Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Bir şəkilin tarixçəsi

13 dekabr, 1994-cü il. Trabzonun “Avni Aker" stadionu. Güclü yağışdan sonra qazon indiki Gəncə stadionundan betər durumdadır. Milli komandamız qrupun aşkar favoritlərindən olan Fransa ilə qarşılaşırdı (https://youtu.be/w6jlhYPW0KY). Hələ Oser faciəsinə 10 ay qalırdı.

Eme Jakenin rəhbərlik etdiyi “nominal qonaqlar” Trabzondakı matçın taleyini 2 qolla həll etdilər. 24-cü dəqiqədə Fransa futbolunun əfsanələrindən Jan-Pyer Papen başla hesabı açdı. Bu epizodda Jidkov topu qoltuğunun altından buraxaraq, kobud səhvə yol verdi. Ağasəlim Mircavadov 41-ci dəqiqədə zədələnən qapıçını Elxan Həsənovla əvəzləyir. 55-ci dəqiqədə isə Patrik Loko fransızların 2-ci qolunu vurur. Qeyd edək ki, Loko “Monpelye”nin heyətində 1999-cu ildə Bakıya “Qarabağ”la oyuna da gəlib.

Azərbaycan – Fransa matçından əvvəl xatirə şəkili.

Ayaq üstə dayananlar. (Soldan sağa):

Yunis Hüseynov – 51 yaşı var. 22 il öncə “Neftçi”nin aparıcı oyunçusu idi. “Xəzər-Lənkəran”dan ayrıldıqdan sonra heç harada işləmir. Bu yaxınlarda “Futbol+” qəzetinə verdiyi müsahibədə qeyd edib ki, 8 klubu olan ölkədə məşqçilər işsiz qalmağa məhkumdurlar.

Faiq Cabbarov – 44 yaşı var. Həmin vaxt “Kəpəz”də oynayırdı. İndi deyilənə görə, Gəncədə yaşayır, bazarların birində kafedə kababçı işləyir. Maddi və mənəvi durumu çox pisdir. Hətta bəzi veteran futbolçular imkan düşən kimi ona yardım əli uzadırlar.

Aleksandr Jidkov – 51 yaşı var. Fransa ilə oyuna İsrailin “Hapoel” (Xolon) klubundan çağırılmışdı. Sonuncu dəfə Lev Yaşın adına Akademiyada gənclərə qapıçılığın sirrlərini öyrədən Jidkov xeyli vaxtdır ki, işsizdir.

Emin Ağayev – 43 yaşı var. Millinin daha bir legioner Rusiya çempionatnın aşağı liqasında “Anji”nin heyətində forma geyinirdi. Ötən il “Volqa” klubunu çalışdıran mütəxəssis bu komandadan ayrıldıqdan sonra yeni təkliflər gözləyir.

Vəli Qasımov – 48 yaşı var. Həmin vaxt “Betis”də çıxış edən Qasımov Azərbaycanın ən adlı-sanlı legioneri idi. Üç ay əvvəl biabırçı nəticələrə görə “Neftçi”nin baş məşqçi postundan qovulan Vəli bəy indi istirahətlə məşğuldur.

Yaşar Vahabzadə – 56 yaşı var. 1994-cü ildə “Neftçi”nin şərəfini qoruyurdu. Yığmada cəmi 7 oyun keçirən Yaşar Vahabzadə 21 yaşlılardan ibarət milli komandamızı çalışdırır.

Aşağı sıra. (Soldan sağa):

Şahin Diniyev – 50 yaşı var. Həmin vaxt İsrailin “Hapoel” (Taybe) komandasının şərəfini qoruyurdu. Diniyev “Kəpəz”in baş məşqçisi kimi bu mövsüm də Avropa Liqasına vəsiqə qazanmağa çalışır.

Rasim Abuşov – 53 yaşı var. Abuşov 1994-cü ildə “Qarabağ”da çıxış edirdi. 1997-ci ildə Stavropola köçən Rasim bəy bu şəhərdə uşaq futbolunda məşqçi kimi fəaliyyət göstərir.

Füzuli Allahverdiyev – 53 yaşı var. Mehman Allahverdiyev “Kəpəz”dən ayrılsa da, qardaşı hazırda Gəncə klubunda Şahin Diniyevin köməkçilərindən biridir.

Arif Əsədov – 46 yaşı var. Əsədov Vladiqafqaz “Spartak”ına (sonrakı adı Alaniya) yeni transfer olunmuşdu. Xeyli vaxt idi işsiz qalan millimizin sabiq üzvü haqqında bir neçə gün öncə xəbər yayıldı. O, AFFA-nnı təşkil etdiyi qızlar liqalarında fəaliyyət göstərəcək məşqçilər üçün C kateqoriyalı kurslara rəhbərlik edir.

Samir Ələkbərov – 48 yaşı var. İsrail çempionatının güclülər dəstəsində çıxış edən “Makkabi” (Petax -Tikva) klubuna yeni transfer olmuşdu. AFFA-nın o vaxtkı prezidenti Fuad Musayevlə də məşhur “müharibə”si hələ baş verməmişdi. Ələkbərov indi 21 yaşlılardan ibarət yığma komandamızda Yaşar Vahabzadənin köməkçilərindən biridir.

Fikirlərini bizimlə bölüş!