AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun “Bizim futbol”dakı açıqlamalarından belə aydın oldu ki, 2016-da tarixə qovuşan 10 komandalı çempionat 2020-də də dönməyəcək. Yenə 10 milyon əhaliyə, 25 milyard manat büdcəyə malik ölkə 8 komandanın kuboku nəzərə almasaq, bir mövsüm ərzində yaşıl meydanda ən azı dörd dəfə üz-üzə gəlməsini izləyəcək, yenə futbolun coğrafiyası Bakı ilə məhdudlaşacaq, yenə minlərlə futbolçu iş yeri tapa bilməmək üzündən başqa sahələrə yönələcək…
Ümumiyyətlə, 2016/17 mövsümündən başlayan tendensiya getdikcə məhkəmlənməkdədi, yəni Azərbaycan premyer-liqası göz önündə ABŞ-ın qapalı MBA, MHL kimi dünyaca məşhur liqalarının analoquna çevrilir. 2017-də AZAL gedib, yerinə “Səbail” gəlib, 2018-də “Kəpəz” gedib, yerinə “Sabah” gəlib, 2019-da nə gedən olub, nə də gələn. Çox güman, bu il də elitanı tərk edən və 1-ci diviziondan yuxarı “dırmaşan” komanda olmayacaq. Beləliklə, AFFA İcraiyyə Komitəsinin iclaslarında, konfranslarda komanda sayının artırılacağı ilə bağlı deyilənlərin demaqogiyadan və siyasi rəhbərliyin gözünə yaxşı görünmək cəhdlərindən başqa bir şey olmadığı aydınlaşdı. Komanda sayındakı mümkün artımı şərtləndirən heç bir səbəb yoxdu. Nə qədər acı olsa da, böyük biznes, nəhəng şirkətlər və iş adamları çoxdan futbola arxa çevirib, futbol özünü dolandıran, qazanc gətirən fəaliyyət sahəsi deyil və nəticə etibarilə sayı ümumilikdə 2 minə çatmayan futbolçu, azarkeş, fanat, jurnalist ordusundan başqa heç kimə lazım deyil.
Amma ölkə futbolunun indiki durumundan, daha doğrusu, Məmmədovun açıqlamasından doğan başqa maraqlı suallar da var. Məsələn, “kəmiyyətdən çox sabitliyə nail olmaq daha yaxşıdı, növbəti mövsümü 8 komanda ilə davam etdirməyi daha məqsədəuyğun sayırıq, hər halda, bu, mövsümə 10 klubla başlayıb, az komanda ilə bitirməkdən daha yaxşı olar” cümlələrinin altında geniş publikanın bilmədiyi həqiqətlərin yatdığına əminəm. Məmmədovun açıqlamasındakı qeyri-müəyyənliyin əsasında ölkə futbolunda özünəməxsus yeri olan “Qəbələ”nin gələcəyi ilə bağlı narahatlıq dayanır. Nə qədər acı olsa da, bu komandanın da yayda tarixə qovuşması, belədə isə əvəzinə “Turan”la “Kəpəz”dən birinin gəlməsi mümkündü. Ümid edək ki, “Qəbələ” varlığını sürdürəcək və elita yenə indiki tərkibində qalacaq. Belədə başqa sual yaranır. Hədəf enində-sonunda ölkə futbolunun elitasında oynamaq deyilsə, hər il Gəncədə və Tovuzda klub saxlanılmasına, etiraf olunan rəqəmə inansaq, 350 min manat xərcləməyin, infrastruktur layihələri gerçəkləşdirməyin mənası nədi? Həm Gəncə, həm də Tovuz öz imkanları hesabına 1-ci divizionda ortabab komanda saxlaya bilərdi də. Bu şəhər və rayonlarda yaşayan futbolsevərləri illər boyunca xəyalplovla qidalandırmaq, sonra da günün birində “yenə də kənarda qaldız” demək hansı məntiqə sığır, Elxan bəy?
Yox, futbolda maliyyə durumu ilə bağlı durum dediyiniz qədər acınacaqlıdısa, “kəmiyyət yox, keyfiyyət” gerçəyinin əsasında bu məqam dayanırsa, onda hansı əsasla heç bir hədəfi olmayan Azərbaycan yığmasına əcnəbi məşqçi gətirməklə bağlı danışıq aparırsız? Axı siz faktiki ölkə futboluna rəhbərlik edirsiz. Adamın fəaliyyət planı ilə əməlləri və hərəkətləri arasında hansısa məntiqi rabitə olmalı deyilmi? Uzunmüddətli karantin rejiminin baxışlarınıza müsbət yöndə təsir edəcəyini, daha rasional, praqmatik düşünməyə başlayacağınızı gözləyirdik. Bəs nə oldu? Yenə karantinə ehtiyac var?
HUŞƏNG
Azərbaycansayağı MBA, MHL…




Fikirlərini bizimlə bölüş!