Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Atatürkün şəhərində iki gün

"Qəbələ"nin "Krasnodar"la səfər və "Borussiya" ilə hər iki oyunundan sonra hər şeyə böyük ölçüdə aydınlıq gəlmişdi. Ancaq yenə də, kiçik də olsa, ümid işığı var idi. Məhz bu işığın iziylə noyabrın 25-də Qəbələdən qalxan təyyarə Salonikiyə doğru yola çıxdı.

Yunanıstana ikinci səfər

Bu, Roman Qriqorçukun yetirmələrinin cari avrokuboklarda Yunanıstana ikinci səfəri idi. Bir dəfə Avropa Liqasının pley-off mərhələsində qədim Ellada torpağının köklü klublarından sayılan "Panatinaikos"u mübarizədən kənarlaşdıran "qırmızı-qaralar", bu dəfə çılğın azarkeşləriylə seçilən PAOK-un öhdəsindən gəlməliydi. Heyətdə itkilər çox idi. Buna baxmayaraq, cari mövsümdə yunan klublarıyla keçirdiyimiz oyunlarda (bura Kipr "Apollon"uyla oyunları da daxil etmək olar) məğlub olmayan "Qəbələ" ümid verirdi. Roman Qriqorçukun zəngin təcrübəsini də əlavə etsək, yaxşı nəticəyə inam bir az da artırdı. "Qəbələ" yerli çempionatın son 5 turunda qələbəyə həsrət qalsa da, rəqibin də vəziyyəti o qədər yaxşı deyildi. Belə ki, bizim kimi növbəti mərhələyə vəsiqə şansları elə də yaxşı olmayan Saloniki təmsilçisinin işləri yerli çempionatda da yaxşı getmirdi.

Qriqorçuku narahat edən əsas məqam isə talelərinin öz əllərində olmaması idi. Belə ki, "Qəbələ" Salonikidə qalib gəlsəydi belə, hər şeyə bu matçdan 2 saat öncə yekun vurulacaq "Krasnodar" – "Borussiya" oyununda aydınlıq gələcəkdi. Həmin oyunda rusların xal qazanması təmsilçimizin xəyallarının üzərindən xətt çəkəcəkdi…

Makedoniyanın paytaxtında…

Təxminən 3 saata yaxın davam edən uçuşdan sonra "Makedoniya" hava limanına çatdıq. Yox, biz heç də səhvən Yunanıstan yerinə Makedoniyaya getmədik. Sadəcə, coğrafi cəhətdən Makedoniya bölgəsinin şərq hissəsi Yunanıstana düşür. Elə buna görə də, Salonikinin mərkəzi hava limanı məhz belə adlanır. Bu ad yunanlar üçün böyük əhəmiyyət kəsb edir. Onlar bu adın slavyan makedonlarla yanaşı çəkilməsinə heç vaxt razı olmayıblar. Hətta bu slavyan ölkəsi müstəqillik əldə etdikdə belə, onun Makedoniya adlanmasına qarşı çıxıblar. Nəticədə Makedoniya Respublikası bütün beynəlxalq tədbirlərə FYR (Former Yugoslav Republic) Macedonia – yəni Keçmiş Yuqaoslaviya Respublikası Makedoniya adıyla qatılır. Egey dənizinin sahilində yerləşən Saloniki Yunanıstanın ikinci ən böyük şəhəri olmaqla yanaşı, Makedoniya bölgəsinin paytaxtı hesab olunur.

Yunanlar üçün tətil yeri, türklər üçün isə…

Şəhər e.ə. 315-ci ildə Makedoniya kralı Kassandr tərəfindən salınıb. Makedoniyalı İskəndərin bacısı Fessalonikayla evli olan kral, şəhəri də məhz onun şərəfinə Saloniki adlandırıb. Saloniki yunanlar üçün Makedoniya bölgəsinin paytaxtı, böyük İskəndərin izlərinin olduğu şəhər, əsas istirahət mərkəzlərindən biri hesab edilsə də, türklər üçün bu şəhər Türkiyə respublikasının qurucusu Mustafa Kamal Atatürkün dünyaya göz açdığı, böyüyüb boya-başa çatdığı məkandı.

