Azərbaycan yeni çempionunu qarşılayır: “Sabah” erası başlayır?!

Azərbaycan yeni çempionunu qarşılayır: “Sabah” erası başlayır?! — illüstrasiya

“Sabah”ı indidən təbrik etmək olar. Lider artıq əlçatmazdır və çempionluğun yalnız rəsmiləşdirilməsi qalır. Finişə 5 tur qalmış 13 xallıq fərq bunu əminliklə söyləməyə əsas verir.

“Bayquşlar”ın AFFA-nın hazırkı rəhbərliyi tərəfindən dəstəkləndiyi haqda söz-söhbətlərə rəğmən, ölkənin ən titullu klubu ilə oyunlarda sübut etdilər ki, qızıl medallara hamıdan çox layiqdirlər.

Fakt ortadadı; son illərin dəyişməz çempionu “Qarabağ” onlarla bacara bilmədi! Biri kubokda olmaqla, 2025/26 mövsümündə keçirilən 4-cü qarşılaşmada da ağdamlıların qalib gəlməyə gücü yetmədi. Əksinə, ikinci dəfə məğlub oldular (1:2, 3:3, 2:2, 0:1). Halbuki son qarşılaşmanın ikinci hissəsini say üstünlüyü ilə keçirmişdilər, yenə də çarəsiz qaldılar.

Ağdamlılar azarkeşlərinə böyük məyusluq yaşatdılar, daha deməyə söz qoymadılar. Gözləntilərin əksinə olaraq, Çempionlar Liqasında mübarizəni dayandırıb diqqəti çempionata yönəltsələr də, “Sabah”la fərq azalmaq əvəzinə daha da artdı. Şəxsi oyunlarda üstünlük rəqibin tərəfində idi. Son iki turda “bayquşların” mövsüm boyu qapılarına penalti və futbolçularına qırmızı vərəqə verilmədiyi barədə arqumentlər də öz aktuallığını itirdi.

“Sabah” biləyinin haqqı ilə çempionluğa doğru irəliləyir. İdarəçilik, bazası, oyun keyfiyyəti, nəticələr, heyət və xüsusilə usta baş məşqçinin işi onların 2026-cı ilin ən yaxşısı olduğuna şübhə yeri qoymur.

Beş il öncə “Neftçi” də “Qarabağ”ın çempionluq seriyasını dayandıra bilmişdi. Lakin o zaman baş verənlər daha çox bir oyunun xətası və ani diqqətsizlik kimi qiymətləndirilirdi. Sonrakı dominantlıq da bunu təsdiqlədi. İndi isə vəziyyət fərqlidir. Bu “Sabah” bir mövsümlük uğurla kifayətlənəcək klub təsiri bağışlamır.

Qarşıdakı illərdə də rəqiblər üçün ciddi başağrısı olacaq. Azərbaycan futbolunda yeni bir eranın başlaması da mümkündür. “Kəpəz”, “Şəmkir”, “Bakı”/”İnter” və “Neftçi”nin qızıl çağlarından sonra uzun illər idi ölkədə “köhlən atlar” hegemonluq edirdi. Tempi belə sürdürsə, “Sabah” ancaq inkişaf edəcək, birinci statusundan bərk yapışacaq.

Əlbəttə, çox şey “Qarabağ”ın bu şok vəziyyətdən nə dərəcədə tez ayıla bilməsindən asılıdır. Qurbanov özü də etiraf edir ki, yetirmələrini toparlamaqda çətinlik çəkir. Sanki bir ümidsizlik var. Komanda həm oyun baxımından, həm özünəinam, həm də intizam cəhətdən tükənmiş təsir bağışlayır.

Avropadakı tarixi uğur bəzi futbolçuların başını o qədər gicəlləndirib ki, hələ də özlərinə gələ bilmirlər. Aparıcı legionerlər aldıqları cəlbedici təkliflərdən sonra Azərbaycan çempionatına fokuslanmayıb və ayrılmaq yolları axtarırlar.

Azərsun rəhbərliyinə isə elə də güvənmək olmur. Həmişəki kimi nə yay, nə də qış transfer pəncərəsində səxavətli deyildilər. Çempionluq marafonunun sonuna doğru ehtiyat oyunçular skamyasının gödək olması tutulun əldən çıxmasında həlledici rol oynadı.

Yayda sponsorun yanaşmasının dəyişəcəyi, heyətin ciddi gücləndiriləcəyi, layiqli alternativlərin çoxalacağı inandırıcı görünmür.

“Qarabağ” qısa müddətdə elə geriləyib ki, kubokun yarımfinal mərhələsinin cavab oyununda belə “Sabah”dan revanş alacaqları real deyil. Bu minvalla Dambrauskasın qızıl dubl etmə ehtimalı daha yüksək görünür.

Qurban xocanın böyük təcrübəsini bu dəfə də işə salıb qara zolaqdan çıxıb-çıxmayacağını isə yayda başlayacaq növbəti avrokubok macərasında görəcəyik.

Hələlik isə Azərbaycan futbol ictimaiyyəti 9-cu ölkə çempionu – “Sabah” Futbol Klubunu vəsf etməyə başlaya bilər. Ümid edək ki, Masazır ünvanlı klubun taleyi əvvəlki çempionlar – “Bakı”, “İnter” və “Xəzər Lənkəran” kimi qısaömürlü deyil, əksinə, daha köklü olacaq və Azərbaycan futbolunda layiqli iz qoyacaq.

Mövzu üzrə digər yazılar: “Qarabağ”ın, yoxsa “Sabah”ın çempionluğu vacibdi? və “Sabah” rəhbərliyi digər klubları necə aldadıb?.

Turan ŞAHSEVƏNLİ


Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!