Hamı susacaq, o, danışacaq. Hamı gözləyəcək, o, dinəcək. Hamı uğur arzulayacaq, o, dilini bir yerinə itələməyəcək. Hamı…
Axı o, Tahir Süleymanovdu. Vəzifədən ötrü ölən, altına kreslo qoyulması üçün hamıdan fərqlənə biləcək simaya malik bir zat və zaddı. Başını soxur kola, elə gəlir ki, görən yoxdu onu. Ağlı buradək işləyir.
Xeyr, Tahir Süleymanov düşüncəsiz və kəmsavad biri deyil. O, məqsədə doğru addım-addım irəliləyir. Baxın, yenə danışır, zorla gündəmə soxulur, dedikləri ilə gündəm yaratmağa çalışır. Harda aş, orda başdı. Özəlliklə söhbət “Neftçi”dən gedirsə.
Bu adam piar kompazitorudu. Vaxtilə “Neftçi”də vitse-prezident idi, ətrafına geniş bir çevrə yığmışdı. Klubun pulları bir çox jurnalistləri Süleymanovun yan-yörəsində birləşdirmişdi. Bu gün onların bir çoxu ortalıqda yoxdu, bununla belə, sədaqət andı içən bəziləri ciddi-cəhdlə propaqandasını aparmaqdadı.
Adım kimi əminəm, mediada “Neftçi” haqda gedən tənqidi yazıların, həmçinin sensasiya xarakterli xəbərlərin əksəriyyəti sabiq vitse-prezidentin “mənbə-anbar” məhsuludu. O, alma qurdu kimi başını düşərgəyə soxur, öyrəndiklərini mətbuata ötürür, beləliklə, “Neftçi”nin daimi hədəfdə olmasını təmin edir. Marağı nədi? Təbii ki, ikinci dəfə geri qayıtmaq.
“Neftçi”yə dönüşü yubansa və ya alınmasa, mümkündü ki, ən yeni tarixdə Azərbaycan Cüdo Feferasiyasında bir işə düzəlsin. Sadıq Sadıqov “Neftçi”də tanıdıqlarının demək olar hamısını federasiyaya aparıb. O hara, cüdo hara? Güloğlan Cabbarov da bugünlərdə sözügedən idman təşkilatından vazifə aldı. Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidentiin Cüdo Veteranlar Şurasına nə dərəcədə aidiyyatı varsa, Tahir Süleymanovun da bir o qədər aidiyyatı var.
Hamısı “Neftçi”də bir yerdə işləyib, vəssalam! Bundan artıq nə aidiyyat və ya bağlılıq olmalıdı ki?
Görünür, təzə iş yerinin darvazasından içəri daxil olmaq üçün Tahir Süleymanova bir müddət də “Neftçi”nin üstünə getməsi lazımdı. İstisna etmirik ki, Sadıq Sadıqov ona əvvəlkitək, lap yaxınlardakı qədər inanmır. AFFA idarəçiləri ilə gizli anlaşma əldə etməsiylə bağlı yayılan xəbərlər “Neftçi”nin keçmiş prezidentini, Cüdo Federasiyasının hazırkı vitse-prezidentini narahat etməyə bilməz.
Zamanında Ramin Musayevi sataraq yanında qalan Tahir Süleymanova Hacı Sadıq bu dəm necə inansın? Bunun üçün o, əl-ayaqdadı, barəsindəki şübhələri dağıtmağın hayındadı. Yalandan, üzdə olsa da. “Neftçi”nin yeni rəhbərliyini hansı məsafədən “atəş”ə tutur-tutsun, ictimaiyyətdə yekdil fikir budu ki, sifariş Sadıq Sadıqovdan gəlib. Süleymanov sabiq prezidentinin görən gözü, vuran əli deyilsə də, danışan dilidi. Şübhə yox buna.
“Neftçi” ötən həftə Avroliqada ikinci təsnifat mərhələsinə yüksəldi. Zəif deməzdim, bərbad oynadılar. Yenə şükürlər olsun, “Baltsan” yaranan qol fürsətlərini dəyərləndirmədi, “Neftçi”nin yeni rəhbərliyi mərhələ adlamağın ləzzətini daddı. Hər halda bu, bir siftədi. Siftənin üstündən isə ağlamazlar. Gəl ki, hörmətili Tahir Süleymanov dan yeri ağarmamış klubun bazası həndəvərində yas çadırı qurub, vay-şüvən qoparır, mərsiyə deyir. Tutuquşu kimi eyni sözü təkrarlayır: “Neftçi” tarixi klubdu, onunla zarafat etmək olmaz, yüksək nəticələr qazanmaq lazımdı”.
Sənə nə var? “Neftçi”yə yeni rəhbərlik gəlib, qoy, onlar bundan narahatlıq keçirsin, problemləri aradan qaldırmağın yollarını fikirləşsin. Yox axı, Tahir Süleymanovu yumurtası tərs düşmüş toyuq kimi vurnuxduran komandanın mərhələ keçməsidi. “Neftçi” “Baltsan”ı mübarizədən kənarlaşdırıb hələ, o, özünə bu cür əl qatıb, görün, avrokuboklarla erkən vidalaşsaydılar, nə yoğurar, nə yapardı!
