Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Cinayətə təşəbbüs

Yenə Gəncədə üz-üzə gəldik, neyləyək, ayrıca futbol şəhərimiz yox. “Xəzər Lənkəran” dağılıb, “Simurq” haqqın rəhmətinə qovuşub, Ağdam da çoxdan viran olunub. “Qəbələ” də məcburiyyətdən müvəqqəti olaraq Bakıya köçüb. Yəqin ki, paytaxtdan bir neçə dəqiqəlik uzaqlıqda yerləşən Sumqayıtı da əyalət hesab etməyimiz doğru olmaz.

Təəssüf ki, bu səbəbdən jurnalistlərin bölgələrə səfərini təşkil edən Peşəkar Futbol Liqası seçim etməkdə çətinlik çəkməmişdi. Görüş yeri dəyişilməz olaraq qalmışdı. Gecə saatlarına qədər işlədiyimdən səhər yuxudan oyananda təyin edilən yerə çatmaq üçün 1 saat vaxtım var idi. Bəxtim gətirdi ki, qəsəbədən 1 manata taksi “Neftçilər” xəstəxanasının önündə qədər gedə bildim. Onsuz da oradan da AFFA-nın qarşısına getmək üçün 5-10 dəqiqə də bəs edirdi.

Artıq saatlarımız 9:25-i göstərəndə ölkənin ikinci ən böyük şəhərinə doğru istiqamət aldıq. Əvvəlkilərə nisbətən bu dəfə səfərə elə də çox jurnalist maraq göstərməmişdi. Bu səbəbdən kondisionerli, rahat avtobusda kifayət qədər boş yerlər qalmışdı. 5 dəqiqəlik fasilə üçün yalnız Küdrəmirdə dayandıq. “Günəş vannası” qəbul etdikdən sonra növbəti dayanacaq Gəncədə “Şahsaray” restoranı oldu. Nahar etdikdən sonra “Kəpəz” – AZAL matçının keçiriləcəyi şəhər stadionuna üz tutduq.

“Yenə türmə, yenə qazamat, ay brat, ay brat” meyxanasnda da deyildiyi kimi, çox şey dəyişilməmişdi. 1960-cı ildə təməli qoyulan arenanın baxımsızlıqdan düşdüyü vəziyyətinə adam heç baxmaq da istəmirdi. Deyəsən, bəziləri üçün bərpa işləri tribunalara 3-5 yeni oturacaq quraşdırmaqdan ibarətdi. Artıq məsələ ilə bağlı dəfələrlə yazmışıq. Amma təəssüf ki, nə şəhər rəhbərliyi, nə də aidiyyatı qurumlar problemin həlli üçün kömək bir yana, heç cəhd də etmir.

Buna görə də məcburiyyətdən qarşılaşma 40 dərəcə istidə 17:00-da təyin edilmişdi. İşıqlandırma sistemi olmayan arenada oyun keçirilirsə, bundan başqa çıxış yolu yoxdu. Əslində, bu, cinayətə təşəbbüs idi. Çünki belə isti havada, kiminsə ürəyi gedə, bəxti qarala bilərdi. 90 dəqiqə qələbə qazanmaq üçün yox, həyatda qalmaq uğrunda mübarizə aparan futbolçular əhsən! PFL də təşəkkür! Ona görə ki, heç olmasa media sektorunun üstünün örtülməsini tələb etməklə jurnalistlərin günvurmadan xilasına nail oldu.

0:0 hesabı ilə başa çatan qarşılaşmaya gəncəli azarkeşlərin də az maraq göstərməsinin ən başlıca səbəbi də bu idi. Hər iki komandanın məşqçisi də durumdan şikayətləndi. “Belə isti havada futbol oynamaq olmaz” dedilər. Mətbuat konfransında Şahin Diniyevə vəziyyətin acınacaqlı olduğunu nəzərə alaraq, yayın başa çatmasına qədər Bakıya köçmələrini, axşam saatlarında oynamalarını təklif etdim. O isə cavabında haqlı olduğumu desə də, “Gəncədən getmək istəmirik. Çətin də olsa oynamağa məcburuq. Özüm günün altında dayanmağa yer axtarırdım. Buna görə də futbolçuları da qınamıram. Belə havada ölüm hadisəsi baş verə bilərdi” söylədi.

– Yəni acı reallıqla barışmaqdan başqa çarə yoxdu?
– Mətbuat konfransından sonra sənə bir lətifə danışacam…

Diniyev sözününün üstündə durdu. Konfrans başa çatandan sonra Şahin bəyin danışdığı lətifə hər nə qədər gülməli olsa da, acı reallıqdan xəbər verirdi. Təcrübəli çalışdırıcıya verdiyim sözə görə lətifəni yaza bilməyəcəm. Qısa olaraq deyim ki, nə “Kəpəz”in, nə də Şahin bəyin başqa çıxış yolu yoxdu.

İşimizi bitirdikdən sonra yenidən “Şahsaray”a üz tutduq. Gözəl və xüsusi dizaynı ilə seçilən restoranın rəhbərliyininin müştərilərə başqa bir sürprizi də var idi. Belə ki, tar, skripka, “darbuka” və akustik gitara çalanlardan ibarət mini qrup xalq mahnıları ilə yorğunluğumuzu aradan qaldırdı. Möhtəşəm, özünəməxsus ifalarla qulaq asmaqla ruhumuz dincəldi. Kaş ki, onları dinləmək üçün bir qədər artıq vaxtımız olaydı. Bəlkə də, biz xoşbəxt ola bilərdik, bəlkə də, xoşbəxtik, xəbərimiz yox.

P.S. Əslində, səfərlə bağlı təəssüratlarımı Bakıya qayıdarkən avtobus da yazmaq istəyirdim. Amma avtobusda səslənən aşıq havaları fikrimi yayındırdı. Ruhum dağlara tərəf uçdu. Aşıq da saz çalırdı, internet də “Sazz” idi, vəziyyət də.

Fikirlərini bizimlə bölüş!