Londonda "Çelsi" – "Qarabağ" (6:0), nüfuzlu Çempionlar Liqasının matçını izləyəndən sonra anladım ki, bu vaxta qədər futbol görməmişəm. Klub səviyyəsində komanda ilə birlikdə ilk səfərim idi. Cari mövsüm Gürcüstanda keçirilən "Samtredia" ilə oyunu da izləmişdim. Amma Londondakı görüş başqadır. Bir çox məqamlara təəccübləndim.
Stadiona daxil olarkən polis görmədim. Heç kim alışqan və ya su şüşələrini əlimizdən almadı. Ən maraqlısı odur ki, arena yaxınlığında günəbaxan tumlarını satan insanlar yox idi. İngilislər futbola bayram kimi hazırlaşır. İnsanlar səliqəli geyimlə diqqətimi çəkdi. Kostyum geyinənlər, əlvan şərflər, papaqlardan istifadə edənlər maraqlı mənzərə yaratmışdı. Sanki futbol deyil, moda nümayişinə gəlmişdim.
Fikrimcə, hər şey mədəniyyətdən başlayır. Özümü moda gecəsində hiss edirdim. Matç başlayandan sonra isə "cəhənnəm"ə düşdüm. Azarkeşlər vahimə yaradırdı. Minlərlə insan futbolun nəbzini hiss edirdi. İngilislər dəqiq ötürmələr, zərbələr zamanı alqış və səsləri ilə reaksiya verirdilər. Hamısı birlikdə, ardıcıllıqla. Sanki əvvəldən hazırlanmış ssenaridir.
Mən özümü "cəhənnəm"in kənarında hiss edirdimsə, gör indi hadisələrin mərkəzində olan futbolçularımız hansı vəziyyətdə idi. Londondakı oyunda ingilis azarkeşlərinə böyük hörmətim yarandı. Onlar hətta dəqiq ötürmə, fənd işlədən rəqib – "Qarabağ" futbolçularını da alqışlayırdı. Yüksək mədəniyyət göstərirdi. Rəqibi fitə basmaq, qışqırmaq olmadı. Oyunçu dəyişikliyi zamanı futbolçunu ayaqüstə alqışla yola salırdılar. Meydana daxil olanı da ayaqüstə qarşılayırdılar. Oyuna görə təşəkkür edirdilər.
Matçdan sonra azarkeşlər təxminən 10 dəqiqə "Çelsi" futbolçularını alqışladı. Bir anlıq Rusiyadakı "Bolşoy Teatr"da Elçin Əzizovun çıxışını xatırladım. Bizim Elçin çıxış etdiyi bütün tamaşalardan sonra ən azı 10 dəqiqə alqışlanır. Londonda sanki futbol tamaşa kimi təqdim olunurdu. Azarkeşlər alqışla təşəkkür edirdi.




Fikirlərini bizimlə bölüş!