Get, özünə iş tap, Süleymanov! “Neftçi” artıq sənlik deyil, gözünü çək ordan. Sənin də işini gördük. Ötən 5 ildə bir sürü nəticə qazandığını söyləmə bir də. Onları necə qazanmısız, el-aləmin gözü kor deyil, bilir. 3 çempionluq, 2 kubok, Avroliqanın qrupunda oynamaq sənin hünərin olmayıb. Bu uğurla öyünəcək daha layiqli şəxslər var. Sən boşboğaz və çürükçü təlxək – nəyi kimin gözünə soxursan?
Peşəkara bax, bəh-bəh… FİFA-nın qarışdığı Emil Mpenza qalmaqalında bu işin içində olanların, əsas da Tahir Süleymanovun iç-üzü açıldı. Mətbuata ötürülən sənədlərdən və faktlardan aydın oldu ki, əslində “Neftçi”ni 1 milyon dollar ziyana salan elə bu Süleymanovdu. Bu boyda həngamədən sonra hansı üzlə atlanıb-düşürsən, hörmətli eks vitse? Sadıq Sadıqov gələnədək özün “Neftçi”də nə iş görə bilmişdin ki, indi də sinənə döyürsən?
Uğursuz transferlərdən bəhs edir, amma yaddan çıxarır ki, özü ilk ildəcə neçə-neçə yanlış seçimlərə imza atıb. Vaqif Sadıqovun “Neftçi”yə sırıdığı fərsiz legionerləri düşərgədən təmizləmək üçün düz 1 il lazım oldu Sadıq Sadıqova. Elə isə 1 oyuna görə yeni futbolçuların yararsız olub-olmamasını söyləmək düzdümü? Flavinyo ilə bərabər “Neftçi”yə gəlmiş Alessandro de Souzanın haqqında söylədiklərini Süleymanov unudubsa, yaddaş kartına “format” verə bilərik. Braziliyalı müdafiəçinin kabinetinin qapısını açaraq, ordan hamının eşidə biləcəyi tonda nə və niyə qışqırması, hələ də sabiq vitsenin qulapqlarını cingillətsin gərək ki…
“Biz “Neftçi”ni Gededən sonra dağılmış vəziyyətdə qəbul etdik və heç kimdən vaxt istəmədik. Bəhanələri kənara qoyub “Neftçi”nin adına, tarixinə, nüfuzuna uyğun oyun göstərmək, nəticə qazanmaq lazımdı” – yeni rəhbərliyin hər addımını, hər qərarını qamçılayan Tahir Süleymanov, qoy, bu suala doğru cavab versin: özü klubu idarə etməyi bacarırdısa, nə üçün 2010-cu ilin dekabrında Sadıq Sadıqov başının üstündən kürsüyə gətirildi? Rövnəq Abdullayevin xalasıoğlu olmasına görə? Xeyr! Bəyəm Abdullayevlə Sadıqov ondan əvvəl qohum deyildilər? Bu, nə axmaq mövqedi.
“Neftçi”də Tahir Süleymanovdan öncə də neçə-neçə adam işləyib, indi onların hamısı danışmalı, əlinə sapand götürüb yeni rəhbərliyin bostanını daşlamalıdı? Guya, bir nömrəli “Neftçi”sevərdi. Vallah, bu Tahir Süleymanov “Neftçi”dən öncə “Xəzər Lənkəran”da işə düzəlmək üçün özünü öldürürdü az qala. Öz ayağıyla Rasim Karanın yanına – Lənkərana getməsi faktdı. Mais Mənsimovun qəbuluna düşmək üçün günlərlə qapı pusması, vasitəçi və minnətçi axtarması uzaq keçmişdə baş verməyib. Nə “Xəzər Lənkəran”… “Olimpik”də çalışmaq üçün Əsgər Abdullayevə dil tökməsinin bilirsiz nə qədər canlı şahidi var? Onları danışdırası olsaq, Tahir Süleymanov bilir ki, ondan daha nə(lər) danışarlar…
Süleymanov, yığışdır “kənd komandası belə gəldi, filan komanda elə getdi” istehzasını! Gecələr az dolaş bu küçələri, başa çatmaq üzrə olan Avropa çempionatının ötən oyunlarını internetdən izlə. “Face”də kimin gəldi hər statusuna palaz boyda fikir bildirməkdənsə, İslandiya və Uelsin yarımfinaladək necə irəliləməsini gör, öyrən. Bəlkə lazımın oldu və onda anlayarsan ki, müasir futbolda “kənd komandası”nın izi itib. Və bu anlayışa söykənənlər, orda yatıb qalanlar köhnənin qalıqlarıdı.
O ki qaldı kimin nə iş bacarmasına, Tahir Süleymanov sadəcə və sadəcə vazelin sürtməyi bilir. Bunu hər kəs dərk etməlidi. Birinci də özü. “Neftçi”nin milyonlarla azarkeşinin hissiyatı ilə heç kimin oynamağa haqqı yoxdu. Süleymanov başda olmaqla. “Neftçi”ni sən və sənin kimilər dağdan endirib, Süleymanov! Özünüz gətirib bu vəziyyətə çıxartdız, klubu maliyyə cəhətdən saldız quyunun içinə, arxanızdan dəydilər.
Yaxşı at özünə qamçı vurdurmaz. Sizi isə hər yerdən qovublar. “Qarabağ”dan… “Turan”dan… “Neftçi”dən… Növbədəki? Abırsızlıq və həyasızlıq etməyin, cəhənnəm olun futboldan!




Fikirlərini bizimlə bölüş!