Salonikiyə gedəcəyimi öyrənəndə, orda ziyarət edəcəyim ilk məkanın məhz bu ev olacağını özüm üçün müəyyənləşdirmişdim. Elə də oldu. Bir neçə həmkarımla birgə türk dünyasının böyük şəxsiyyətinin dünyaya göz açdığı məkana yollandıq. Ev bu gün muzey kimi fəaliyyət göstərir. Türkiyənin Salonikidəki konsulluğunun düz yanında yerləşən və konsulluğun işçilərinin nəzarət etdiyi evə giriş pulsuzdu. Digər diqqət çəkən hal isə Türkiyə konsulluğunun önündə çoxsaylı yunan əsgərinin olması idi. Əvvəlcə burda nə isə qeyri-adi hadisənin baş verdiyini düşünsək də, sonradan bunun adi hal olduğu, hansısa xoşagəlməz hadisənin baş verməməsi üçün konsulluğun həmişə belə qorunduğu məlum oldu.

Evdə Atatürkün anası Zübeydə xanımın və dahi şəxsiyyətin özünün iki mum heykəli var. Mum heykəllər çox uğurlu alınıb. Belə ki, Atatürkün həm uşaqlıq vaxtlarını əks etdirən, həm də yaşlı vaxtının heykəlinə baxarkən, özümü bu dahi şəxsiyyətlə doğrudan üz-üzə durmuş kimi hiss etdim.

Ev-muzeydə bizə bələdçilik edən konsulluq işçisi jurnalist olduğumuzu və PAOK – "Qəbələ" oyunuyla bağlı gəldiyimizi öyrəndikdə ölkə futboluyla bağlı bir neçə sual verdi. Söhbət əsnasında bələdçimizin qatı "Qalatasaray"lı olduğu üzə çıxdı. Bələdçiylə səmimi söhbətdən sonra evdən ayrılaraq Salonikiylə əyani tanışlığa yollandıq.

Dilənçilərlə dolu şəhər

Saloniki baxımsız binalarına və uçmuş qalalarına baxmayaraq, insana xoş təsir bağışlayır. Bəlkə də, buna səbəb yerli əhalinin bu şəhərdə yaratdığı xoş auradı. Sanki Yunanıstanı bürümüş böhran bu şəhərə təsadüf etməyib. Edibsə də, bu, insanların üzündə heç də əks olunmurdu. Onlar deyirlər, gülürlər, bir sözlə, istədikləri kimi yaşayırlar. Axşam olduqda isə restoranlardan xoş yunan musiqisinin sədaları ətrafa yayılır. Ancaq hər addımbaşı üzləşdiyimiz dilənçilər Salonikidə də vəziyyətin heç də ürəkaçan olmadığını göstərirdi. Bəziləri qucağındakı uşağı göstərərək yardım istəyir, bəzisi yerdə çöməlmiş formada, bir qrup uşaq isə qarmon çalaraq dilənirdi. Kafedə olduğumuz zaman bizə yaxınlaşan və sədəqə almadan getməyən bir azyaşlı, aldığı sədəqədən heç də məmnun qalmadı. Hətta çıxarkən qapıda dayanmış satıcı qıza hədə-qorxu gəlməyi də unutmadı. Onun bu hərəkəti həm bizim, həm də kafe işçisinin təbəssümüylə müşayiət olundu.

Ümumiyyətlə, Salonikinin dənizkənarı parkı daha gözəldi. Bu parka doğru uzanan mərkəzi küçədə çoxlu mandarin ağacı olması diqqətimi çəkdi. Əsas maraqlı olan məqam isə ağacın üzəri mandarinlə dolu olsa da, heç kimin ona əl uzatmaması idi. Bir anlıq içimdə belə bir sual yarandı – Görəsən, bu ağaclar bizim dənizkənarı parkda olsaydı, mandarinlər tam dəymiş vəziyyətə çata bilərdi?

Saloniki uzun müddət – təxminən 500 il Osmanlı İmperiyasının tərkibində olsa da, şəhərdə türklərə məxsus tikililər elə də çox qalmayıb. Türklərin dövründə məscidə çevrilmiş kilsələr isə yenə əvvəlki kimi tikildiyi məqsəd üçün fəaliyyət göstərir.

