AFFA İcraiyyə Komitəsinin son iclasında ölkə çempionatının 2016/17 mövsümündə iştirak edəcək komandaların sayının müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparıldı. 8 komandanın Premyer Liqada iştirakı təsdiqləndi, amma yekun qərar verilmədi. İyunun 13-nə kimi vəziyyət dəyişməsə, o zaman gələn mövsüm bizi 4 dövrədən, 28 turdan ibarət turnir gözləyir.
Belə olan halda, ölkə çempionatı adlanan bu yarışı Bakı birinciliyi də adlandırmaq olar. Çünki 8 komandadan 5-i paytaxtda, 1-i isə Bakıdan 30 km aralıda yerləşən Sumqayıtda məskən salacaq. Düzdü, “Qarabağ” Ağdamı təmsil edir, ancaq faktdı ki, Suraxanıda məskunlaşıb. Komandaların 75 faizinin Abşeron yarımadasında yerləşdiyini nəzərə alsaq, matçların elə bir o qədəri də məhz bu zonada oynanılacaq.
Postsovet məkanı ölkələri arasında UEFA-ya üzv olanların çempionatlarına nəzər salsaq, görərik ki, bizdəki vəziyyətin eynisi yalnız Ermənistandadı. Məhz qonşu ölkənin 8 komandalı Premyer Liqasının 6 klubu İrəvanı təmsil edir. Görünür, bütün sahələrdə dığalarla rəqabət aparan bizimkilər bu sahədə də onlardan geri qalmaq istəmir.
Bu baxımdan ən unikal göstərici Qazaxıstandadı. Adıçəkilən ölkənin çempionatında iştirak edən 12 komandanın hərəsi bir şəhərdəndi. Hazırda davam edən Qazaxıstan çempionatında bir şəhərin 2 təmsilçisinə rast gəlmək mümkün deyil.
Digər ölkələr arasında ən yaxşı nəticələrdən biri də Belarusdadı. Burada çempionatda iştirak edən 16 komandadan ən yaxşı halda Minsk və Minskətrafı bölgəni ümumilikdə 4 komanda təmsil edir. Qalan 12 komanda isə hərəsi bir şəhərə mənsubdu.
Elə Gürcüstanda da vəziyyət Belarusdakı kimidi. Umaglesi Liqada yarışan 16 komandanın 3-ü Tiflisindi. Qalan 13 komanda isə hərəsi bir şəhərin payına düşür. Ukrayna çempionatında isə 14 komandadan yalnız 2-si Donetsk təmsilçisidi. Burada da 12 komandanın hərəsi bir şəhərdəndi. Hətta paytaxt da bu siyahıdadı.




Fikirlərini bizimlə bölüş!