…Mxitaryanla dərdləşən Qay
Futbolun həzzini yaşamaq, bu oyunun gözəlliklərindən xəbərdar olmaq üçün Almaniyaya səfər etmək kifayətdi. “Qəbələ”nin meydana çıxdığı “Siqnal İduna Park”da elə bir atmosfer vardı ki, azərbaycanlı jurnalistlər illər keçsə də, unuda bilməyəcək. Azarkeş dəstəyi, yaradılan şərait, mühafizəçi və könüllülərin gülərüz münasibəti – bir sözlə, hər şey ideal səviyyədə. Sözün əsl mənasında bizim onlardan görüb-götürəcəyimiz çox şey var. Sən demə, ölkəmizdə çalışan alman mütəxəssislərin və Bakıya səfər edən bərkgedən klubların yekəxanalığı boşuna deyilmiş.
Yaxşı qurtardıq…
Hagendən Dortmunda olan 40 km-lik məsafənin 30-nu qət etməkdə problem yaşamadıq. Elə ki, oyunun keçiriləcəyi şəhərə daxil olduq, əhvalımız əməlli-başlı korlandı. Sözlə ifadə edə bilməyəcəyim tıxac hətta sürücüləri yolun ortasında düşməyə vadar edirdi. Odu ki, təcrübəli sürücümüz çətinliklə də olsa, tıxacdan çıxıb başqa yol seçdi. Belə deyim, təcrübə köməyi-mizə çatdı. Stadiona daxil olmaq azarkeşlər üçün çətinlik yaratsa da, yer aldığımız nəqliyyat vasitəsinin ön pəncərəsindəki bildiriş sayəsində xüsusi zolaqla mənzil başına çatdıq. Arenada avtomobillər üçün xüsusi parkinq sahəsi var ki, maşını orda saxlamaq istəyənlər 8 manatından keçməlidi.
Belə azarkeş olar?
Oyunun başlamasına 50 dəqiqə qalmış stadionun ərazisində qarışqa kimi dolaşan, boğazını pivə ilə yaşlayan onminlərlə “Borussiya” tərəfdarı üçün əsl bayram idi. Bax, buna istirahət de-yirlər. Bizdəkindən fərqli, turniketlər çalışır, azarkeşin tribunadakı yerini tutması cəmi 5 dəqiqə vaxt aparır. Bu səbəbəndi ki, stadiona daxil olmaqdansa, iki mərtəbəli möhtəşəm “fan shop”da vaxt keçirməyi üstün tutumuşdular. Qiymətlər “at belində” olsa da, kassalar qarşısın-dakı növbəyə baxanda adam şoka düşür. İnsanlar sanki oyuna baxmağa yox, alış-verişə gəlib. Almaniya vaxtı ilə 18.30-da tribunalarda uzağı 20 min tərəfdar olardı. Son yarım saatda yerlərini tutub bir həngamə qopardılar ki, gəl görəsən. Futbolçular meydana çıxanda səsləndirilən mahnı isə tük ürpədirdi. Zenyovun həyəcanını gizlədə bilməməsi dəfələrlə sağ tərəfdəki tribunaya baxmasından hiss olunurdu. Yeri gəlmişkən, təxminən 15 min yerin boş qalması səbəbsiz deyildi. Təhlükəsizlik tədbirlərini nəzərə alan UEFA “Siqnal İduna Park”ın dolmasına icazə vermir.
Kaqavaya görə Yaponiyadan Dortmunda
“Fan shop”da söhbət etdiyim azarkeşlərdən bir neçəsinə Mxitaryanla bağlı verdiyim sualı təəccüblə qarşıladılar. “Niyə oynamasın ki” sualını eşidincə, Azərbaycanla Ermənistanın düşmən münasibətindən bəhs etdim, ağızları açıq qaldı. Yekəqarın alman futbolu siyasətə qatmağın düzgün olmadığını iddia etməsinə baxmayaraq, sona qədər Henrixə nifrət etdiyimizi bildirdim. Yanlarında 4 yaşlı uşağı “Siqnal İduna Park”a gətirən yapon ailə Sinji Kaqavaya görə gəlmişdi. Özləri Bremende yaşayır, elə də uzaq deyil. Ancaq söhbət zamanı öyrəndim ki, Kaqavaya görə uzaq Yaponiyadan gələnlərin sayı az deyil.
