Bu axşam “Qarabağ” UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab qarşılaşmasında “Seltik”i qəbul edir. Bir həftə əvvəl Qlazqoda keçirilən ilk görüşdə şotlandiyalılar 1:0 hesabı ilə qələbə qazanmışdılar.
Ağdam klubu tarixində ikinci dəfə ÇL-in pley-off mərhələsinə çıxmaq uğrunda mübarizə aparacaq. Ötən mövsüm bu mərhələdə “Qarabağ”ın qarşısını “Zaltsburq” kəsmişdi (Bakıda 2:1, Avstriyada 0:2). Ona qədər isə “Neftçi” 2012/13 mövsümündə İsrail klubu “İroni”yə yenilmişdi: səfərdə 0:4, evdə 2:2.
Diqqət yetirsək, görərik ki, təmsilçilərimiz hər iki halda sonradan yollandıqları UEFA Avropa Liqasının pley-offundakı rəqiblərini məğlub edərək, qrup mərhələsinə vəsiqə qazanmışdılar. Amma ÇL-in qrupları və ona gedən yol – ÇL-in pley-offu Azərbaycan üçün hələ də fəthedilməz qalır. Halbuki, orada olmaq bütün mənalarda çox vacibdir.
Necə? “Seltik”i keçmək və pley-offa adlamaq nə deməkdir? Azarkeşlərin sevinməsi, UEFA əmsallar cədvəlinə əlavə edilən xallar və klubun şöhrətinin artmasından başqa həmçinin də PUL. Özü də böyük pullar!
Məsələn, “Qarabağ” hətta “Seltik”dən sonrakı növbəti rəqibinə iki matçın nəticəsinə görə məğlub olsa belə, büdcəsini ən azı 6 milyon avroya yaxın məbləğdə zənginləşdirəcək. UEFA ÇL-in pley-offunda iştirak edən 20 klub üçün ümumilikdə 50 milyon avro pul ayırıb: ÇL-in qruplarına adlayan 10 komandanın hərəsinə 2, məğlub olub Avropa Liqasının qrup mərhələsinə düşən 10 komandanın hərəsinə isə 3 milyon avro mükafat ödəniləcək. Üstəgəl, ÇL-in qrup mərhələsinə çıxmayan klublar üçün “həmrəylik ödəmələri”: ikinci təsnifat mərhələsində iştiraka görə 200 min avro + ÇL-in qrup mərhələsinə düşməyən kluba öz ölkəsinin çempionu kimi ödəniş 250 min avro + Avropa Liqasının qrup mərhələsinə çıxmağa görə də 2,4 milyon avro. Bütün bunlar da cəmdə 5,85 milyon avro edir. Hələ teleyayıma görə gəlirlər burada nəzərə alınmayıb.
ÇL-in qrupuna vəsiqə qazanacağı halda isə Ağdam klubu 14,3 milyon avro (ikinci təsnifat mərhələsində iştiraka görə 200 min avro + üçüncü təsnifat mərhələsində iştiraka görə 2 milyon avro + ÇL-in mərhələsinə çıxmağa görə 12 milyon avro) qabağa düşəcək. Əla rəqəmlərdir!
Mütəxəssislərin səviyyəsinə görə hətta dünya və Avropa çempionatlarından da üstün hesab elədiyi UEFA Çempionlar Liqası tək pul mənbəyi deyil, həmçinin nüfuz və şöhrət deməkdir. Bu oyunları planetin hər nöqtəsində izləyirlər, burada dünyanın ən yaxşı klubları, ən yaxşı futbolçuları oynayır və buna görə də layiq olduqları böyük pulları qazanırlar. Necə deyərlər, həm ziyarət, həm ticarət!
Bu gün Azərbaycanda klub futbolunun dirçəlməsi üçün ciddi təkana ehtiyacı var. Və indiki halda Çempionlar Liqasının qruplarından daha yaxşı təkan fikirləşmək çətindir. Ora gedən yol isə pley-offdan, ondan da əvvəl – üçüncü təsnifat mərhələsinin cavab qarşılaşmasından, Bakıdan, Tofiq Bəhramov adına Respublika stadionundan keçir.
21:30-da hamı stadiona! İrəli, “Qarabağ”!




Fikirlərini bizimlə bölüş!