PAOK çılğın fanatlarıyla ad çıxarsa da, şəhərdə gəzdiyimiz zaman söhbətləşdiyimiz insanlardan bir çoxu ya futbolla o qədər də maraqlanmır, yada ki, Salonikinin digər klublarına azarkeşlik edirdi. Hətta bu şəhəri təmsil etməyən "Panatinaikos" və "Olimpiakos"un da fanatlarına rast gəldik, amma PAOK-un yox…

Şəhərə çatdıqdan bir neçə saat sonra oyunöncəsi mətbuat konfransı üçün PAOK-un ev oyunlarını keçirdiyi "Tumba" stadionuna yollandıq. Qriqorçuk mətbuat konfransında komandasına inandığını desə də, tez-tez itkilərdən söz açması onun nə qədər qayğılı olduğunu göstərdi. Mətbuat konfransından sonra yerli jurnalistlərdən sabahkı oyuna marağın necə olmasıyla maraqlandıq. Həmkarlarımız isə oyuna marağın az olduğunu, 28 minlik "Tumba" stadionuna təxminən 10 min azarkeşin gəlmək ehtimalının olduğunu dedilər. Buna əsas səbəb kimi isə havanın yağmurlu olmasını, komandanın növbəti mərhələyə vəsiqə şansının az olmasını və yerli çempionatın son turlarındakı uğursuz oyunları göstərdilər.

Havadan söz düşmüşkən, Salonikiyə ilk ayaq basdığımız zaman hava isti olsa da, oyun zamanı bir xeyli soyumuşdu. Oyundan bir gün öncə isə gözlənilmədən güclü yağış yağmışdı.

"Tumba" stadionuna yollandıqda artıq hər şey bizim üçün bitmişdi. Belə ki, "Krasnodar" – "Borussiya" oyunu bizim və yunanların arzulamadığı kimi, rusların qələbəsiylə yekunlaşmışdı. Bu da, bizi meydanda gərgin yox, formal oyunun gözlədiyini göstərirdi. Elə də oldu. Oyunun müəyyən hissəsində bu və ya digər komandanın üstünlüyü ələ aldığı matç, Bakıdakı kimi qolsuz bərabərliklə başa çatdı.

O ki qaldı azarkeşlərə, oyun zamanı yunan həmkarlarımızın dediyindən də az, təxminən 6-7 min azarkeşin gəldiyi məlum oldu. Buna baxmayaraq, qapı arxasında qərarlaşan təxminən 2-3 minlik azarkeş qrupu oyunboyu susmayaraq, stadionun yarıdan çoxunun boş olmasını hiss etdirmədilər.

Oyun zamanı başqa bir maraqlı hadisə də yaşandı. Belə ki, avrokuboklarda adətən heyətlər, oyunçu dəyişiklikləri, qolun müəllifi kimi qeydlər qonaq komandaya hörmət əlaməti kimi təmsil etdiyi ölkənin dilində səsləndirilir. "Tumba" stadionunda isə qeydlər yunancayla yanaşı, azərbaycan dilində yox, rusca səsləndirildi. Eyni hal oyunsonrası mətbuat konfransında da yaşandı. Belə ki, PAOK-un baş məşqçisi İqor Tudorun dedikləri azərbaycanca yox, rusca tərcümə edildi. Bəlkə də, yunanlar hələ də, Azərbaycanı artıq mövcud olmayan SSRİ-nin bir parçası kimi görür. Əks halda, onların bu hərəkətinə heç bir məna vermək olmur.

Bizim üçün kiçik təsəlli də oldu. Belə ki, "Qəbələ" yenə yunan komandalarına boyun əymədi. Ancaq tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsində iştirak edən "Qəbələ"nin qarşısında daha bir vəzifə dayanır: Roman Qriqorçukun yetirmələri qrupdakı son – "Krasnodar"la ev oyununda qalib gəlməklə, ilk 3 xalını qazanmalıdı.

Fikirlərini bizimlə bölüş!