Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Danışır Rövnəq Abdullayev…

Rövnəq Abdullayevin AFFA prezidenti statusuyla iştirak etdiyi mətbuat konfransları əyləncəli tədbirlər sırasındandı. Adam jurnalistlərin suallarına cavab verərkən üzünü nadir hallarda kameralara tərəf tutur. Adətən, sağa-sola baxa-baxa danışır. “Görəsən, düzmü dedim?!” narahatlığı var. Danışdıqlarının təsdiqini yanındakıların baxışlarında axtarır. Məsələn, “Səbail”ə biz pul vermirik, öz sponsoru var” deyir, sağına baxır. “Elə deyilmi, Elxan” sualı var o baxışlarda. Daha dəqiqi, “elə düzüb-qoşmamısızmı” sualı…
***
Televiziyaçılıqda kameraların obyektivinə baxıb çıxış etmək bir növ səmimilik predmetidi. Eynilə fərdi söhbətdə insanın gözünün içinə baxaraq danışmaq kimi, tamaşaçıya natiqin özünə əminliyini, özünə inamını göstərir. İnsan psixologiyası meyarlarına görə isə həmsöhbətin danışarkən gözlərini qaçırması, mimika oynamaları yalan danışdığına sübutdu. Hətta hüquq-mühafizə orqanlarının cinayətkarların dindirilməsində istifadə etdikləri “yalan yoxlama mexanizmləri” məhz bu əsaslara bağlı çalışır. Qurğuya bağlı olan şəxsin danışarkən bədənində baş verən instinktiv proseslərlə onun səmimiyyətinə qərar verilir.
***
AFFA prezidentinin ötən həftə keçirdiyi mətbuat konfransında gözümüzün içinə baxmadan danışdıqları arasında premyer-liqadakı klub sayı da var idi. Ənənəvi imkansızlıq, pulsuzluq bəhanələri və gələn mövsümə dair dəqiq ifadə edilməyən sayartırma proqnozu. Ancaq heyif ki, həmin tədbirdə verilməli olan ən lakonik sual verilmədi. Soruşan olmadı ki, Rövnəq müəllim, sizə Ramiz Mirzəyevdən qalan 14 komandalı “yüksək dəstə” adlanan çempionatı indiki 4 dövrəli ürək bulandıran yarışa kim çevirdi. Bu say geriləməsinə səbəb maliyyə problemi idisə, gətirin həmin 2007/08 mövsümündə çıxış etmiş komandaların illik xərcləri ilə indiki “8-liy”i müqaisə edək. Sizin mənasız premyer-liqanız bəyənmədiyiniz yüksək dəstədən daha bahalı başa gəlir axı. Bəs keyfiyyət hanı? Hanı o çempionatın 7 bölgə klubu? “Xəzər Lənkaran”ı, “Turan”ı demirəm heç, hanı “Karvan”, “Masallı”, “ABN-Bərdə”? Sağınızda-solunuzda oturanların gözlərinə bu suallarla baxmaq lazımdı. “İllik büdcəsi 1 milyon dollardan aşağı olan klub premyer-liqada oynaya bilməz anlayışını” gətirənlərə sual verin, məsələn, Gürcüstanın üst liqasından neçə ədəd milyonluq klub saya bilərlər?
***
Məlum konfransda başqanın sol tərfində hamımızın sevimlisi Qurban Qurbanov oturmuşdu. Gözlənildiyi kimi, Rəşad Sadıqovun U-21 və U-20 yığmalarına təyinatı təsdiqləndi və bu mövzudan da bəhs edildi. İndi hamı Sadıqovun gənc yığmaları gücləndirəcəyinə inanır. Rəşadın əzmkarlığına, perspektivinə mən də şüphə etmirəm. Problem ondadı ki, adamın hansı resurslardan istifadə edəcəyi məlum deyil. 8 komandada vur tut 8 21 yaşına qədər futbolçu oynayacaq. Birnci dəstənin durumu, potensialı bəlli. Hər şey kənara, o 8 komandanın birində yaş məhdudiyyətsiz əsas yığma üçün namizəd, elə həmin Rəşad Sadıqovu əvəzləyəcək mərkəz müdafiəçisi yoxdusa, bu işin sonunu necə ehtimal edək?!
***
Keçək nikbin notlara…
İntəhası, camaatımız inanır! İnanır ki, zəhmətkeş Qurban müəllim bütün çətinliklərin öhdəsindən gələcək. Təklif verib, önümüzdəki mövsümdən komanda sayı da artırılmalıdı. İndiyə qədər Əsgər Abdullayevdən başqa bütün yığma məşqçilərinin ətrafında birləşmək şüarlarının müəllifi, çox hörmətli Vaqif Sadıqovun da bu təklifi dəstəkləmək indi yadına düşüb. Foqts, Prosineçki dönəmində 8-10 komandalı çempionatlar kifayət edirmiş. O vaxt elə məsləhət imiş, onu dəstəkləmişik, indi belə məsləhətdi.
Bu azmış kimi, Region Liqası da yaradıldı. Məsələn, sabah yığma komandamızda Yardımlı “Dinamo”sunun futbolçusunu niyə də görməyək?
P.S. Daha bir məqam: Rövnəq müəllim deyib ki, halallıq hər şeydən vacibdi. Bunu da Qurban Qurbanovla gələn yeni cərəyan saya bilərik. Mümkündü, Gəncədə başverənləri Qafqaz Müsəlmanları İdarəsi də araşdırmış, rəy vermiş olsun. Yoxsa imanlı Abdullayev niyə desin ki, “Kəpəz”dəki problemlər ciddi deyildi”?!

Fikirlərini bizimlə bölüş!