Bugünlərdə mediaya müsahibə verən “Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanov “Mpenza işi” ilə bağlı məsuliyyətin bütünlüklə klubun hazırkı rəhbərliyinin üzərinə düşdüyünü söyləyib.Tahir bəy xüsusi vurğulayıb ki, onların dönəmində belçikalı futbolçu klubdan təzminat tələb etsə də, istəyinə çata bilməyib.
Bu məsələ ilə soğuya cavab olaraq paytaxt təmsilçisinin hazırkı rəhbərliyi “Mpenza işi” ilə bağlı sənədləri ictimaiyyətə təqdim edib. Sənədlərlə tanış olduqda ortaya çoxlu maraqlı məqamlar çıxır. Belə ki, 2012-ci ilin yanvar 23-də klub futbolçunun maraqlarını qoruyan “Europe Sports IZC Management” agentliyinə Mpenzanın Çin, Belçika, yaxud Qatar klublarından birinə keçməsi üçün icazə sənədi verib.
Şərtə görə, “Neftçi” bu keçiddən 400 min avro qazanmalı idi. Futbolçunun transfer dəyəri 400 mindən artıq olacağı halda, bu məbləğ klub və agentlik arasında bölünməliydi. “Neftçi” tərəfindən verilən icazə sənədi yalnız 23-27-si aralığında qüvvədə olub və Süleymanov tərəfindən imzalanıb. 2012-ci il fevralın 7-də “Neftçi” Mpenzanın meneceri Cefri Engelbertə ikinci icazə sənədini göndəririb. Bu dəfə sənədin qüvvədə olma tarixi fevralın 15-ə qədər, yəni 8 gün olub.
Belçikalı futbolçuya qoyulan əvvəlki qiymət də iki dəfə azaldılıb. “Ağ-qaralar”ın rəsmiləri bu sənəddə transfer qiyməti kimi 200 min avro göstərib. Menecerə göndərilən məktubda da Tahir bəyin imzası var. Bundan sonrası isə daha maraqlıdı. Klub tərəfindən belçikalı oyunçuya fevralın 15-nə kimi icazə verilsə də, həmin ayın 11-də paytaxt təmsilçisi FİFA-ya məktub ünvanlayıb:
“Sizi məlumatlandırırıq ki, “Neftçi” yə məxsus futbolçu Emil Lokonda Mpenzaya 22 dekabr – 10 yanvar tarixlərində klub tərəfindən istirahət verilib. Bu müddətdə Mpenza bizə başqa kluba keçmək istəməsi ilə bağlı məlumat verib. Əks halda o, hazırkı komandasının, yəni, “Neftçi”nin 11 yanvar – 4 fevral tarixləri aralığında Antalyadakı təlim-məşq toplanışına qatılmalıdı. Yanvarın 17-dək klubun düşərgəsində olan Mpenza Drezden “Dinamo”su ilə oyundan sonra məşqlərdə iştirakdan imtina edərək klubun hazırlıq keçdiyi “Mardan” İdman Kompleksini tərk etmişdi. Klub rəsmiləri onun ardınca İstanbula yollansalar da, futbolçu Antalyaya qayıtmadı. Hazırda o Belçikadadı və biz milli çempionatın oyunlarına hazırlığımızı davam etdiririk. Bu hərəkətlər peşəkar futbolçuya yaraşmır. Və o, bununla müqavilə şərtlərini kobud surətdə pozur. “Neftçi” klubdaxili İntizam Kodeksinə uyğun olaraq komandadaxili ab-havanı pozan futbolçunun cəzalandırılmasını nəzərdə tutur”.
