Musəvilərdə həftə şənbə, xristianlarda bazar, müsəlmanlarda cümə günü bitir. Tarixi eramızdan əvvəl 2-ci əsrə təsadüf etsə də, ən müasir “din” olan futbolda həftə cümə axşamı bitir.
Bu həftə maraqlı hadisələrlə bol oldu. Parlamentimizdə büdcə layihəsinin müzakirəsi, bəzi deputatların inqilabvari çıxışları, sutenyor jurnalistikanın üzvlərinin həbsi, Çempionlar Liqası və sonda Avropa Liqasının qrup oyunlarının sonu.
Dəxli olmasa da, yadıma bir hadisə düşdü. Deməli, isti yay günlərinin birində Tərtərdə Murov tərəfə baxa-baxa, çayxanada tanış-tunuşla oturub, döyüşdən-zaddan danışırdıq. Hərəmiz bir döyüşdən, döyüşdə öldürdüklərimizdən basıb-bağlayırdıq. Birdən kənarda sakit dayanan Qarabağ veteranlarının sədri Aydın dedi ki, qadanız alım, başınızı bir az o tərəfə edin, bir erməni də mən öldürüm. Sanki qurbağa gölünə daş atdılar…
Bir dəfə yazmışam, biz çox maksimalistik. Hər şeyi istəyirik. Hər şeyin birdən olmasını istəyirik. Alınmayanda işi yarımçıq qoyub gedirik. Əvvəlini guppultuyla başlayırıq – himnimiz kimi. Sona çatana yaxın üç dəfə Azərbaycan deməyə canımız çıxır.
“Qarabağ”ın bir az uğurlu, “Qəbələ”nin uğursuz Avroliqa çıxışları bizim bu komandaların məşqçisindən tutmuş, texniki işçisinə qədər söyməyimizə səbəb oldu. Biz Qurban Qurbanovdan Avroliqanın final oyununda “Qəbələ”ylə qarşılaşmasını tələb edirdik. Həmçinin bunu Roman Qriqorçukdan da tələb edirdik. Amma nə Qurban, nə Roman bizdən soruşmadı ki, “Alış, nəynən, hansı potensialnan?”
İllərdi uşaq futbolundan danışırıq. Danışırıq deyəndə ki, mən danışmıram, Rövnəq Abdullayev danışır. Arada haştağlayır: “Niyə də yox?”
U-17-nin, U-19-un nəticələri göz qabağındadı. Statistikaya varmayacam. İllərdi futbolun inkişafı üçün AFFA deyilən yaramaz bir qurum pul silir, “futbolun inkişafı” isə futbolçu yox, maklerlər yetişdirir. Normal yetişən futbolçuya da yüksək pul verib, milli çempionatda bədbəxt edirlər. Çünki azərbaycanlı psixologiyasıdı: xaricdə gedib 10 min qazanmaqdansa, elə evimdə oturub 50 min qazanıram. Klublara legioner məhdudiyyəti qoyurlar. Yenə soruşuram: hansı potensialla bu məhdudiyyəti qoymusuz, cənab Abdullayev?
AFFA hər il hesabat konfransı keçirir. Xərclənən pulun hesabatını verir. Tədiyyə balansını ortaya qoyurlar. Böyründə də auditor rəyi. Hə, yadımdan çıxmamış, auditoru da xaricdən dəvət edirlər. Sonra da hansısa nazir çıxıb deyir ki, SOCAR ziyanla işləyir. Nazirə deyən olmadı ki, ziyanla işləyirsə, SOCAR və onun müdiri əlini AFFA-dan çəksin. SOCAR müdirinə görən deyən yoxdu ki, get pəncərini qayır ki, istilik çölə çıxmasın, ayağını yorğanına görə uzat, futbol sənlik deyil? Yoxdu. Olsaydı, həm AFFA, həm cüdo federasiyasından ikiəlli yapışmazdı.
Tərtərdə Əhəd adında biri var. Adam Münhauzeni okeana susuz aparar, susuz gətirər. Deməli, Əhəd ayı ovuna getməyindən danışırdı. Murovun lap yuxarılarına kimi qalxmışdı. Birdən qayıtdı ki, bə bir də gördüm, ağ ayı qarşımda durub. Qayıdıb dedik ki, ay Əhəd, etmə, eləmə, Murovda ağ ayı nə gəzir? Əhəd heç əhvalını pozmadan dedi ki, ay qadan alım, bəlkə əhəngə düşübmüş? İndi bizim futbol da Abdullayevin neftinə düşüb…




Fikirlərini bizimlə bölüş!