi.
İbrahim özü ilə yanaşı Asifin də günahsız olduğunu hesab edir. Bəs onun fikrincə bu məsələdə əsas günahkar kim idi? Cəfərovun fikrincə, bütün məsuliyyət AFFA-nın üzərinə düşməli idi: “Əslində heç Asifi də günahkar saymıram. Bilirsiz niyə? Çünki bu işi AFFA eləməliydi. Həmin sənədi mən sonradan gördüm. Həmin siyahıda yalan olmasın, 300, 500 bəlkə də 1000 futbolçunun adı vardı. İnanmıram ki, kimsə o siyahını qarşısına qoyub bir-bir orada ad axtarardı. Sözümün canı odur ki, həmin sənəddən əvvəldən də xəbərdar olsaydıq, çətin ki Epallenin cəzalı olduğuna bilərdik. Buna görə də mən günahı AFFA-da görürəm. Necə olur, Azərbaycan çempionatının və kubokunun oyunlarından qabaq təşkil olunan oyunqabağı iclaslarda komandalara deyilir ki, filan oyunçunuz ya oyunçularınız cəzalıdırlar, oynaya bilməyəcəklər. Bunu avrokubok oyununda da deyə bilmirlər? Bilirsiz, Asif, İbrahim – biz kiçik fiqurlarıq. Böyük vəzifəsi olmayan insanları günahlandırmaq, məsuliyyəti onların üstünə atmaq, ləkələmək, yıxılana balta vurmaq asandı. Amma AFFA hadisədən yaxasını kənara elə çəkdi ki, hər şey “Bakı”nın üzərində qaldı.
Sonda İbrahim Cəfərov cavab oyunundan əvvəl baş vermiş maraqlı bir məqamı da bildirdi. Demə, Podqoritsadakı oyunda qazanılan 3:0 hesablı qələbə də “Bakı”nın növbəti mərhələyə keçməsinə bəs imiş: “Hamı peşəkarlıqdan danışır. Amma sizə bir məsələni də açıb, deyəcəm. Deməli, bizə texniki məğlubiyyət verildikdən sonra da ruhdan düşmədik. Yenə də mərhələ adlayacağımıza inanırdıq. Hamı qələbəyə köklənmişdi. Həmin vaxt Hafiz müəllim də Çernoqoriyadaydı və oyunqabağı iclasda futbolçularla söhbəti oldu. Hər kəs qələbəyə köklənmişdi. Hər birimizin də ağlında bir fikir var idi – 4:0 hesablı qələbə. Amma sonradan məlum oldu ki, bizə 3:0-lıq qələbə də kifayət edirdi. Halbuki oyundan öncə heç kim bunu bilmirdi. AFFA-dan bir adam bizə demədi ki, 3:0 hesabı ilə qalib gəlsək də mərhələ adlayacaqdıq. Qaydalara əsasən ilk oyunda texniki məğlubiyyət alan komanda cavab oyununda 3 cavabsız qol vurursa, mərhələ adlayır. Yəni əlavə vaxta ehtiyac qalmır. Komanda 2:0 öndəydi və daha 2 qol barədə düşünürdü. Halbuki bizə 2:0-dan sonra müdafiəyə diqqət yetirərək 1 qol da vura bilərdik. Bu da sizə peşakarlıq. Bunun da günahkarı Asif, İbrahimdi?”
Düzü, İbrahimin fikirlərindən sonra məni bir məsələ düşündürür – nəyə görə bir çoxlarının, o cümlədən sıravi Cəfərovun fikrini dinləyən, izahat tələb edən klub rəsmilərini, o cümlədən Hafiz Məmmədovu Asif Bağırovun fikirləri maraqlandırmayıb. Əgər günahkar hesab edilirdisə, izahat tələb edərdiniz. Yox, günahsız idisə, niyə təkcə Bağırov “Bakı”dan göndərildi?
