“Rəhbərlik çempionatdakı qələbələr üçün müəyyən mükafat büdcəsi ayırmışdı. Etiraf etməliyəm ki, həmin büdcə 8-ci tura kimi bu qədər çox qələbə üçün nəzərdə tutulmamışdı. Oyunçularımız öz zəhmətləri ilə mükafatı qazandılar. Bəli, bu qələbələr ayrılan plana müəyyən təsir edir, amma rəhbərliyimiz də sağ olsun, uşaqların əziyyətini qiymətləndirmək üçün əlindən gələni edir” – bu sözləri “Kəpəz”in baş məşqçisi Azər Məmmədov “Şəfa” səfərindən qazanılan 3 xaldan (2:1) sonra deyib.
8 turdan sonra 4 qələbə və 2 heç-heçə ilə 6-cı pillədə qərarlaşan “qadasını aldıqlarım” gözləniləndən yaxşı nəticəyə nail olublar.
Daha yaxşı olsun!
Amma bilmirsən, Azər müəllimin açıqlamasından sonra bu sözlər klub rəhbərliyi üçün alqışdır, yoxsa qarğış…
Ardıcıl qələbələr qazansalar, görəsən, nə baş verəcək?! Rəhbərlik mükafatları ödəmək üçün kredit götürməli olacaq?
Zarafat bir yana, bunu Məmmədovun səmimiliyinə bağlayırıq. Azca “siyasəti” olsaydı, bilərdi ki, belə məsələləri açıqlamaq lazım deyil.
Amma zəhmətkeş mütəxəssisi sevdirən tərəfi də elə bundadır.
“Kəpəz”ə yuxarı pillələr yaraşır, çünki ora Azərbaycan futbolunun döyünən ürəyidir.




Fikirlərini bizimlə bölüş!