Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Böhran Azərbaycan futboluna nə vəd edir?

Neftin, onun ardınca da Azərbaycan manatının sürətlə dəyərdən düşməsi bütün sahələrdə olduğu kimi, ölkə futbolunda da öz fəsadlarını göstərməkdədi. İllərdi Antalyanın yolunu "su yoluna” döndərən klublarımızın əksəriyyəti qış fasiləsində xaricə gedə bilmədilər. Onsuz da yaxşı günlərini yaşamayan "Xəzər Lənkəran”la AZAL-ın, eləcə də, elitaya minnətlə dəvət olunan "Rəvan”ın evdə qalması müəyyən mənada gözlənilən idi. Amma yayda Avstriyadan vurub, Afyondan çıxan "Neftçi”nin də bazasından kənara çıxa bilməməsi ciddi siqnal sayılmalıdı.

Bütün bunlar azmış kimi, PFL prezidenti Ramin Musayevin "Futbol saatı”ndakı açıqalamarı aləmi bir-birinə qatdı. Məlum oldu ki, "Qarabağ” istisna olmaqda, Premyer Liqanın digər iştirakçıları əcnəbi futbolçuların sifarişinə görə təyin olunan rüsumu və kəsilən cərimələri ödəmək iqtidarında deyillər. Təxmini hesablarmalardan sonra bu borcun təxminən 1 milyon manat civarında olduğu açıqlanıb. Kifayət qədər ciddi məbləğdir. Məhz klublardan gələn rüsumların və cərimələrin sayəsində PFL öz varlığını qoruyub saxlayır, öz əməkdaşlarının, eləcə də hakimlərin qonararlarını ödəyir. Deməli, borcun uzun müddət PFL-in büdcəsinə daxil olmaması bu qurumun varlığını da şübhə altına alır. Hadisələrin gedişatı vəziyyətin düzələcəyinə olan ümidləri azaldır. Klublarımız iddiasını və maddi imkanlarını itirəndən sonra PFL-in də mövcud olub-olmamasının elə bir ciddi əhəmiyyəti qalmır.

Ölkə klublarının səhmdar cəmiyyətləri çevrilməsi, onların ictimai nəzarətə verilməklə sponsor asılılığından qurtulması haqqında illərdi deyilsə də, bunun həyata keçirilməsi reallıqla uzlaşmır. Fakt odu ki, Azərbaycanda heç bir klub nə atribut və bilet satışından, nə də öz reklamında maraqlı olan şirkətlərin maddi dəstəyi ilə ayaqda qalacaq səviyyəyə çatmayıb. "CBC Sport”dan gələcək pula göz dikənlər olsa da, həmin 70 min manatla bütün yaraları sarımaq da inandırıcı deyil. Üstəlik, "CBC Sport” özü SOCAR-ın törəmə qurumudur, neftdən gəlir gəlmirsə, bu telekanalın da klublara ödəyəsi pulu olmayacaq. Necə ki, çempionatın yarısı arxada qalıb, amma telekanal elita iştirakçılarına bircə qəpik də pul ödəməyib. Uzaqbaşı həmin 70 min gözəgörünmədən, yəni klubların büdcəsinə daxil olmadan borc əvəzinə silinəcək. Bu addımın özü də bir infliyasiya göstəricisidir. Reallıqda mövcud olmayan pulun üzərindən əməliyyat aparılırsa, sövdələşmənin ən sonunda dayanıb, borcların ödənilməsini gözləyən, bununla da xərclərini qarşılamağı planlaşdıran PFL-in kassası yenə də boş qalacaq.

Zamanında uşaq futboluna lazımi diqqət ayırmayan klublarımız indi onun fəsadlarını hiss edir. Nə heyətə daxil etməyə düz-əməlli gənc futbolçu tapılrlar, nə də həmin futbolçuların satışından qazanc əldə etməyi bacarırlar. Pul yoxdusa, səviyyəli transferlər də olmayacaq, baxımsızlıq üzündən olan-qalan infrastruktur da dağılıb gedəcək. Necə ki, Lənkərndakı "Fırtınalar meydanı” gözümüz önündə "yaşıl üzünü” itirir, "AZAL Arena”da neçə-neçə futbolçunu şikəst edəndən sonra kosmetik təmirə başlanılıb. Zəif klubların mübarizə apardığı çempionatdan avrokubokların qrup mərhələsinə yüksələcək komandanın çıxması da mümkünsüzdür. Rəqabət olmayan yerdə hansı inkişafdan danışmaq olar? Azərbaycan çempionatı reytinq siyahısında dişiylə-dırnağıyla yüksəldiyi 38-ci pilləni də əldən verməyə məhkumdu. Gedişat onu göstərir ki, tezliklə elitanın səviyyəsiylə I dvizionun arasında elə də ciddi fərq qalmayacaq.

Ölkə çempionatının zəifləməsi, hakimlərə verilən qonorarların azaldılması, ədalət qoruyucuları üçün ölkə xaricində təlim-məşq toplanışlarının təşkilinə son verilməsi bu sahədə də fəsadlara yol açacaq. Yetişməkdə olan gənc hakimlərimiz həm bu səbəblərdən, həm də öz işini asanlaşdırmağa çalışan klubların şirnikləşdirici təklifləriylə çətin sınaq qarşısında qalacaqlar.

Neft böhranı, "qara qızıl”dan asılı olan ölkəmizin sürətlə kasıblaması futbolumuz üçün o qədər pis şeylər vəd edir ki, düşündükcə daha da ümidsizliyə qapanırsan. Ən yaxşısı, yazını burda saxlayaq…

Fikirlərini bizimlə bölüş!