Sentyabr başlayıb, amma havalarda sərinləmə yoxdu. Kondisionerə baxıb köks ötürdü. Yandırmaq olmaz. İyulda elə bu kondisionerin fasiləsiz işləməsi nəticəsində evə 300 manata yaxın işıqpulu borcu gəlib. Ötən həftə işıq idarəsinin işçiləri gəlib işığı kəsmişdilər. Borc tapıb, həmin 300 manatın yarısını ödədi. Onlar da sentyabrın sonuna qədər qalan məbləği ödəmək şərtiylə kəsdikləri naqilləri yenidən sayğaca birləşdirdilər.
Həyətə düşdü. Məhlədən çıxmaq üçün qonşunun evinin arxasından keçəcək, ordan da evlərin arasından fırlanıb, məktəbin həyətinə girəcəkdi. Yolunu uzatması səbəbsiz deyildi. Çünki binanın qarşısındakı dükanların hamısına borcu var. Dünən həyətin o biri başındakı ət dükanının yanından keçəndə qəssab Fizuli başını qapıdan çıxarmış, sifətini qırışdırıb, kirli əllərini saqqalına çəkəndən sonra salam-kəlamsız "borcunu nə vaxt qaytaracan?" deyə soruşmuşdu. Utanıb gözlərini yerə dikmiş, "Allah qoysa, bu həftə maaşlarımız verilməlidi" deyib, özünü evə çatdırmışdı. Qorxurdu ki, qəssab Fizulinin səsinə o birilər də səs verər, o biri dükançılar da ay-lardan bəri yığılıb-qalan pullarını tələb edərlər.
Gecə səhərə kimi yerində fırlanmış, gözünə yuxu getməmişdi. Artıq bir həftə idi ki, ömür-gün yoldaşı da onu danışdırmırdı. 10 gün əvvəl çarəsiz gəlin barmağındakı nişan üzüyünü satıb, hələ bir yaşı tamam olmamış qı-zını həkimə aparmışdı. Valideynlərindən pul istəməyə də üzü gəlməmişdi. Yaxşı yadında, atası onu öz qohumlarına vermək arzusundaydı. Ali təhsilli hüquqşünas olan uzaq qohumlarını ötən gün televizorda göstərirdilər. Yanaqlarından qan damırdı. Zavvalı qızcığaz ona ərə getməyə razılaşmamışdı, hələ orta məktəbdən tanıdığı, könül verdiyi insana ərə getmişdi. Onun bu tərsliyi valideynlərini də küsdürmüşdü. "Mənim sevdiyim oğlan futbolçudu. Gələcəkdə ulduz olacaq, onu milliyə də çağıracaqlar. Görərsiz, bizim pulumuz hamıdan çox olacaq. Bizə görə narahat olmayın, ana" deyərək anasını bir təhər razı salmışdı.
Əvvəllər ata-anası onun bu sözlərinə inanırdı. Amma son bir neçə ayda məyusluqlarını yenidən biruzə vermişdilər. Artıq onlar da aldıqları təqaüddən gənc ailəyə heç nə vermir, gün-lərlə zəng vurub qızlarının və nəvələrinin halını belə soruşmurdular. Oğlanın gözləri ye-nidən yol çəkdi. Övladları dünyaya gələndən sonra işləri qaydasında getmirdi. Artıq səkkiz ay idi ki, maaş üzünə həsrət qalmışdılar. Düzdü, ilk 2-3 ayda ciddi problem hiss olunmadı. Sonradan isə hər şey pisləşməyə başladı. Bir tərəfdən ipoteka ilə aldığı evə görə olan borc, digər tərəfdən ailənin xərcləri, qohum-qardaşın göndərdiyi toy dəvətnamələri…
Lap başını itirmişdi. Fikirli-fikirli dayanacağa çatdı. Orda dayanan taksi sürücüləri ona əhəmiyyət vermirdilər. Bilirdilər ki, pulu olmadığından taksiyə minməyəcək. Uşaqlıqdan tanıdığı Fikrət onunla uzaqdan salamlaşdı, yaxınlaşıb əl vermədi. Yaxşı ki, avtobus tez gəldi. Arxadakı oturacaqların birində özünə yer elədi. Telefonunu da ötən həftə satmağa məcbur olmuşdu. Əvvəllər avtobusda gedəndə telefonunu qurdalayar, musiqiyə qulaq asar, oyun oynayardı. Bu da bazanın qarşısındakı dayanacaq. Cibini qurdalayıb 20 qəpik çıxardı. Avtobusdan düşən kimi qamətini düzəltdi. İçəri aciz adamlar kimi girmək olmaz.
Qoy heç kim onun sındığını, əzildiyini düşünməsin. O da komanda yoldaşları kimi inanır, gələcəyə ümidlə baxır. Axı şəxsən klub prezidenti ötən ay onları gecəylə ofisinə yığmış, sədaqətli davrandıqlarına görə minnətdarlıq etmişdi. Klubun sahibi söz vermişdi ki, yaxın günlərdə bütün problemlər həll olunacaq, hamı pulunu son qəpiyinə kimi alacaq. Nə olaydı, bu gün heç olmasa, iki ayın pulunu verəydilər. Məhlədəki dükanların borcunu gələn maaşa da saxlamaq olardı. Elə bazanın yaxınlığındakı supermarketə girər, heç olmasa, ailəsi üçün bir neçə günlük ərzaq alardı. Ordan da qızıl dükanına yollanar, həyat yoldaşı üçün yeni üzük seçərdi.
Bazanın həyəti boşdu. Görünür, komanda yoldaşları yenidən aldanacaqlarını düşünüb, özlərini yola vurmaq istəməmişdilər. Ya da o tələsib, hamıdan tez gəlib. Bu gün pul almasa, burdan getməyəcək – özlüyündə qətiləşdirmişdi. Klub prezidenti çoxdandı buralarda görünmür. Bəlkə vitse-prezidentlə görüşsün, dərdini ona anlatsın? Eh, onluq nə var ki, vitse-prezident də bizim kimi heç nə bilmir, ümid edir, gözləyir. "Hər halda, onunla görüşsəm, yaxşı olar" de-yərək ofis binasına yönəldi. İkinci mərtəbəyə qalxdı. Aha, vitse-prezidentin səsi gəlir, ki-minləsə telefonla danışır. Deyəsən, yenə jurnalistlərə müsahibə verir. Diqqətlə qulaq asdı, yaxşı eşitmək üçün qapısı açıq olan otağa yaxınlaşdı.
Eşidilir, yaxşı eşidilir: "Bizə heç kim ultimatim verə bilməz. Futbolçular kimdi ki, bizə diqtə etsinlər? Bəli, müəyyən çətinliklər var. Mümkün olan məsələləri həll edəcəyik. Futbolçular meydana çıxmır deyə, işimizi dayandırmalıyıq? Futbolçulara da öz hüquq və vəzifələri başa salınacaq. Hansı futbolçu bununla razılaşmasa, komandanın heyətindən uzaqlaşdırılacaq!" Dünya başına fırlandı, gözləri qaraldı. Deməli, bu gün də evə əliboş qayıdacaq. Supermarketə girə bilməyəcək. Borclu olduğu dükançılardan gizlənəcək…




Fikirlərini bizimlə bölüş!