Azərbaycan futbolu

Xəbərlər və təhlillər

BİR PAYIZ AXŞAMI

Meydançası butslar görmüş Tofiq Bəhramov adına Respublika stadionu tarixində 4-cü dəfə Avropa Liqasının qrup mərhələsinin oyununu qəbul edir.

Pardon… Hazırda o arenaya sözün həqiqə mənasında sərilmiş meydança ilk dəfə futbolçularının ayağının altında qalıb əziləcək, amma bu, məşhur və qalmaqallı hakimin adını daşıyan stadionun üstündən məsuliyyəti götürmür. Akif İsmayılov o stadiona rəhbərlik etdiyi uzun illər ərzində orada İtaliya yığmasını da qonaq edib, şərti “Barri Taun”u da, amma sonuncu “Neftçi” – “Partizan” görüşündən sonra tənqid olunduğunu kimi heç vaxt tənqid olunmamışdı.

Tanrı naminə! İndiki məqamda İsmayılovu yalnız bundan fiziki cəhətdən məhrum olan ölülər tənqid eləmir. Və mən də bu məsələdən uzaqlaşıb diqqəti “Qarabağ”a yönəldirəm.

Ağdamlılar Enshededə qələbəyə bərabər (kalambura görə təqsirləndirməyin) bərabərliyə nail olanda sevincimdən bu payız ən azı üç yüksək səviyyəli futbol izləyəcəyimizi yazmışdım. Püşk də sanki xətrimizə dəyməyib üç güclü və ən qorxulusu, özünəməxsus oyun dəst-xəttinə malik komandanı “Qarabağ”a rəqib etdi. Macal tapıb “Avrokuboklarda, özü də qruplarda zəif rəqib olmur” kimi banal ifadəyə müraciət edənə kimi sizi qabaqlayım: niyə olmur? Bəs HİK?

O ayrı məsələ ki, hələ Azərbaycan çempionu qrup mərhələsində 1-ci, 2-ci və 3-cü səbətlərdə yerləşən heç bir komandaya yuxarıda-aşağıya baxa biləcək səviyyəyə gəlməyib.

Bəli, “Sent-Etyen” güclüdür. Bəli, Fransa təmsilçisidir. Bəli, “Qarabağ”ın hələ 15 il əvvəl digər Fransa klubu – “Monpelye” ilə yaşadığı acı xatirə var.

Amma bir komanda üçün ən arzuolunan vəziyyət bilirsinizmi nədir? Gözləntilərin real perspektivlərdən aşağı olması. “Qarabağ” evdə “Sent-Etyen”dən xal almaq, hələ bir qədər də bəxti gətirsə, lap bu komandanı məğlub etmək gücündədir. Lakin bu axşam stadiona toplaşacaq 30 min insanın heç biri əks nəticəyə ağzını büzməyəcək. Bunu edənləri isə qınamayın: onlar lənətə gəlmiş maksimalizmin qurbanlarıdır.

Bu gün hər addımbaşı məndən matçla bağlı proqnozlarımı soruşurlar. Cavab verməyə çətinlik çəkirəm. Çünki bu barədə heç düşünməmişəm. Bir dəqiqə də. Matçın nəticəsi yalnız 90 dəqiqənin sonunda məni analizə sövq edəcək.

İndi isə, sadəcə, özünü canlı görməyib qəhrəmanlıqları barədə eşidib-oxuduğumuz hakimin adını daşıyan stadionda sevdiyim bir payız axşamı rahat oturub jurnalist karyeramda 4-cü, sonra 5-ci, daha sonra isə 6-cı dəfə Avropa Liqası qrup mərhələsinin oyununa baxmaq istəyirəm.

7 və 8-ci dəfələri isə… 2015-ci ilin qışının sonlarına saxlasaq, necə?

Fikirlərini bizimlə bölüş!