AFFA yanında Media Komitəsinin maliyyə dəstəyi ilə “Bölgə futbolu: resurslar, imkanlar və reallıqlar” layihəsinin icrasını davam etdiririk.
“Üzümçü”dən “Ümid”ə çevrilən komanda
Cəlilabad cənub regionunun ən böyük rayonlarından biridi. 213 min əhalinin yaşadığı rayon vaxtilə futbola da biganə olmayıb. Belə ki, hələ sovet dönəmində rayonu təmsil edən “Üzümçü” komandası Azərbaycan çempionatının 1-ci dəstəsinin iştirakçısı olub. Komanda heç vaxt SSRİ çempionatının 2-ci divizionuna vəsiqə qazana bilməsə də, çıxış etdiyi çempionatda zəiflərdən olmayıb. Yerli kolxoz və sovxozların maliyyə ayırdığı “Üzümçü” 80-ci illərdən “Ümid”ə çevrildi. Elə bu gün Cəlilabad futbolu deyəndə də məhz bu komanda yada düşür.
Sələfi “Üzümçü” kimi ortabablardan olan komanda ilk Azərbaycan çempionatının da iştirakçısı olub. Cənub təmsilçisi ilk müstəqil ölkə çempionatını 26 komanda arasında 11-ci pillədə başa vurub. Növbəti ildə isə maliyyə böhranı ölkənin digər klublarında olduğu kimi, “Ümid”i də öz cənginə alıb. Ölkədə maliyyə vəziyyətinin pisləşməsi, sosializmdən bazar iqtisadiyyatına keçid zamanı kolxoz və sovxozların fəaliyyətini dayandırmasının fəsadları Cəlilabad futbolundan da yan keçmir. 1993-cü ildə ölkə çempionatının güclülər dəstəsində ən zəiflərdən olan “Ümid”, burda çox duruş gətirə bilmir. Komanda həmin mövsümdə yarışdığı A qrupunu 10 komanda arasında sonuncu pillədə başa vuraraq, birinci dəstəyə yuvarlanır.
Birinci divizion ləğv olundu, “Ümid” tükəndi
Lakin “Ümid” aşağı liqaya düşən kimi dağılmır. Birinci dəstədə 4 mövsüm çıxış edən komanda, 1996/97 mövsümündən sonra gözdən itir. Daha doğrusu, komandanın yoxa çıxmasının səbəblərindən biri də, növbəti mövsümdə birinci divizionun olmaması idi. Əsas sponsoru olan çaxır zavodunun maliyyə ayırmaması, həmçinin, oynayacaq çempionatın da olmaması “Ümid”in ümidini tükədir və komanda tarixin yaddaşına köçür.
Vaxtilə “Ümid”də top qovmuş futbolçuların əksəriyyəti hazırda başqa sahələrdə çalışırlar. Cavid Quliyev futbol sahəsində fəaliyyətini davam etdirən azsaylı cəlilabadlılardandı. O, “Ümid”dən ayrıldıqdan sonra “Viləş”, “Şəmkir” kimi komandalarda top qovub. Futbolçu karyerasını bitirdikdən sonra isə doğma rayona qayıdıb. Onun sözlərinə görə, “Ümid”in oyunlarına yerli azarkeşlərin marağı böyük idi. Hətta komandanın şəhər mərkəzi stadionundakı oyunları zamanı bəzi azarkeşlər ayaq üstə qalmalı olurdular:
“O vaxt Cəlilabadda çaxır zavodu var idi. Komandaya bu zavod baxırdı. Sonra üzümlükləri dağıtdılar, əvvəlki kimi Rusiyaya çaxır satılmadı, belədə zavod da bağlandı. Zavodun bağlanmasıyla komanda da fəaliyyətini dayandırdı. Komandada çoxu yerli, cəlilabadlı uşaqlar oynayırdı. Lakin başqa şəhərlərdən, Sumqayıtdan, Gəncədən də gələnlər var idi. Yerli azarkeşlərin də komandanın çıxşına marağı böyük idi. Təsəvvür edin, oyunlarımız zamanı stadionda boş yer tapmaq mümkün olmurdu, insanlar oyunu ayaq üstə izləyirdilər.
