Azərbaycan Premyer Liqasının 22-ci turu maraqlı statistik rəqəmlərlə diqqət mərkəzinə düşdü. Bunun üçün zəmin yaradan turun “skelet”i idi. Qış fasiləsində Türkiyədə təlim-məşq toplanışı keçən 5 komanda pulsuzluq səbəbindən ölkəni tərk edə bilməyənlərə qarşı meydana çıxmalı idi.
Ölkə xaricində ciddi fiziki yüklənmə, sanballı rəqiblərlə qarşılaşan komandaların həmin ağırlığı bir neçə tur ərzində üzərlərindən atmalı idilər. Belədə, itkilər də təbii qarşılanmalı idi. Doğrudu, bir çoxları 19-cu turdakı görüşləri ölkədə qalan klubların benefisi kimi qələmə verməyə tələsdi. Bu da başadüşüləndi: soyuqda, boranda qarşılaşmaları televizor qarşısında izləyənlərdən bundan artıq futbol biliyi gözləməyə dəyməzdi…
Ancaq turlar ötdükcə ölkə xaricində təlim-məşq toplanışı keçən klubların futbolçuları aldıqları yüklənmələri üzərlərindən atdıqdan sonra özlərini “suda balıq kimi” hiss etməyə başlamalı idi. Özü də bu, mövsümün sonunadək müsbət təsirini göstərməlidi. 22-ci turla iş əlbəttə ki, bitmir. Amma bu, ilk ciddi sınaq idi. Axı, arxada qalan 3 turdan sonra həmin yükün atılması gözləniləndi. Bəs normal şəraitdə hazırlıq keçməyən, öz “şirəsində qaynayan” klublar bu sınağa necə hazırdı? Rəqəmlər hər şeyi çılpaqlığı ilə üzə çıxardı. Buyurun, birlikdə baxaq.
Məhsuldarlığı ilə seçilməyən 22-ci turda baş tutan 5 oyunda 8 qol vuruldu. Heç bir oyunda nə heç-heçə qeydə alındı, nə də böyükhesablı nəticə. Qolların hamısını təlim-məşq toplanışını ölkə xaricində keçən klublar vurdu. Baş tutan 5 oyunun hər birində qələbəni məhz “xoşbəxt beşlik” qazandı. Statistikaya nəzər salsaq, daha bir maraqlı fakt diqqət çəkir. Vurulan qollardan üçü qarşılaşmların son 20 dəqiqəsində qeydə alınıb. Özü hər bir faktiki olaraq, cütlüyün taleyini həll edib. “Xəzər Lənkəran”ın qapısının torunu 73-cü dəqiqədə silkələyən “Zirə” fərqi 2-yə çatdırmaqla, cənubluların xal ümidi məhv etdi. “Neftçi” də eyni aqibəti “Qarabağ”la qarşılaşmada yaşadı. 80-ci dəqiqəyədək tablodakı minimal fərq “ağ-qaralar”a liderlə görüşdən “sülh”lə ayrılmaq şansları saxlasa da, matçın bitiminə 10 dəqiqə qalmış Dani Kintana görüşün “fatihə surəsi”ni oxudu. Nəhayət, “Rəvan” – “Qəbələ” matçında Arif Daşdəmirovun vurduğu qol qonaqların qələbəsini rəsmişləşdirdi.
Komandaların fiziki durumunun göstəriciləri oyunun son dəqiqələrində özünü daha qabarıq şəkildə büruzə verir. Bunun da əyani şahidi olduq. Qarşıda hələ 14 tur var. Növbəti dəfə “gedənlər”lə “qalanlar”ın qarşıdurması 27-ci tura təsadüf edəcək. Hələliksə “gedənlər”in benefisinin şahidi olduq. “Bu meydan, bu da şeytan”.
Toplanışı xaricdə keçənlər: oyun – 5, qələbə – 5, heç-heçə – 0, məğlubiyyət – 0, top fərqi – 8-0.
Toplanışı Azərbaycanda keçənlər: oyun – 5, qələbə – 0, heç-heçə – 0, məğlubiyyət – 5, top fərqi – 0-8.




Fikirlərini bizimlə bölüş!