Arzumuz suya düşdü
Hələ Bakıdan Dormunda uçmağa hazırlaşanda jurnalistlər arasında oyunun nəticəsi ilə bağ-lı müzakirələr səngimək bilmirdi. Rəqibin adını, üstəlik, Bakıdakı çıxışını göz önünə alıb “Borussiya”nın böyük hesabla qələbə qazanacağını deyənlərin sayı az deyildi. Bunun ək-sini düşünənlər isə Qriqorçukun ilk oyundan sonra rəqibi təhlil etmək bacarığını əsas gətirirdi. “Qəbələ”nin qələbə qazanmasını ən yaxşı halda yuxumuzda görərdik. Səmimi olsaq, heç-heçə də inandırıcı görünmürdü. Ən yaxşı halda, Bakıya minimalhesablı məğlubiyyətlə qayıda bilərdik ki, həm bunun, həm də Mxitaryanın qapımıza yol tapmaması üçün dua edirdik. 67-ci dəqiqədə ilk arzumuz suya düşdü. Bircə qalırdı Henrixin fərqlənməməsi ki, bu da 3 dəqiqə sonra reallaşdı. Buna qədər 3 epizodda qol vurmağa yaxın olan erməninin ilk zərbəsi qapının üstündən keçmiş, ikinci cəhdini Pietrzkieviç gözündə qoymuş, sonuncu vuruşu dirəyə tuş gəlmişdi. Adını tabloya yazdırmaq üçün alışıb-yanan “10 nömrə” nəhayət ki, istəyinə çatdı. Darhal da tribunalar coşdu. Bunaqədərki qolların müəlliflərinin adlarını 3-4 dəfə səsləndirən azarkeşlərin dilindən Mxitaryan adı təxminən 30-40 saniyə düşmədi. Halbuki “fan shop”da rastlaşdığım fanat ermənilərin bizə düşmən olmasından xəbərsiz olduğunu demişdi. Qolu bu şəkildə bayram etmələrindən sonra məsələdən duyuq olduqlarını təxmin etmək çətin deyildi.
Səsi batan “qəbələlilər”
“Siqnal İduna Park”a azərbaycanlıların axın edəcəyini heç kim gözləmirdi. Ümid qalırdı Almaniyada yaşayan türklərə. Odu ki, matç başlamamışdan öncə tribunalara göz gəzdirdik. Nə bayraqlar gözə dəyirdi, nə də “Qəbələ”nin formasını geyənlər. Matçın başlamasına 5 dəqiqə qalmış təxminən 100-ə yaxın türk və azərbaycanlı qapı arxasındakı tribunada yerini tutdu. Təbii ki, hər iki ölkənin bayraqları ilə. Dortundlu fanatlar olan yerdə onların səs çıxarması gülünc görünərdi. Demək olar, susdular. Yalnız yerli azarkeşlər bir neçə saniyəlik ara verəndə tribunlardan “Azərbaycan, Azərbaycan” sədaları eşidilirdi. Mxitaryan fərqlənəndə hansı reaksiya verdiklərini görə bilmədik. Öz aramızdı, 57 min almanın arasında nə eşidə bilərdik ki?
Mxitaryana uğurlar arzulayan “Qəbələ”li
Hakimin final fitindən sonra hər iki komandanın üzvləri bir araya gəldi. Əl sıxıb görüş-dülər, bir-birinə uğurlar arzuladılar. Bu an nəzərlər Mxitaryana yönəldi. Tək deyildi, yanında “Qəbələ”li vardı, şirin-şirin söhbətləşirdilər. Kim olsa, yaxşıdı? Aleksey Qay… Vaxtilə “Şaxtyor”da çiyin-çiyinə oynadığı erməni ilə söhbət etmək üçün bundan yaxşı fürsət ola bilməzdi. Samir Zərgərov isə “Borussiya”lı ilə dəyişdiyi formanı dərhal əyninə keçirtdi və meydanı “sarı-qara” formada tərk etdi. Futbolçuları yanlarına səsləyən azarkşelər cəmi bir neçə saniyə gözlədi. Hummelsin başçılıq etdiyi dəstə cərimə meydançasının xətti üzərində bir cərgədə düzülüb fanatlara təşəkkür etdi, ardınca birgə şərqilər oxudular.
Həbib ASLANOV /Dortmund




Fikirlərini bizimlə bölüş!