“Ümid” dağıldıqdan sonra rayonda komanda olmadı. Çox qısa müddətdə həvəskarlar liqasında komanda çıxış etdi. Amma peşəkar səviyyədə heç bir komanda fəaliyyət göstərməyib.
Ümumiyyətlə, “Ümid”in dağılmasıyla həmin komandada oynayan oyunçuların çoxu futboldan kənarlaşdı. Hamısı dolanışıq üçün başqa sahələrə üz tutdular. Demək olar, həmin komandada oynayan futbolçulardan hazırda da bu sahədə çalışan tək mən qalmışam”.
“Futbolçular yalnız rayonun adı üçün oynayırdılar”
Vaxtilə komandada oynamış, hətta bir ara baş məşqçi kimi də çalışmış Vidadi Salmanovun sözlərinə görə, “Ümid”də oyunçular yüksək maaş almasalar da, bu, onların oyunlarına elə də təsir eləmirdi:
“1976-cı ildən 1991-ci ilə kimi “Ümid”də çıxış etmişəm. Burda oynamağa başlayanda komanda “Üzümçü” adlanırdı. Lakin bundan öncə də rayonda komanda olub. Əvvəllər uzun müddət “Astraxanbazar” adı altında çıxış edib. Sonra isə rayonda üzümçülüyün inkişafıyla bağlı komanda “Üzümçü” adlandırıldı. Bir müddət sonra – 1980-ci illərdən komanda “Ümid” adlandı. Elə dağılana kimi də bu ad altında çıxış etdi.
Komanda SSRİ dövründə Azərbaycan çempionatının yüksək liqasında çıxış edirdi. Əzmkar komanda idi. 2-ci dəstəyə vəsiqə qazana bilməsə də, Azərbaycan çempionatının liderlərindən sayılırdı. Arada birinci dövrəni lider kimi bitirdiyi vaxtlar da olurdu. Komandanın əsasını yerli futbolçular təşkil edirdi. Ancaq az da olsa, kənardan gələn oyunçular da var idi.
Sonradan demək olar, komandaya maliyyə ayrılmırdı. Futbolçular yalnız rayonun adı üçün oynayırdılar. Buna baxmayaraq, “Ümid” həmişə ölkədə öz sözünü deyən komandalardan olub.
1987-ci ildən həm idman məktəbində məşqçi işləyir, həm də komandada oynayırdım. Bir müddət, 80-ci illərin axırlarında “Ümid”in baş məşqçisi də oldum. O vaxt komanda yeni-yeni klub olurdu. Onda rəhbərliyin qarşısına məqsəd qoymuşdum ki, futbolçulara ən azı 70 manat, yəni o vaxt üçün minimum əməkhaqqı verilsin. Komandanı qəbul edəndə, sonuncu pillədə qərarlaşmışdı. Sonradan komandanı 5-ci pilləyə kimi qaldırdım. Lakin rəhbərlik minimum tələbləri yerinə yetirmədi, mən də baş məşqçilikdən ayrıldım”.
Uşaq futbolu
Komanda dağıldıqdan sonra “Ümid”də top qovan yerli oyunçuların bir çoxu çörək pulu ardınca başqa peşələrin qulpundan yapışdı. Cavid Quliyev isə doğma rayona qayıtdıqdan sonra yenə futbol sahəsində çalışmağa davam etdi. O, artıq 16 ilə yaxındı ki, rayonda uşaq futbolunda çalışır:
“2001-ci ildən uşaq futboluyla məşğul oluram. B kateqoriyalı məşqçiyəm. Əvvəl “Elit Futbol” layihəsi var idi, orda çalışırdım. Keçən ildən bağlandı. Hazırda “Təhsil” İdman Mərkəzində çalışıram. Bizdə 4 yaş qrupu var. U-11, U-12, U-13 və U-14 komandalarımız AFFA-nın müvafiq yaş qrupları üzrə zona birinciliklərində çıxış edir. Forma, topla bağlı problem olmur. Sağ olsunlar, AFFA-dan təmin edirlər. Əsas problem maliyyəylə bağlıdı. Uşaq futbolu elədi ki, gərək daim stadionda olasan, məşqçilər isə 150-200 manat maaş alırlar.