Sənədin sonunda yenə də Süleymanovun imzası var. Fevralın 16-da “Neftçi” futbolçunun menecerinə ABŞ-ın “Kolorado Rapids” klubuna keçməsi üçün növbəti icazə sənədini təqdim edib. Transfer 200 min avro məbləğində qiymətləndirilib. Sonuncu, 4-cü icazə sənədi isə 20-25 fevral aralığında qüvvədə olub və futbolçunun oradakı transfer dəyəri 200 min avro göstərilib. Həmin ayın 21-də isə “Neftçi” Mpenza və FİFA-ya müqavilənin pozulması haqda bildiriş ünvanlayıb:
“Bildiyiniz kimi, Drezden “Dinamo”su ilə yoxlama oyunundan (siz zədə almamaq üçün komanda ilə məşq etmək istəmədiz) sonra siz heç bir izahat vermədən komandanın düşərgəsini tərk etdiz. Biz bununla bağlı iki dəfə FİFA-ya müraciət edərək, sizinlə FİFA və digər vasitələrlə əlaqə yaratmağa çalışsaq da, hələ də kluba qayıtmamısız. Bu davranış FİFA-nın 17-ci Nizamnaməsinə görə müqavilənin pozulması deməkdi. Rəsmi xəbərdarlığımıza uyğun olaraq bildiririk ki, 1 avqust 2010-cu ildən, 30 iyun 2013-cü ilədək klub ilə futbolçu arasında bağlanmış müqavilə, oyunçunun davranışı səbəbindən xətm olunub. Biz Mpenzaya görə FİFA-nın Mübahisələrin Həlli Palatasına müraciət edərək, maddi kompensasiya və sanksiya tələb edəcəyik”.
“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov tərəfindən imzalanan sənəd, yuxarıda qeyd etdiyimiz kimi fevralın 21-də göndərilib. Martın 13-də isə “Neftçi” FİFA-ya şikayət edərək Mpenzadan 702500 avro məbləğində təzminat və futbolçunun 4 aylıq diskvalifikasiyasını tələb edib. Bütün bu yazışmalarla tanış olduqdan belə qənaətə gəlmək olur ki, “Neftçi”nin o vaxtkı rəhbərliyi “dovşana qaç, tazıya tut“ prinsipi ilə işləyib. Yoxsa necə ola bilər ki, eyni vaxtda futbolçuya və agentinə başqa klubla danışıq aparmaq icazəsi verən rəsmilər digər tərəfdən FİFA-ya şikayət edərək təzminat tələb edib?
Futbolçuya verilmiş icazə sənədinin müddəti 25 fevrala kimi olduğu halda hansı məntiqlə FİFA-ya fevralın 21-də müqaviləyə xitam verilməsi barədə bildiriş ünvanlanıb? Belə çıxır ki, ilk olaraq “ağ-qaralar” Mpenzadan FİFA-ya şikayət ünvanlayıb. Başverənlərdən xəbərdar olan belçikalı isə özünü müdafiə məqsədilə FİFA-ya əks şikayət ünvanlayıb. Ötən ilin yanvarın 21-də FİFA-nın “Neftçi”nin Mpenzaya 1 milyon dollara yaxın təzminat ödəməli olması haqda futbolçunun xeyrinə qərar çıxarmasından xəbərdarsız. Buna səbəb isə futbolçuya icazə sənədinin qüvvədə olduğu tarixdə klubun FİFA-ya müqaviləyə xitam verilməsi barədə bildirişin göndərməsi, bununla da klubun o zamankı vitse-prezidentinin qeyri-peşəkar davranışı göstərilir.
Bununla yanaşı, qeyd edilir ki, “Neftçi” Mpenzaya özünə yeni klub tapması üçün 1 il möhlət verməyib və dolayısı ilə müqavilənin xətm olunması üçün şərait yaradıb. Halbuki futbolçu müqavilənin pozulmasını tələb etməyib. Diqqət çəkən daha bir məqam FİFA-ya göndərilmiş məktubların bir-birini təkzib etməsidi. Belə ki, Tahir bəyin imzası ilə ali futbol qurumuna göndərilən ilk məktubda Mpenzanın heç bir səbəb gətirmədən komanda ilə məşq etmədiyini qeyd olunub. Ancaq ikinci sənəddə forvardın zədə almaqdan qorxduğuna görə belə addım atdığı bildirilib.
Yeri gəlmişkən, məsələ ilə bağlı İdman Arbitraj Məhkəməsindəki apellyasiya prosesi zamanı bu məqama xüsusi diqqət yetirilib. Məsələ ilə bağlı bütün sənədlərə imza atan, FİFA və futbolçu ilə aparılan yazışmalarda əsas fiqur olan Tahir Süleymanovun da fikrilərini öyrənməyi lazım bilsək də, gün ərzində vacib işinin olduğunu deyərək, söhbətdən yayındı. Amma sabiq vitse-prezidentin “feysbuk” profilində yazdığı “qatıq süd məhsuludu, qatıqlamaq isə beyin” ifadəsi, heç şübhəsiz, kimlərəsə ünvanlanıb…
Rəşad QASIMOV




Fikirlərini bizimlə bölüş!