Açıq demək lazımdı ki, bu Avropa çempionatında Bakı küçələri bayram ab-havasını lazımınca hiss etmədi, Azərbaycanın turnirə evsahibliyi edən ölkələrdən biri kimi əzəməti hiss olunmadı.
Nəinki 2015-in Avropa Oyunlarında, hətta 2019-un mayında Bakıda keçirilən Avroliqanın finalında da daha ciddi futbol havası var idi, şəhərdə turist əlindən tərpənmək olmurdu, fərqli mədəniyyətlərin daşıyıcılarını burda görmək çox xoş idi.
Amma Avropa çempionatı eyni effekti vermədi. Bunun ən müxtəlif səbəbləri var ki, şəxsən mən koronavirus qadağalarının ölkəyə giriş-çıxışda yaratdığı çətinlikləri, biletlərin yetərincə yüksək qiymətə satılmasını, bütövlükdə ölkədə futbola marağın azalmasını, dost və qardaş Türkiyənin yığmasının fiasko ilə üzləşməsini qeyd edə bilərəm. Təşkilatçı ölkənin qitə futbol bayramında nəinki yığması, hakimləri, hətta UEFA nümayəndələri səviyyəsində təmsil olunmaması da bir başqa bədbəxtlikdi. Təsəvvür edin ki, bu turnirdə Gürcüstandan olan İrakli Nakaidze, Ermənistandan olan Artur Azaryan UEFA nümayəndəsi kimi artıq bir neçə oyunda çalışıb. Bizimkilərdən isə səs-səmir yoxdu. Qəzetimizə açıqlama verən Asim Xudiyev bizimkilərin də şans ala biləcəyini utanıb-çəkinmədən desə də, şəxsən mən bunu növbəti nağıl sayıram. Qitə futbol çempionatında idarəçiliyə cəlb olunan adamlar xeyli əvvəldən müəyyənləşir, müvafiq proqram və təlimatlar əsasında turnirə hazırlaşırlar. Yəni bu məsələdə özümüzü və publikanı aldatmağa ehtiyac yoxdu. Müxtəlif yaş qrupu yığmaları kimi, bütövlükdə Azərbaycan futbolu qitə ailəsində elə mövqeyə yuvarlanıb ki, onu ordan çəkib çıxarmaq indi çox çətindi.
Bizim futbolu bataqlıqdan çıxarmaq üçün qəhrəmanlara və qəhrəmanlıqlara ehtiyac duyulur. Yəqin siz də Mahir Emrelidən qəhrəmanlıq gözləyənlər sırasındasız. İndiyə qədər Avropaya yollananlarımız hansısa şəkildə sovet futbol məktəbindən də nəsə əxz etmişdilərsə, Mahir dişinə-dırnağına qədər müstəqil futbolumuzun yetirməsidi. Mərkəzi Avropa ölkəsində uğur qazanmalıdı və qazanacaq. “Qarabağ” onun “Legiya”ya keçidindən maddi planda heç nə qazanmasa da, ümid edirəm ki, çox böyük mənəvi rahatlıq tapacaq. Yenə də ona ümidliyəm ki, Mahirlə asanlıqla vidalaşan Qurban Qurbanov nə etdiyini və edəcəyini yaxşı bilir. İllər boyunca Avropada qürurumuz olan bir komanda sabah “Qəbələ”, “Səbail” səviyyəsinə enəcəksə, tənqidləri haqq edəcək və həmin komandanın imicinə ciddi zərbə dəyəcək. “Neftçi”nin çempionluğu ağdamlıların əlindən alması onlar üçün qıcıqlandırıcı amil rolunu oynamalıdı. Yox, “Qarabağ” bu qismətlə razılaşacaqsa, avrokuboklarda nəticə yox, iştirak xatirinə oynayacaqsa, Qurban bəy hansı tənqidlərlə üzləşəcəyinu bəribaşdan hesablaya bilər.
Ötən yay koronavirusa görə Azərbaycan futbolunda elə ab-hava yaranmışdı ki, futbol ictimaiyyəti, jurnalistlər, tribunaya həsrət qalan azarkeşlər nəticə hayında deyildi. Hər kəsi ilk növbədə özünün, ailəsinin, yaxınlarının həyatda qalması, məmləkətin koronavirus bəlasından qurtulması düşündürürdü. Ona görə də “Qarabağ” istisna olmaqla, qalan klubların avrokuboklardakı kütləvi uğursuzluğu ciddi etiraz doğurmadı, hər kəs məsələnin üzərindən sükutla keçdi. Bu il isə artıq heç kim bəhanələrin kölgəsində daldalana bilməyəcək. Avrokuboklara qatılacaq komandaların heç birinin maliyyə-təşkilati yöndə çətinliyi yoxdu, püşk də hər birinə münasib rəqib qismət edib. Qorxub-çəkinmədən meydana çıxmaq, UEFA-nın əmsallar cədvəlində bacardıqca irəliləmək lazımdı. Artıq 28-ci pilləyə geriləmişik, daha bir uğursuz mövsüm ilk “30-luq”dan çıxmağımızla nəticələnəcək. Kəsəsi, Azərbaycana dünən qədəm qoyan yayı futbol qələbələri ilə bəzəməkdən başqa çıxış yolu yoxdu. Bəlkə onda AÇ-nin dərd-qəmini unuda, futbol bayramı yaşaya bilərik. Bu gün isə özümü sərlövhəyə çıxardığım ritorik sualı az qala bağıra-bağıra səsləndirməkdən saxlaya bilmirəm: belə də bayram olar?!




Fikirlərini bizimlə bölüş!