Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Baş katibin buraxmağı

Azərbaycan futbolunun bu günü və gələcəyi sayılanların birlikdə Avstriya və İtaliyadan 10 qol buraxması Elxan Məmmədovu vəcdə gətirib. AFFA-nın baş katibi Bolqarıstana çatar-çatmaz buraxıb. Yaxşı da, o dəqiqə ağlınıza başqa zad gəlir ey… Gopu nəzərdə tuturam. Baş katibin baş gopunun dozası o qədər çox olub ki, səsi Bakıda da eşidilib. Danışdıq axı, zarafat-zad yoxdu bu məsələdə. Bilirəm də, belə goplamağı el arasında başqa ifadəylə təsvir edirlər. Siz mənə ciddi-ciddi qulaq asın, söz verirəm ki, sonda Emin Tarverdiyevin lətifələrindən birini eksklüziv olaraq sizə ərməğan edəcəm. Baş katibin acığına.

Elxan Məmmədov deyib ki, “Qarabağ”la “Qəbələ”nin Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması legionerlərə tətbiq olunan 6+5 limitinin bəhrəsidi. Bu gop deyilsə, onda iddia etməliyik ki, baş katibin Azərbaycan futbolundan bilmərrə xəbəri yoxdu. Ya özü maraqlanmır, ya da AFFA-da oturan statistiklər ona yalan məlumat verirlər.

Elxan Məmmədov deyib ki (goplayıb da oxuya bilərsiz), Avropa Liqasının ilkin təsnifat mərhələsində komandalarımız 6+5 sistemindən yararlanırlar. Amma qrupa düşdükdən sonra legionerləri oynadırlar. Fatmanisə arvad bunu eşitsəydi, “yalanıva od düşsün” deyərdi.

A kişi, Avroliqanın ilkin təsnifat mərhələsində azərbaycanlı futbolçuların xidmətindən sənin nəzarətində olan “Neftçi” yararlandı. “Mladost”la oyunda meydana 9 yerli futbolçu ilə çıxdı. Ağzına şapalağı vurub, elə ilk mərhələdəncə qovmadılarmı o komandanı Avropadan?

“Qəbələ”nin adını heç çəkmək lazım deyildi. Ötən il elə bu “Qəbələ” Bosniyanın adını da bilmədiyim komandasının qarşısına 9 yerli futbolçu ilə çıxmadımı? Çıxdı. Çıxıb, elə ilk mərhələdəcə biabır olmadımı? “Olmadı” deyə bilməzsən. Bu boyda yalanı adamın gözünün bəbəyinə soxarlar axı. Amma “Qəbələ” bul il avrokubok oyunlarında meydana 9-10 legionerlə çıxdı. Çıxdı və qrup mərhələsinə vəsiqə qazanmadımı?

“Qarabağ” isə bu il Avropa Liqasının yox, Çempionlar Liqasının qrup mərhələsində oynamalıydı. Məhz o mərətə qalmış 6+5 sistemidi Qurban Qurbanovun əl-qolunu bağlayan. Qurbanov da, Roman Qriqorçuk da avrokubok oyununda meydana bir, çempionat qarşılaşmasında isə başqa bir heyəti buraxır. Bu da istər-istəməz oyun kondisiyasını pozur, komandanı kökdən salır, xətlərarası əlaqələri zəiflədir. Bunlar nədi?

Doğrudan ey, bunları Elxan Məmmədova niyə deyirəm ki, onsuz da anlamayacaq. Yaxşısı budu, gəlin, sizə Emin Tarıverdiyevin lətifələrindən birini danışım.

Deməli, İranın məmur mollalarından biri qaz emalı zavodunun açılışına gəlir. Zavodda qaz borularına baxıb “bunları niyə düz yox, əyri-üyrü calaq ediblər” sualını verir. Cavabında deyiblər ki, “möhtərəm ağayi, bu, təzyiqi azaltmaq üçündü, yoxsa borular təzyiqə davam gətirməz, partlayar”. Özünü sındırmayan molla da qayıdıb deyir ki, “indi bildiz Allah niyə bizim bağırsaqlarımızı düz yox, əyri-üyrü yaradıb? Hava çıxanda dalımız partlamasın deyə”.

Yaxşı ki, Azərbaycanın futbol təsərrüfatının düz yeri yoxdu. Yoxsa AFFA-nın binası baş katibin buraxdığı gopun təsirindən çoxdan partlamışdı.

Fikirlərini bizimlə bölüş!