Cəfərquliyev asfaltda, Fərəcullayev Bayılda: Bəs Gürcüstan harada?

Cəfərquliyev asfaltda, Fərəcullayev Bayılda: Bəs Gürcüstan harada? — illüstrasiya

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev deyir ki, əsas komandadan uzaqlaşdırıldıqdan sonra əvəzedici heyətlə birlikdə asfalt üzərində məşq edib (https://www.instagram.com/reel/DcA8_IfNprP/…). Bilirsinizmi harada? “Sərhədçi” İdman Mərkəzində.

Orada həm də “Qarabağ” Futbol Akademiyasının uşaq komandaları hazırlıq keçir. Yəni, ölkənin ən titullu klubunun infrastrukturu asfalt üzərində qurulub.

Lap tutaq ki, Cəfərquliyev mübaliğəyə yol verir. Bəs AFFA “Sabahın ulduzları” adlı yeniyetmələr arasında ən görkəmli futbol yarışını harada bərpa edib? Futbol İnkişaf Mərkəzi adını verdiyi süni örtüklü Bayıl stadionunda.

AFFA-nın baş katibi Cahangir Fərəcullayev də “həftə səkkiz, mən doqquz”, işə gedəndə də, işdən qayıdanda da, Bibiheybət tərəfə balıq yeməyə gedəndə də “Sabahın ulduzları”na baş çəkib, Bakı Futbol Federasiyasının işgüzar görkəmli prezidenti Tahir Süleymanovla yorulmadan şəkillər çəkdirir.

Bəs hardadır regionlarda tikmək istədiyiniz futbol mərkəzləri?

Fərəcullayev Abşeron yarımadasında gəzib-dolaşmağında olsun, baxaq görək Gürcüstanda futbolun inkişafı istiqamətində hansı addımlar atılır. Bu məqsədlə Gürcüstan Futbol Federasiyasının (GFF) rəsmi saytındakı xəbərlə tanış olaq:

Gürcüstan İnfrastruktur Nazirliyinin idman infrastrukturunun inkişafı üzrə genişmiqyaslı proqramı çərçivəsində ölkə üzrə 54-ə qədər futbol-texniki mərkəzin layihələndirilməsi və tikintisi həyata keçirilir. Gürcüstan Futbol Federasiyasının prezidenti Levan Kobiaşvili İnfrastruktur naziri Revaz Soxadze və Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri David Sonqulaşvili ilə birlikdə Kaxetinin altı bələdiyyəsində inşa olunan futbol-texniki mərkəzlərdə aparılan işlərlə tanış olub. Kobiaşvili ilə yanaşı, infrastruktur layihələrinə GFF-nin birinci vitse-prezidenti Kaxa Çumburidze və texniki direktor Qoça Tamazaşvili də baxış keçiriblər.

Telavi, Axmeta, Kvareli, Tsnori, Qurcaani və Saqareco şəhərlərində həyata keçirilən layihələrin hər birinin çərçivəsində süni örtüklü məşq meydançası yaradılacaq, 300 tamaşaçı üçün nəzərdə tutulmuş tribunal, idmançılar üçün soyunub-geyinmə otaqları, sanitar qovşaqlar, tibbi otaq və əlavə texniki sahələr inşa ediləcək.

Səfər çərçivəsində Telavidə UEFA-nın III kateqoriyalı stadionu layihəsinin müəllifləri ilə işgüzar görüş də keçirilib. Hazırda 4 500 tamaşaçı tutumuna malik yeni stadionun layihəsi hazırlanır”.

Kaxetiyə səfərdən əvvəl tərəflər İmereti regionunda, Qori şəhərində və Qori bələdiyyəsinin Medjvrisxevi kəndində müasir futbol-texniki mərkəzlərin tikintisi ilə də tanış olublar.

GFF prezidenti açıqlamasında bildirib ki, bu layihələrin məqsədi yalnız yeni stadionlar tikməkdən ibarət deyil. Məqsəd daha çox uşağın və gəncin müasir şəraitdə məşq etməsinə imkan yaratmaq, uşaq, qadın, həvəskar və kütləvi futbolun inkişafına şərait formalaşdırmaqdır.

