Bizim qoçaq Abunəzər

Adil Mahmudov Azərbaycan futbolunun çox məşhur personalarındadı. Gününü uşaq komandalarında və aşağı dvizion təmsilçilərində keçirsə də, daim gündəmdə olub, mətbuatda adı elitada çalışan mütəxəssislərdən də çox hallanıb. Futbol funksionerləri də onu yaxşı tanıyır, xasiyyətinə bələddilər. Bilirlər ki, lazım olanda Mahmudovdan “yanğınsöndürən” kimi də isti-fadə etmək mümkündü. İstənilən anda “lipa”lardan formalaşdırılmış hər hansı yığmanı Adil bəyə tapşırsan, bundan imtina etməz. Yaddaşımızı qurdalasaq, xeyli maraqlı xatirələrimizi təzələmiş olarıq.

Mübaliğə etmiş olmayım, indiyə qədər Azərbaycanı xaricdə təmsil edən “tələbələr”, “məktəblilər”, “hərbçilər”, “tibb işçiləri”, “həvəskarlar”, “paralimpiyaçılar” və başqa bu tip yığmaların hamısına cənab Məmmədov rəhbərlik edib. Sanki ondan başqa ölkədə futbolu bilən, yığma formalaşdırmağı bacaran yoxdu. Soruşan, yaxud da qınayan olanda da vətənə və onun futboluna xidmət etdiyini, Azərbaycanın idman şərəfini qorumağa çalışdığını deyir. Amma indiyə kimi getdiyi yerlərin heç birindən uğurlu nəticələrlə, bir qırıq metal parçası olan hansısa əyarlı medalla qayıtmayıb. “Lipa”ları başına yığır, həvəskarların turnirinə peşəkarlarla gedir, yenə də ortada hansısa öyünüləsi nəticəsi olmur. Nə sirri-xudadısa, illərin uğursuzluqları, xoşagəlməz söz-söhbətlər, ictimai qınaqlar səlahiyyət sahiblərinin gözünü açmır, Mahmudovdan imtina etmək cəsarətinə sahib olan başbilən ortaya çıxmır.

Bu yaxınlarda Milana yolanan “Şahdağ”ın rəsmiləri də eyni sehrin əsarətinə düşüblər. Qusar təmsilçisinin əsas komandasının məşqçisinə 13-14 yaşlı uşaqları turnirə aparmağı həvalə ediblər. Hərgah ki mən Milana gedən uşaqların həqiqətən də 2002 və 2003 təvəllüdlü olduğuna inanmağa çətinlik çəkirəm. “Yalançı çoban” hekayəsində olduğu kimi, Adil Mahmudov bizim gözümüzdə bütün etibarını itirib, onun dilindən çıxan doğru sözə də inanmağımız gəlmir. Adil bəyin və “Şahdağ” rəsmilərinin Azərbaycanın dörd bir yanından “qusarlı uşaq” adıyla topladığı balaca futbolçular Milanda üst-üstə cəmi 48 dəqiqə meydanda olublar. Təşkilatçılar dünyada analoqu olmayan reqlament düşünüb tapıblarmış. Hər oyun cəmi 16 dəqiqə davam edirmiş, özü də hissələrarası fasilə olmadan. Zalım uşaqlarının niyə məhz 16 dəqiqəlik oyun keçirmələri xeyli təəccüblüdü. Guya ki, uşaqlar 15, yaxud da 20 dəqiqə topun dalınca qaçsaydılar, dünya dağılacaqdı? Amma bir tərəfdən də düşünürəm ki, elə 20 dəqiqəlik oyunlar ke-çirmədikləri yaxşıdı. Bizimkilər 16 dəqiqəyə “Zenit”dən 3 top buraxıblar, 20 dəqiqə olsaydı, qapımıza 5-6 qol vurardılar. Toplamda 7 cavabsız topa üzülən bizimkilər heç ürəklərini sıxmasınlar. Böyüklərimiz heç Andorranı məyus edə bilmir, Makedoniyadan 3 qol buraxır. Prosineçkinin komandasına “gözün üstə qaşın var” deyən yoxdusa, Adil Mahmudov da ondan əksik oğlan deyil.

Seçdiyi uşaqlar meydandan boynubükük ayrılan Adil bəy Çempionlar Liqasının finalına damğa vurmağı bacarıb. Elə buna görə də onun indiyəqədərki bütün günahlarını bağışlamaq mümkündü. Onun qorxusundan mənfur qonşularımız ermənilər 80 minlik stadionda bayraqlarını qaldıra bilməyiblər. Şübhə etmirəm ki, dığalar Milana gəlməzdən əvvəl bizimkilər haqda ətraflı informasiya toplayıblar. Öyrəniblər ki, azərbaycanlı uşaqların başında odda yanmaz, suda batmaz cəngavər Adil Mahmudov dayanır, onunla zarafat etmək olmaz. Mahmudovu əsəbləşdirsələr, əllərindəki bayrağı alıb sapını onların gözünə soxar. Ümid edirəm ki, Adil bəy tezliklə həmin anların videogörüntülərini internetdə paylaşacaq, hamımız baxıb feyziyab olacağıq. Adil bəyin təkbaşına 13-14 ermənini susdurması, dığaları Milan stadionunda qımıldamağa qoymaması bizim böyük uğurumuzdu.

Qorxusundan sarısını udan ermənilər üçün “Real” – “Atletiko” finalı futbol bayramına yox, əsl cəhənnəm əzabına çevrilib. Onların düşdüyü vəziyyəti təsəvvür edirəm. Yəqin ki, ermənilər Mahmudovun əsirliyindən xilas olan kimi özlərini ayaqyoluna güclə çatdırıblar. Azərbaycan futbolunda belə igid mütəxəssislərin çalışması hər birimizin ürəyini dağa döndərməlidi. Futbol filan boş şeydi. Futbol meydanında 0:3 də uduzmaq olar, 0:5 də. Əsas odu ki, biz erməniləri yerində oturtmağı bacaraq. Eşq olsun, şir ürəkli Adil Mahmudova. Ura!

P.S. Yazının sərlöhvəsindəki Abunəzərin kim olduğu ilə maraqlananlara deyim ki, bu çoxdankı söhbətdi, 25-30 il öncənin. Qardaşım Salyan xəstəxanasında müalicə alanda onun Abunəzər adında palata yoldaşı varmış. Gecələr ağcaqanadlara qarşı amansız mübarizə aparan qəhrəmanımız özünə şeir də həsr edibmiş: “Bizim qoçaq Abunəzər, yüz ağcaqanad başını bircə yumruqla əzər”.

Fikirlərini bizimlə bölüş!

E-poçt ünvanınız yayımlanmayacaq. * işarəli sahələr mütləqdir.