Hər şeydən əvvəl, bizə futbol həyəcanının zirvəsini bu mərhələyə qədər yaşatdığına görə, "Qarabağ"a təşəkkür edirəm.
Qurban Qurbanova isə – qrup mərhələsinin ilk oyunundan əvvəl də dediyim kimi, bu möhtəşəm işlərini daha üst səviyyələrdə reallışdırmağı arzu edirəm.
Düşünürəm ki, yaya qədər ona Avropadan yetəri qədər ciddi təkliflər gəlməlidir, gələcək. Bunlardan birini qəbul etməli və getməlidir. Çünki, onun bir azərbaycanlı məşqçi kimi ölkə xaricində işləməsi Azərbaycan futbolu üçün ciddi perspektivlər vəd edə bilər. Yerli məşqçilərdən kimsə bu yolu mütləq açmalıdır və davamı gələcək.
Xorvatların, serblərin təcrübəsinə baxmaq lazımdır. Bu gün, bu milliyətdən olan məşqçilərin dünyaya yayılmasının baiskarı xarici klublara həmin ölkədən gedən ilk məşqçilər olub. Daha geniş təhlildə konkret faktlar və adlar çəkmək olar.
Hələlik isə mövzudan uzaqlaşmadan deyim ki, Qurbanovun iki seçimi var: getmək və qalmaq. Bunun ikisi də çətin, ağır bir karyera mərhələsi vəd edir.
Gedəcəyi variantda indi "Qarabağ"dan daha böyük klublarda oynamaq istəyən bəzi lazımlı oyunçuları – məsələn, Elvin Cəfərquliyevi, Bəhlul Mustafazadəni, Medinanı, Duranı, Silvanı, Bikalionu özü ilə apara bilər. Kifayət qədər təcrübə toplamış texniki heyəti ilə birlikdə, tanıdığı oyunçulara yeni klubun imkanları ilə, ciddi futbolçular əlavə edib daha yüksək səviyyəli liqada, daha müasir, inkişaf etmiş futbol infrastrukturu olan iş yerində böyük karyerasını uğurla davam etdirə bilər.
Qalacağı halda isə, yenə də, "İmişli" ilə oynamağa məhkum olacaq. Bəlkə bu dəfə Qubada oynamayacaq, Yevlaxda oynayacaq, ancaq böyük anlamda heç nə dəyişməyəcək. Üstəlik, indiki komandada yenilənmə şərtdir. Zubirlər, Yankoviçlər qurtarıb. Addai, Kaşuk – filan, müəyyən çərçivənin oyunçularıdır. Böyümürlər. Böyüməyəcəklər. Başqa qurtarmış oyunçular da var. Onlarla yolları ayırmaq, yenilərini gətirmək…
İstər istəməz, növbəti Çempionlar Liqası macərası üçün bu yeniləmə dövrü ən yaxşı halda 3-4 mövsümlük Avro Liqa geriləməsi vəd edir. Necə ki, Sadıqovlar, Aqollilər, Michellər gedəndən sonra yenilənmə dövrü bu geriləməni şərtləndirdi, indi də futbolun təbiətindən yayınmaq mümkün deyil. Dolayısı ilə də, 5-6 yaş daha yaşlanmış Qurban Qurbanov beləliklə tamamilə beynəlxalq arenada işləmək şansını, Azərbaycan futbolunu bir mütəxəssis kimi böyük futbolda daha yüksək səviyyədə təmsil etmək imkanını itirmiş olacaq.
Seçim Qurban Qurbanovundur. Yaşayıb görəcəyik.
Mən düşünürəm ki, getmək vaxtıdır.
Siz də düşüncələrinizi şərhlərdə yaza bilərsiniz.




Fikirlərini bizimlə bölüş!