Özümüzü aldadırıq. İllərlə "Qarabağ"ın, bu mövsüm "Sabah"ın avrokuboklarda diqqətçəkən nəticələri yalnız çirkabın üzərinə çəkilmiş pərdədir. Azərbaycan futbolu quyunun dibindədir.
Sözügedən klubların yaxşı çıxışı, ən nüfuzlu yarış olan Çempionlar Liqasına vəsiqə qazanması imic baxımından müsbət məqamdır. Həm onların özünün, həm də ölkə futbolunun adına… Lakin nə durumda olduğunu bilmək üçün güzgü milli komandadır. Lixtenşteyni uda bilməyəcək qədər aciz yığma da bu ölkənindir. Və əsl həqiqət də o komandanın simasında gizlənib.
Yığmada oynayacaq səviyyədə 15-20 futbolçumuz yoxdur. Milli çempionatda yalnız legionerlər at oynadır, xaricdə oynayan düz-əməlli legionerimiz gözə dəymir, uşaq futbolumuzun durumuna FIFA U-15 dünya çempionatında Vyetnama, Əfqanıstana uduzan yığmamız aydınlıq gətirdi. İllərdir futbolun inkişafı, yeni nəslin yetişdirilməsi, kütləvilik, rəqabət mühitinin yaradılması adına heç nə edilməyib. Və bu gün "keçəl" təkəri palçıqlı çuxurda "eşdirməklə" məşğuluq.
"Vikinq"lə oynayan "Sabah"ın heyətində meydana bir yerli oyunçu çıxmışdı – o da Azərbaycan futbolunun yetirməsi olmayan Abdulla Xaybullayev. Norveçlilər isə yalnız bir əcnəbiyə güvənmişdi. Qələbəni də onlar qazandı…
Eyni gündə UEFA Gənclər Liqasında yarışan iki komandamız darmadağın oldu. "Sabah"la "Qarabağ" birlikdə 12 cavabsız top buraxdı…
"Mingəçevir" I Liqa matçına maliyyə problemi səbəbindən çıxa bilmədi. Dövlətdən yardım alan, həmin pulla dolanan klub işçilərin, futbolçuların maaşını vermir. Bu qədər borclanmaya şərait yaradan, vəsaiti havaya sovuran şəxsləri heç kim tapa bilmir. Klubdan açıqlama almaq mümkün deyil, sabah necə olacağını da aydınlaşdırmaq mümkün deyil…
Uşaq futbolu üçün hər kluba dövlət tərəfindən ildə yarım milyon manat ayrılır. "İmişli" isə həmin pula Qambiya və Nigeriyadan 6 nəfər 18-19 yaşlı legioner gətirib. Klubun uşaq futbolunda nəticələri fiaskodur, əvəzedici komandası sonuncu pillələrdədir, bircə yetirmələri yoxdur. Stadionu olmadığından rayon-rayon gəzən Kamran Eyyubovun komandası Afrikadan uşaq daşıyır…
Reallıq budur. Ümumi strategiya, dövlət proqramı yoxdur, xaotik vəziyyətdən istifadə edənlər hərə öz ağlına görə iş görür. Hesabat istəyən, nəzarət edən gözə dəymir, klublarda bazar açılıb, menecer-prezidentlər dövlət vəsaitini dağıtmaqla məşğuldur. Və biz Çempionlar Liqasında varıq. Necə də təzadlıdır!




Fikirlərini bizimlə bölüş!