Yaxşı yadımdadır, Qurban Qurbanovun “Qarabağ”a yeni baş məşqçi təyin olunduğu vaxtlar ona qarşı hədsiz təzyiqlər var idi. İstər mətbuatdan, istər futbol ictimaiyyətindən, isrərsə də azarkeşlərdən. Onu Ramin Musayevin adamı adlandırdılar. Guya Musayevin daydaylığı sayəsində bu posta gətirilib. Suraxanıda “Simurq”a 0:2 hesabı ilə uduzandan sonra bir qrup azarkeş Qurbanovun üzərinə hücum da çəkmişdi və onu istefaya səsləmişdi. Analoji hal 2011-ci ilin noyabrında da olmuşdu. Ağdam klubu Quzanlıda “Neftçi”yə 1:2-lik məğlubiyyətdən sonra 5-ci pilləyə düşdü, azarkeşlər yenidən baş məşqçini istefaya səslədi, hətta bir qrup azarkeş bəyanat yayaraq gənc məşqçinin istefasını tələb etdi. Həmin vaxtlar Xəzər TV-də yayımlanan “Futbol saatı” verilişində ekspert kimi çıxış edirdim. Düşünrdüm ki, nəyə görə əcnəbilər gəlib bizim milyonlarımızı dağıdır, qatlayıb cibinə qoyur, üstəlik nəticə də vermir və onlara güldən ağır söz deyilmir, amma öz cavan məşqçimiz 1-2 oyun uduzan kimi ona qarşı təzyiqlər başlayır. Həmin vaxt efirdən də buna öz etirazımı bildirmişdim və bildirmişdim ki, Qurbanovun üstünə gedib onu istefaya səsləmək yox, əksinə, ona dəstək olmaq lazımdır. Çünki əmin idim ki, o güclü məşqçi olacaq və “Qarabağ”a böyük uğurlar qazandıracaq. Ona da əmin idim ki, Qurbanov bu komandaya çempionluğu qazandıracaq. O gün bu gündür.
Qurbanov Azərbaycanın sərvətidir. Sözlərimdə boğazdan yuxarı heç nə yoxdur. Qohumum deyil, əmim oğlu deyil, dayım oğlu deyil. Məşqçi, yaxud futbolçu da deyiləm ki, sabah məni yanına apara. O Zaqataladan mən Sumqayıtdan. Sonuncu dəfə 2013-cü il oktyabrın 20-də “Sumqayıt” – “Qarabağ” matçından sonra görüşüb hal-əhval tutmuşuq. Sadəcə, düşünürəm ki, sözün əsl mənasında Azərbaycan futbolunun inkişafını istəyiriksə, bu cür insanlara dəstək olmalıyıq. Azərbaycandakı tək-tük məşqçilərdəndir ki, öz üzərində durmadan çalışır, işləyir, öyrənir.Yığmaya namizədliyi irəli sürüləndə getməsini istəməmişdim. İstəmirdim ki, futboldan bixəbər insanların çoxluq təşkil etdiyi mühitə düşüb nüfuzunu itirsin. İstəyirdim ki, elə “Qarabağ”da qalsın və uğurlu işini davam etdirsin. Nə yaxşı da getmədi. Qaldı və “Qarabağ”ı 21 ildən sonra çempion etdi. İndi Avropada qrup mərhələsində oynamağın vaxtıdır və əminəm ki, Qurbanov bunu da bacaracaq. Təbii ki, onu millinin baş məşqçi postunda görməyi mən də çox istəyirəm. Gün gələcək bu da olacaq və Qurbanovun rəhbərlik etdiyi Azərbaycan millisi Dünya və Avropa çempionatının final mərhələsində də oynayacaq. Amma bunu indi istəmirəm. Çünki Qurbanovu sözün əsl mənasında Azərbaycanın milli komandasının baş məşqçisi görmək istəyirəm. Təssüf ki, indiki milli Azərbaycanın yox, Elxan Məmmədov, Berti Foqts, Bernhard Lippert kimilərinin komandasıdır.
Bu arada “Qarabağ” rəhbərliyinə də sağ ol deyirəm ki, onlar da böyük səbr göstərdilər, komandanın çətin vaxtlarında Qurbanova güvəndilər, ona inandılar və dəstəklədilər.
“Qarabağ”ın çempionluğuna həm də ona görə sevinirəm ki, Qarabağ adı yenidən Avropada uğurla səslənəcək. “Qarabağ”ın və Qarabağın layiqli oğlu Qurban Qurbanov isə həmin uğurların memarı olcaq. Bəli məhz Qarabağın. Qurbanov Zaqatalada doğulsa da Qarabağın Avropada Azərbaycanın ərazisi kimi tanınmasında onun da böyük rolu oldu. Qurbanov bununla öz gücünü də sübut etmiş oldu. Hər halda, Avropa Liqasının oyunlarını da Ramin Musayev təşkil etmir ki, orada qazanılan uğurların da arxasında PFL prezidentinin barmağını axtaraq. “Borussiya” kimi klubun baş məşqçisi Yurgen Kloppun “Təəssüf ki, ermənilər “Qarabağ”ın təmsil etdiyi Ağdam şəhərini işğal etdiyindən onlar ev oyunlarına Bakıda keçirirlər” deməklə erməniləri işğalçı dövlət kimi təqdim etməsində də Qurbanovun böyük rolu var. Deməli, Qurbanov həm də əsl qarabağlıdır!




Fikirlərini bizimlə bölüş!