Əslində futbol infrastrukturu məsələsinin mahiyyəti də elə budur.

Bəs bizdə vəziyyət necədir?

Əvvəla, AFFA-nın prezidenti Rövşən Nəcəf heç vaxt ölkədaxili futbol tədbirlərində iştirak etmir. Uzağı ildə bir dəfə qurumun konfransına qatılır. O ki ola, bölgələrə futbol infrastrukturunu öyrənmək üçün səfərlər edə.

Fərəcullayevin daha çox harada olduğunu isə yuxarıda yazmışıq.

Əlbəttə, Azərbaycan futbolunda bu istiqamətdə görülən işləri yox saymaq olmaz. AFFA-nın Futbol Akademiyası var. “Turan Tovuz”un akademiyası yaradılıb. Klubların akademiyalarında müəyyən işlər aparılır. AFFA da son vaxtlar Premyer Liqa klublarının akademiyalarının vəziyyətini və ehtiyaclarını qiymətləndirməyə başlayıb.

Ancaq Gürcüstandan gələn rəqəm adamı istər-istəməz düşündürür: 54 futbol-texniki mərkəz.

Söhbət bir neçə böyük şəhərdə yaradılan akademiyadan getmir. Söhbət ölkənin müxtəlif bölgələrində uşağın evindən uzağa getmədən futbol oynaya biləcəyi, məşq edə biləcəyi və yarışlara hazırlaşa biləcəyi şəraitdən gedir.

Azərbaycanın da futbol baxımından kifayət qədər böyük regionları var. Gəncə, Mingəçevir, Quba, Qusar, Şəki, Zaqatala, Lənkəran, Masallı, Salyan, Şamaxı, Tovuz və başqa rayonlarda neçə-neçə istedadlı uşağın olduğu illərdir deyilir.

Amma bir məsələ dəyişmir: uşağın istedadlı olması hələ futbolçu olması demək deyil.

Onun məşq edəcəyi meydan, məşqçisi, düzgün hazırlıq sistemi və yarış imkanları olmalıdır.

Dövlətin milyonları stadionlara yox, legionerlərə israf olunur

Bəzən Azərbaycan futbolunda istedad axtarışından çox danışırıq. Halbuki istedadı axtarmaq qədər, onun inkişaf edəcəyi mühiti yaratmaq da vacibdir.

Gürcüstanın etdiyi məhz budur.

Qonşu ölkənin layihəsində maraqlı olan məqam həm də federasiyanın prosesdən kənarda qalmamasıdır. Dövlətin yaratdığı infrastruktur imkanları futbol federasiyasının iştirakı ilə futbolun ehtiyaclarına uyğunlaşdırılır.

Yəni biri stadion tikir, digəri isə orada futbolun necə inkişaf etdiriləcəyini düşünür.

Amma Azərbaycanın bütün bölgələrində stadionlar, Olimpiya İdman komplekslərinin futbol meydançaları və digər infrastrukturlar olduğu halda, AFFA bunların heç birindən istifadə etmir. Səbəbini soruşanda da qeyri-rəsmi olaraq “bizim deyil, nəyimizə lazımdır?” cavabını verirlər.

Əvəzində bilirsinizmi nə edirlər?

Legioner limitini ləğv etməklə və ildə 2,5 milyon manat dotasiya verməklə bütün klublarımızı heyətlərinə əcnəbiləri doldurmağa sövq edirlər. Nəticədə hətta “Qarabağ” kimi komandanın “asfaltda məşq etmiş” futbolçusu Cəfərquliyev zədələnir və iki həftə müddətinə sıradan çıxır.

Legioner limiti ilə bağlı rəsmi qərar: AFFA, 3 fevral 2025.

Odur ki, Niderland “Tvente”si ilə UEFA Konfrans Liqasının pley-off oyunlarında start heyətdə yerli futbolçu görməsəniz, təəccüblənməyin. Necə ki, bunu Misli Premyer Liqasında yeni mövsümün açılış matçında “Turan Tovuz”un heyətində görmədik.

Cəfərquliyev asfaltda, Fərəcullayev Bayılda: Bəs Gürcüstan harada? — illüstrasiya

Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!