Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Azərbaycanın rəzil futbol veteranları

Bir az da futbol veteranlarımız barədə söhbət açaq…

Arif Əsədov da mili komandaya baş məşqçi təklif etdi: Qurban Qurbanov olmasa, yığma komandımızın başına Şahin Diniyev gətirilmədir!

Əziz futbolsevərlər, bax bizim futbol veteranlarımız budur! Bu məmləkətdə nə Kaxa Kaladze, nə Corc Vea, nə də ən pis xalda Aleksandr Bubnov var. Tipik azərbaycanlı olaraq, Arif Əsədov da qohumu, yaxını olan Şahin Diniyevin adını çəkir. Çempionatda sonuncu yerdə gedən komandanın baş məşqçisini milli komandaya məsləhət görmək nə dərəcədə düzgündür?

Şahin Diniyev əvvələr da milli komandada çalışıb. Necə çalışdığından da xəbərimiz var. Total milliləşdirməyə da indiki AFFA rəhbərliyi deyil, məhz Diniyev kimi bacarıqsız məşqçi start verib. Əvvəl bir qrup təcrübəli futbolçunu şərlədi sonra da Ernani Pereyra, Sergey Sokolov kimi ortabab futbolçuları milliyə cəlb edib. Elə olurdu ki, meydana çıxan 11 nəfərdən 6 futbolçu əcnəbi idi! Neçə-neçə istedadlı futbolçularımızın haqqını yedi! Sonra da Diniyev kimi iki yox, əlliüzlü adamlar and içirlər ki karyeyaboyu Azərbaycan futboluna xidmət ediblər. Hələ onu demirəm ki, həmin vaxt yığmaya cəlb olunanlar hansı şərtlər ilə ölkənin bir nömrəli komandasına çağırılırdı.

Hələ bu yaxınlarda bəlli olacaq ki, “Kəpəz” klubuna futbolçular nə cür cəlb olunub, klubu necə tərk edib. Faktiki olaraq sərbəst olan futbolçuya görə başqa klubdan böyük pullar istənilib və alınıb. Bütün bunları Mikayıl Nərimanoğlu təkbaşına görüb? Nə yuxarıların (AFFA rəhbərliyi), nə də aşağıların (Şahin Diniyev) xəbəri olmayıb? AFFA-dakılar da güya “troynoy proverka” edir. Özünüzü “troynoy” yoxlatdıran gərək!

Yaxşı bəs Gəncə futbolunun veteranları hara baxırdı? Azərbaycanın futbol Məkkəsi, nə bilim nə…Həmin o veteranlardan biri da hazırda həbsdədi – Faiq Cabbarov. Kimlərəsə pul atdığına görə. Təəssüflər olsun ki, Azərbaycanda futbol veteranları rəzil durumdadı. Yenə Fuad Musayevin vaxtında ara-sıra səslərini çıxardırdılar. Çünki Musayev dövlətin adamı deyildi. Kimlərinsə kölgəsində gizlənib danışmaq asan idi. Hazırda AFFA-nın “ispolkom”unda yer alan Vaqif Sadıqov milli komandanı atıb getdi və bu xainliyinə görə İdman nazirliyindən mənzil aldı. Digərləri da onun kimi kimlərəsə arxalanaraq Musayevın istefasını tələb edirdi. Həmin vaxt Musayev əla cavab verib. Deyib ki, bu veteranlardan biri gəlsin qabağımda öz əli ilə tərcüməyi-halını yazsın, AFFA-dan özüm istefa verərəm.

Veteranlarımıza görə xəcalət çəkirəm. Bəylər, axı bu futbol sizin tale yolunuzdur. Ömrünüzün ən yaxşı illərini futbola həsr etmisiniz. Bu gün ölkə futbolunda baş verən biabırçı mənzərəni görmürsüz? Ölkədə futbolçu yetişmir. Aşağı yaş milliləri da legionerlərlə doldurulub. Liqamızda cəmi 8 klub qalıb. Hansısa “проходимец” Lippert ayda 60 min manat alır, siz isə AFFA-dan dilənçi payı almaqla ömrünüzü xərcləyirsiz. Futbol adamı olmayan, futbolun nə olduğunu bilməyən Mikayıl Nərimanoğlu ayda 12 min manat alırdı.

Nəyə görə sizlərdən biri da AFFA-nın texniki direktoru, Kəpəzin idarəçisi olmasın? Çünki zəifsiz. Mütəxəssis olaraq, şəxsiyyət olaraq zəifsiz. İşiniz-gücünüz elə çayxanada-pitixanada oturub onun bunun dalınca danışmaqdır. Jurnalisti görən kimi başlayırsız Rövnəq Abdullayevı, Elxan Məmmədovu, Ramin Musayevı yıxıb sürməyə. Amma diktofon görən kimi…

Sizə qarşı AFFA nə edirsə düz edir. Sizə bu da azdır. İnsan ilk öncə özünə hörmət qoysun ki, bunu başqaları da etsin. Nəyə görə bu gün ölkə ictimaiyyəti deyir ki ölkədə cəmi bir məşqçi var, o da Qurban Qurbanov? Nəyə görə AFFA Di Matteo, nə bilim Roberto Karlos ilə danışıqlar aparmalıdı? Həmin Arif Əsədovun özü məşqçi kimi ölkə çempionu olub. Niyə onun kimi məşqçilərin adı çəkilmir? Çünki bizim məşqçilər (yenə də Qurbanov istisna) öz üzərində çalışmır və insani keyfiyyəri ilə cəmiyyətdə nüfüz sahibi deyillər!

P.S. Yeri gəlmişkən dahi mütəxəssis Arif Əsədovun baş məşqçi olduğu “Sabah” komandası bu gün 1-ci divizionda ardıcıl ikinci məğlubiyyətini aldı, bu dəfə Tovuzda, özü də 0-4 hesabı ilə! Təhsil Nazirliyi tərəfindən yüksək şəraiti yaradılan, öz stadionu olan, heyətində yüksək ödənişlu futbolçular toplanılan “Sabah” 1-сi divizionda 8-9 yerləri paylaşır (10 komandalı yarışda). Arif Əsədov həm də AFFA tərəfindən gənc məşqçilərə seminar keçməyə seçilmiş bir adamdır. Mənim məsləhət verənimə bax da…

Fikirlərini bizimlə bölüş!