Hazırda məşqlərimizi mərkəzi stadionda keçirik. Stadionda vəziyyət normaldı. Tam təmirli olmasa da, normal məşq üçün yararlıdı”.
“Bəs evdə kim işləyəcək?”
Vidadi Salmanov isə daha uzun müddətdi – 1987-ci ildən rayonda məşqçi kimi çalışır. "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbində çalışan Vidadi bəyin sözlərinə görə, şərait cəhətdən çətinlikləri yoxdu. Əsas çətinlik isə valideynlərin futbola münasibətidi:
“Uzun müddətdi rayonda uşaq məşqçisi kimi çalışıram. 7-8 il “Xəzər Lənkəran”la əməkdaşlıq etmişəm. Yetişdirdiyim uşaqları bu komandaya göndərirdim. Bir müddətdi "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbində çalışıram. Hazırda Cəlilabadda bu məktəbin 4 yaş qrupu hazırlıq keçir. Onlardan 3-nü mən çalışdırıram. Məşqlərimizi olimpiya kompleksində keçirik.
Hazırda elə də çətinliyimiz yoxdu. Əsas lazım olan şeylər – top, forma cəhətdən heç bir çətinlik çəkmirik. Burda futbola münasibət yaxşıdı. Sadəcə, valideynlərin münasibəti bir qədər yaxşı deyil. Bilirsiz, valideyn ancaq fikirləşir ki, uşaq bir müddət məşq edən kimi böyük futbolçu olmalıdı. Əsasən, çalışıram, kəndlərdən uşaqları yığım. Lakin bu zaman valideynlər müəyyən problemlər yaradırlar. Məsələn, bir uşağı komandaya cəlb etmək istəyəndə, deyirlər ki, “bəs evdə kim işləyəcək?” Bir də, olimpiya kompleksi şəhərdən bir qədər kənarda olduğundan, uşaqlar gəlib-getməkdə çətinlik çəkir. Başqa elə ciddi bir problem yoxdu”.
“Xəzər Lənkəran”ın dağılmasıyla Cəlilabadda da futbola maraq azaldı”
“Ümid” fəaliyyəti dayandırdıqdan sonra ölkənin əhalisinin sayına görə ən böyük rayonlarından olan Cəlilabad futbolsuz qalıb. Rayonda qısa müddətdə həvəskar komanda fəaliyyət göstərsə də, bu gün heç bu da yoxdu. 1997-ci ildən bu günə kimi, yəni düz 20 ildi (!) cəlilabadlılar böyük futboldan uzaqdılar. Rayon futbolsevərləri bir ara bütün cənub regionunun fəxri sayılan “Xəzər Lənkəran”ın uğurları ilə öyünsələr də, bu klubun da fəaliyyətini dayandırması cəlilabadlıları tamamilə futboldan uzaq saldı. “Xəzər Lənkəran”ın dağılması Cəlilabad futboluna da ciddi təsir etdi. Belə ki, “ağ-yaşıllar” fəaliyyət göstərdiyi dövrdə Cəlilabaddakı idman məktəblərində futbolun sirlərinə yiyələnən uşaqlar burda, aşağı yaş qruplarında özlərini inkişaf etdirmək şansı əldə edirdilər ki, hazırda bu imkandan da məhrum qalıblar. Karyerasını bitirib rayona qayıtdıqdan sonra uşaq futbolunda çalışmağa başlayan Cavid Quliyev də bu problemi qabardır:
