Azərbaycan futbolu

Xəbərlər və təhlillər

BiZi SEViNDiRƏN “KƏPƏZ” VƏ AZARKEŞLƏRi HAQDA

"Kəpəz"in elitada oynayacağı məlum olandan az sonra yolum Gəncəyə düşmüşdü. Fürsətdən istifadə edib şəhər stadionuna baş çəkmiş və orda gördüklərimin, eləcə də klubun icraçı direktoru Mehman Allahverdiyevin ümid dolu açıqlamalarının təəssüratını sizinlə bölüşmüşdüm.

Etiraf edirəm, bəzi məqamlar özümə belə şübhəli idi. Həmin vaxt "Kəpəz"in gələcəyi çoxları kimi, mənə də xeyli dumanlı görünürdü. Heç onda komanda bir araya gəlməmiş, seleksiya xarakterli seçimlərə, əcnəbi axtarışına, ümumilikdə heyətin formalaşdırılmasına start verilməmişdi. Təcrübəli futbol adamlarından sayılan Mehman bəyin sözləri, eləcə də gən-cəli azarkeşlərin əhval-ruhiyyəsi məni də öz təsiri altına salmış, Azərbaycan futbolunun mövcudluğu üçün "Kəpəz"in nə qədər əhəmiyyətli olduğuna inandırmışdı.

İlk turda "Kəpəz" "Neftçi" ilə qarşılaşırdı. Şəxsən mənim üçün də Şahin Diniyevin çətin sınağa necə hazırlaşdığı, sıfırdan qurulmuş ko-mandanın ondan uğur gözləyən azarkeşlərini sevindirməyə qadir olub-olmadığı çox maraqlı idi. Belədə düşünmədən "Bakcell Arena"nın yolunu tutmuş, 90 dəqiqəlik mübarizəni diqqətlə izləmişdim. Çox hörmətli oxucularımızın da yadında olar. Elitaya qayıdışını 1 xalla qeyd edən "Kəpəz"in oyunu haqda qeydlərimi "Diniyevin haqq etdiyi təbrik" yazımda ümumiləşdirmiş, onların mühakiməsinə vermişdim. Zaman, eləcə də bu zaman kəsiyində Gəncə təmsilçisinin sərgilədiyi oyun və qazandığı nəticələr haqlı olduğumu artıq isbatlayıb. Düzdü, cəmi 4 turu arxada qoymuşuq və indiyə qədər gördüklərimiz uzun marafonun çox qısa bir bölümüdü. Amma indidən əminliklə söyləmək olar ki, "Kəpəz"in oyununda savadlı baş məşqçinin əliylə "çəkilmiş naxışlar" özünü göstərir.

"Sarı-göylər" ayağını yorğanına görə uzadır. AZAL-ın autsayder adı belə "Kəpəz"in kor-koranə hücumlara atılmasına, sistemsiz oynamasına rəvac verməmişdi. Əksinə, rəqibi lazımınca qiymətləndirən meydan sahibləri məşqçinin əvvəlcədən müəyyənləşdirdiyi oyun cizgilərindən kənara çıxmamağa çalışırdı. Bu müşahidələrimiz təkcə son turun oyununda gördüklərimiz deyil. "Neftçi"ylə "Zirə"yə uduzmayan "Kəpəz" adlı-sanlı "Qə-bələ"nin qarşısında da asanlıqla "ağ bayraq qaldırmamışdı". Deməli, turlar irəlilədikcə Diniyev və onun güvəndiyi futbolçular öz azarkeşlərini yaxşı mənada təəccübləndirməyə, uğurlu nəticələrlə onları sevindirməyə davam edəcək.

Bu fikirlərim heç də quru tərifdən ibarət deyil. "Kəpəz"in ilk 4 turda həm oyunu, həm də nəticələri çəkilən əziyyətdən, düzgün oyunçu seçimindən xəbər verir. Bizim də borcumuz həm məşqçilər heyətinin, həm də futbolçuların zəhmətini qiymətləndirməkdi. Amma bu yerdə gəncəli azarkeşləri də unutmaq olmaz. Sağ olsun CBC, bizi ötən şənbə Gəncə stadionuna qiyabi səyahətə aparmışdı. Göz oxşayan təbii ot örtüyünün fonunda uçuq-sökük tribunaları görmək heç də xoş deyildi. Belə çətin şəraitdə qəza vəziyyətində olan stadiona 13 mindən artıq futbolsevərin gəlməsi, oturacaqları olmayan tribunaları dolması yetərincə ciddi məqamdı. Deməli, həm stadionun vəziyyəti, həm də "Kəpəz"in nəticələri daha da yaxşılaşdıqca, yeni-yeni azarkeş rekordlarına şahidlik edəcəyik.

Oyunun gedişində tribunalardan Türkiyə bayraqlarının asıldığını görüncə gəncəli futbolsevərlərin qardaş ölkəyə çətin məqamda dəstək olmaq arzusunu hiss etdim. Daha sonra öyrəndim ki, fanatlar əvvəlcədən Gəncədə yerləşən Türkiyə konsulluğuna müraciət ünvanlayıb, ordan ay-ulduzlu bayraqlar əldə ediblər. İllərdi ölkə futbolunda görmək istədiyimiz yüksək davranış nümunələrindən biri də bu idi: azarkeşlərin ətrafda başverənlərə biganə qalmaması, çətin anda önəmli sosial mesajlar verməsi.

İndiyə qədər bu missiyanı daha çox "İmarət"in üzvləri daşıyırdı. Bundan sonra Gəncədə yaşayan fanatlardan da oxşar davranışlar görə biləcəyimizi düşünəndə çox sevinirəm. Könül istərdi ki, Diniyev və onun komandası, eləcə də gəncəli azarkeşlər ilk 4 turda qazandıqlarıyla kifayətlənməsin. Azərbaycan futbolunu düşdüyü böhrandan qurtarmaq üçün hələ görüləsi çox iş var. Ən azı Gəncənin futbolumuza bəxş etdiyi istedadları xatırlayaq. Uzun zamandı ki, yeni futbolçu nəslinin gəlişini gözləyirik. Onların gəlməsi üçün isə "Kəpəz"in yaşaması, iddialarını artırması vacibdi. Yolunuz hələ uzundu, dostlar.

Amal ABUŞOV

Fikirlərini bizimlə bölüş!