Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Basabas salmayın!

Ohh, nə günlər idi… Pul var idi, sağa da, sola da xərləyirdiz. Heç kim sizdən hesab sormurdu. Zibilə qalmış "əl çirki" bütün çirkinliklərinizi ört-basdır edirdi. Dağıdırdız. Vəhşicəsinə, insafsızcasına, azğınlıqla dağıdırdız neftin pullarını. Futboldan qanmayan başınızın eyibini dolu ciblərinizlə ört-basdır edirdiz.

Və budu, pul yoxdu. "Deneq netu"! PFL bir tərəfdən yaxanızdan yapışıb, FİFA o biri tərəfdən cəza üstündən cəza yağdırır. Bütün bunları oxumaq necə də xoşdu:

"FİFA-dan "Xəzər Lənkəran"a ağır cəza"…

"FİFA "Neftçi"yə vaxt verdi"…

"FİFA "Rəvan"ın hesabından 6 xal sildi"…

"FİFA "Bakı"nın hesabından 3 xal sildi"…

Hələ AFFA-nı, PFL-i demirəm… Ölkədə maliyyə böhranı başlayan kimi Ramin Musayevin yadına düşdü ki, klubların ona xeyli borcu var. Dərhal da çıxış yolu tapıldı: teleyayımdan klubların hesabına köçürülməli pulu onların əlindən almaq, bununla da borcu bağlamaq. Bu adamlar ağıl dəryasıdı! Ümumiyyətlə, pul məsələlərində azərbaycanlıların başı kompyuter kimi işləyir. Dəqiq hesablama aparıb, qəpiyinə kimi alarlar, dədələrinə də güzəşt eləməzlər. Maşallah, dünənə kimi klublarımızda çıxış edib, indi də gedib bizimkilərdən FİFA-ya şikayət edən xarici futbolçular da özümüzə oxşayıb. Klublarımızın onlara olan borcunu qəpiyinə kimi tələb edirlər. Tu, tu, göz dəyməsin, elə bil hamısı bir-bir fırt edib Ramin Musayevin burnundan düşüb.

Ohh, nə günlər idi… Heç kim heç kimin xətrinə dəymirdi. Hələ Ramin Musayev arabir çıxıb fəxrlə "Turan", "Şəmkir" kimi çoxdanın qəpiyə güllə atanlarının borclarını öz ciblərindən ödədiklərini deyirdi. İndi isə… İndi isə hamı bir-birinə "atmağa" çalışır. "Rəvan" təlim-məşq toplanışı keçdiyi Zaqatala olimpiya kompleksinə, "Xəzər Lənkəran" Qalin İvanova, "Neftçi" Emil Mpenzaya, "Bakı"yla "İnter" keçmiş futbolçularına… Aradan çıxmaq istəyirlər, amma mərdimazar FİFA günahları kimi xirtdəklərindən yapışıb. Nəfəs ala bilmirlər, boğulurlar, çırpınırlar. Hamı pulunu tələb edir. Pul isə… "Deneq netu"!

Artıq hesab zamanıdı, yoldaşlar. Bir-bir gəlin, basabas salmayın. Hamınıza növbə çatacaq, tələsməyin, bir-birinizin ayağını tapdalamayın, mədəni olun falan-filan. Dünən "Bakı", bu gün "Xəzər Lənkəran", sabah "Rəvan", o biri gün "Neftçi", daha o birisi gün "İnter"… Məşhər günü bu ola gərək.

Ohh, nə günlər görəcəyik…

Fikirlərini bizimlə bölüş!