“Burda komandanın olmaması da problemdi. Əvvəllər “Xəzər Lənkəran” var idi, istedadı olan oyunçuları ora göndərirdik. İndi isə ancaq Bakıya göndəririk. Mən özüm əvvəllər “Xəzər Lənkəran”ın aşağı yaş qrupunda çalışmışam. “Xəzər Lənkəran” olanda, şərait yaradılmışdı. Burdan gedən uşaqlar üçün avtobus ayırırdılar. Cəlilabadlı uşaqlar “Xəzər Lənkəran”ın hər yaş qrupunda çıxış edirdilər. Ümumilikdə, həmin komandada müxtəlif yaş qruplarında 40-a yaxın cəlilabadlı uşaq oynayırdı. Amma “Xəzər Lənkəran”ın dağılmasıyla Cəlilabadda da futbola maraq azaldı. Əvvəl beləydi ki, uşaq gedirdi, Lənkəranda məşq edirdi, sonra qayıdıb evinə gəlirdi. İndi isə uşağı Bakıya göndərmək çətin olur. Uşaqlar valideynindən, valideyn də uşaqdan ayrılmaq istəmir. Bax, problemlərdən biri də budu. Belə gedişlə, inanmıram ki, Cəlilabaddan yaxşı futbolçu çıxa. Bacarıqlı futbolçular çoxdu. Məsələn, bizdə 10 yaşında uşaq var, deyərdim, onun yaşda Azərbaycanda futbolçu yoxdu. Lakin o, daha yaxşı inkişaf etmək üçün klublara yollanmalıdı. Hələ ki, burda uşaqların yetişməsi üçün əlimizdən edirik. Bu regionda heç olmasa, bir klub olsa, valideynlər də rahat olar ki, övladımız bu komandada oynayacaq. İndi valideynlər deyirlər ki, “Azərbaycanda futbol var?” Hazırda rayonda uşaqlar daha çox güləşə yönəlirlər. Bu idman növündə kütləvilik daha çoxdu.
Burdakı uşaqlarda yaxşı potensial var. Hazırda ölkəmizin aşağı yaş qruplarında və klubların əvəzedici heyətlərində oyunçularımız çıxış edir. Orxan Sadıqlı, Kənan Həsənov, Zamiq Əliyev, Kamran Babayev, Xəqani Sadıqov kimi oyunçular məhz bizim yetirmələrimizdi. Ümumiyyətlə, demək olar, Premyer Liqa klublarının hamısının müxtəlif yaş qruplarında bizim yetirmələrimiz çıxış edir. Ancaq bundan sonra oyunçular çıxacaqmı, bu, sual doğurur”.
Futbolun get-gedə unudulduğu futbol rayonu
Cəlilabad həmişə futbol rayonu olub. Bu rayonu təmsil edən komandalar heç vaxt ölkə səviyyəsində böyük uğurlar qazanmasa da, ölkə çempionatlarının daimi iştirakçılarından olublar. Rayonda futbolu inkişaf etdirmək, kütləvilik yaratmaq üçün əhali potensialı da var. Elə təkcə, Cəlilabad şəhərinin özündə 45 mindən çox əhali yaşayır. Vaxtilə rayonda komandanın mövcud olması və bu komandanın oyunlarına yerli əhalinin marağı da şərait, komanda yaradılacağı təqdirdə, rayonda futbolun kütləviliyinə nail olmağın elə də çətin olmayacağını göstərir. Ancaq hazırda cəlilabadlı uşaqlar nəinki doğma komanda, hətta qonşu rayonların da komandalarında da oynamaqdan məhrumdular. Cəlilabadlı futbolsevərlər hazırda yalnız kəndlər arasında keçirilən rayon çempionatını izləməklə kifayətlənirlər. Bu gedişlə, az-çox futbol ənənəsi olan bu rayonda da futbol unudulacaq. Elə yerli uşaqların kütləvi şəkildə boks, güləş kimi fərdi idman növlərinə yazılması da futbola olan marağın get-gedə azalmasının bariz nümunəsidi.
Reşad ERGÜN




Fikirlərini bizimlə bölüş!