Bu suallara cavab tapmaq üçün həmin dövrdə klubun icraçı direktoru vəzifəsini icra edən Yaşar Seyidovla görüşdüm. Yaşar müəllim baş verən diqqətsizliyə görə Asif Bağırovun günahsız olduğunu bildirdi:
– Əslində, həmin vaxt Asifin heç bir səhvi yox idi. Siyahı Asifin noutbukunda idi və İbrahim həmin noutbuku özü ilə Almaniyaya apardığından Asif hansısa futbolçunun cəzalı olub-olmamasını faktiki olaraq bilə bilməzdi. Həm də o vaxt Epalle transfer pəncərəmizdə görsənmirdi, Bakıdakı oyundan cəmi 2 gün əvvəl sifariş edilmişdi. Mən ən böyük səhvi komandanın o vaxtkı baş məşqçisi Şeferdə görürəm. Çünki, Epalleni məhz o komandaya gətirmişdi. Buna kimi Epalle onun rəhbərliyi altında başqa klubda oynamışdı. Yəni, məşqçi futbolçunu yaxından tanıyırdı və onun hansı vəziyyətdə olmasını bilməliydi. Bundan başqa, oyundan əvvəl Epalle ilə söhbət etmiş, onun cəzasının olub-olmamasını soruşmuşduq. O da bildirmişdi ki, cəza-filan yoxdu. Sonradan bu məsələ ortaya çıxanda fikrini belə izah elədi ki, elə bilib ki, 2006-cı ildə aldığı qırmızı vərəqə 4 il keçdiyinə görə ləğv olunub. Amma qaydalara görə, 4 il ərzində futbolçu UEFA bayrağı altında heç bir oyunda iştirak etmədiyinə görə cəza qüvvədə imiş.
Baş verənlərdən sonra adını çəkmək istəmədiyim adamlar vasitəsilə bəzi nüanslara aydınlıq gətirə bildim. Əgər Bakıdakı oyunda Epalle sarı vərəqə almasaydı, heç bu problem ortaya çıxmayacaqdı. Çünki, “sarı” kompüterə vurulanda görüblər ki, bu futbolçu cəzalı durumda imiş. Çoxları fikirləşə bilərlər ki, protokol kompüterə “vurulanda” onun adı çıxıb. Amma belə deyil. Həmin adamlar mənə izah elədilər ki, UEFA-da minlərlə futbolçu qeydiyyatdadı və onlarla bu tip hadisələrlə üzləşiblər.
O ki qaldı, həmin məğlubiyyətə görə təkcə Asifin cəzanlandırılmasına… Mənim Asifə böyük hörmətim var və yaxşı münasibətdəyik. Həmin vaxtdan bəri bir neçə dəfə görüşmüşük. Bəs niyə Asif bu məsələni indi gündəmə gətirir?
– Dəfələrlə Hafiz müəllimlə görüşmək, siyahını ona təqdim etmək isəyib, amma alınmayıb.
– Bu haqda bir söz deyə bilmərəm. Onun Hafiz müəllimlə görüşməyində bir problem görmürəm.
– Yaşar müəllim, Asifin komandada tutduğu vəzifəsindən getməyini ona Siz demisiniz. Hətta 3-4 günə Hafiz müəllimin onu qəbul edəcəyini və yeni vəzifə verəcəyini də söyləmisiniz. Asifin göndərilmək qərarı kimdən gəlmişdi və niyə geri qaytarılmadı?
– Vallah, üstündən 4 il keçib. Gərək həmin vaxtı yada salım. Yaxşı olar ki, sənin iştirakınla Asiflə görüşək, həmin vaxt baş verənləri bir də yada salaq. Hər şeyin necə baş verdiyini, bir yerdə araşdırsaq daha yaxşı olar.
Nə deyirəm Yaşar müəllim, gözəl təklifdi. Azından Asif Bağırovun “Bakı”dan gedişinə aydınlıq gətirmək üçün hər iki şəxsi eyni vaxtda dinləmək maraqlı olardı. Bağırovun günahsız olduğunu klub rəsmisindən eşitdik. Digər açıq qalan suallara isə yəqin ki, Yaşar Seyidov və Asif Bağırovun görüşündən sonra aydınlıq gələcək. Bu haqda növbəti sayımızda.

Fikirlərini bizimlə bölüş!