Azərbaycan futbolu

Xəbərlər və təhlillər

AZƏRBAYCAN SERBİYAYA QARŞI

Avrokuboklar mövsümünün başlanğıcı həm də ölkələrin UEFA əmsallar cədvəlində virtual mübarizəsinin startı deməkdir. Bu mövsüm Azərbaycan hara qədər yüksələ və ümumiyyətlə, reytinq cədvəli hansı dəyişikliklərə uğraya bilər?

UEFA əmsallar cədvəli hər növbəti mövsümün üçün ölkələrin avrokuboklardakı (UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası) təmsilçiliyini müəyyənləşir. İlk baxışdan reytinqin hesablaması çətin prosedur kimi görünsə də, əslində hər şey çox sadədir: klubların ayrı-ayrı matçlarda yığdıqları xallar toplanır və ölkəni təmsil edən klubların sayına bölünür. Yeganə incəlik ondan ibarətdir ki, hər qələbəyə görə 3 yox, 2 xal verilir (heç-heçə 1 xalla qiymətləndirilir). Bundan başqa ÇL-in qrup mərhələsinə (4 xal), ÇL-in 1/8 final mərhələsinə (5 xal) və ÇL və ya AL-in 1/4, yarımfinal və finalına vəsiqəyə görə (1 xal) komandaya bonus xallar əlavə edilir. Yekunda son 5 mövsümün nəticələri cəmlənir və ölkənin (liqanın) reytinqi müəyyənləşir. Bir məqamı da unutmaq olmaz ki, hər növbəti mövsüm başlayanda 5 il əvvəlki nəticələr silinir.

5 il əvvəl 4-cü onluğun quyruğunda qərarlaşan Azərbaycan “Neftçi” və “Qarabağ”ın uğurları, digər klubların da son illərdə ən azı bir mərhələ adlaması ölkənin reytinq xallarını xeyli artırıb və tarixində rekord 29-cu pilləyə qalxmasına şərait yaradıb. Əslində, “Qəbələ”, “İnter” və “Neftçi” ilk matçlarını keçirmədən Azərbaycan 28-ci idi. Amma birinci oyunlardan sonra Serbiya təmsilçilərinin 0,375 bal, Azərbaycan klublarının isə 0,250 bal toplaması Serbiyanın ümumi balı (10,750) bərabərləşdirməsinə gətirib çıxardı.

İndi elə bir durum yaranıb ki, ölkəmiz məhz Serbiya ilə 28-ci pillə uğrunda mübarizə aparır və mübarizədən qalib ayrılmaq şanslarımız heç də az deyil. Bizdən müvafiq olaraq, 0,875 və 1,875 bal geridə olan Qazaxıstan və Slovakiyanın fərqi qapatmaq şansları çətin görünür. Azərbaycan isə bu mövsümün sonunda Sloveniya, Bolqarıstan və Norveçi qabaqlamaq üçün boyundan yuxarı tullanmalıdır. Yaxud yenə hansısa bir klubumuz qrup mərhələsinə yüksəlməli və oradan xallar qazanmalıdır. Əlbəttə, bir şərtlə ki, yuxarıda adı sonuncu çəkilən 3 ölkə təmsilçiləri bizdən daha uğursuz çıxış etsin.

Bu həm də 23-cü pilləyə doğru ciddi addım ola bilər ki, məhz 23-18-ci pillələrdə olan ölkələrin Kuboklarının qalibləri Avropa Liqasında mübarizəyə birinci yox, ikinci mərhələdən start verir. ÇL-də təmsilçilərin sayını 1-dən 2-yə yüksəltmək üçün isə minimum 15-ci pilləyə qalxmaq lazımdır.

Cədvəlin yuxarılarına gəlincə, burada İspaniyanın hegemonluğu davam edir və çətin ki yaxın illərdə hansısa ölkə onları 1-ci pillədə sıxışdıra bilsin. Amma İtaliya xüsusilə də sonuncu mövsümdəki uğurlu çıxışdan sonra ilk “üçlüy”ə qayıtmaq və ÇL-dəki təmsilçilərinin sayını yenidən 4-ə çatdırmağa iddialıdır. Bunun üçün Seria A təmsilçilərindən bu mövsüm ən azı İngiltərə klubları ilə eyni nəticəni göstərmək lazım olacaq. Bu halda növbəti mövsümün əvvəlində 2011/12 mövsümünün nəticələri silinəcək və Seria A Premyer Liqanın önünə keçəcək.

Bu mövsüm həmçinin Rusiya, Portuqaliya və Fransa arasında 5-6-cı pillələr uğrunda mübarizə gedəcək. Əgər Fransa 6-lığı tərk edərsə, uzun fasilədən ilk dəfə sonra ÇL-ə yalnız iki komanda göndərə biləcək.

Fikirlərini bizimlə bölüş!