Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Dünən Melis, bu gün Pərdis

30 yaşlı aktrisa Cina-Liza Lohfinkin 4 il öncə Berlin məhkəməsinə müraciət edərək, iki nəfər tərəfindən zorlandığını bildirməsi, həmin şəxslərdən birinin Pərdis Fərcad-Azad olması bu aralar idman mətbuatında ana mövzudu. 2012-ci ildə əqidə yoldaşı Sebastyanla Berlinin "Maksim" adlı gecə klubunda Lohfinkin varlığından həzz alan adam millinin hücumçusudu.

Görüntüləri izləyənlərin çoxu aktrisanın zorlanmadığına əmindi. Məni isə şikayətçi qadının nə dərəcədə haqlı olduğu zərrə qədər də maraqlandırmır. İstər zorlansın, istər zorlanmasın… Mənə, sizə və ya başqalarına nə. Vurduğu qollarla yox, intim həyatıyla gündəmə damğa vuran, iki günə pornoulduza çevrilən yığma üzvünün şəxsi həyatına da qarışmaq fikrim yoxdu. Həyat onundu. İstəsə, karyerasını vaxtından əvvəl bitirə, müntəzəm olaraq pornofilmlərə çəkilə və ya sallaqxana aça, ət sata bilər.

Əslində bunu daha bir futbolçunun – Melis Sarıaltının bir müddət öncə etdiyindən böyük hadisə də saymıram. Kobaniyə dəstək mitinqində tanınmamış Kürdistanın bayrağını qaldıran, qatıldığı aksiyaya PKK terror qruplaşmasının lideri Abdulla Öcalanın şəkliylə çıxan Sarıaltın el diliylə desək, daha böyük qələt qarışdırmışdı. Ruhən kim olduğunu ortaya qoyan Melis dünya terrorunun əsas fiqurlarından birinə bəslədiyi dərin sevgini Azərbaycan üçün döyünməyən ürəyində saxlamağa ehtiyac görməmişdi. Müqayisəni boş yerə aparmıram: o da Pərdis kimi baş katib Elxan Məmmədovun milli pasporta qovuşdurduğu futbolçu idi.

"Milliləşdirməyə" qarşı radikal mövqedə deyiləm. Müstəsna hallarda, xüsusi istedada malik bir-iki futbolçunun yığmaya cəlb olunmasının tərəfdarıyam. Məsələn, yığmadakı bütün həmkarlarından bir baş üstün görünən Almeydanı, Reynaldonu millinin formasında görsəm, ağız büzmərəm. Bu gün Dmitri Nazarovun yığmada ara-sıra vurduğu qollara seviniriksə, ondan səviyyəcə üstün, daha kreativ legioner uğura ac azarkeşlərə daha böyük sevinc bəxş edər. Amma ucdantutma "milliləşdirmə" birbaşa milli formaya sayğısızlıqdı. Dünən Melisin, bu gün Pərdisin başının altından ictimai qınağa layiq iş çıxırsa, sabah növbəti "kitayski" azərbaycanlının gey olduğu təsdiqlənəcək.

Milli sözünün mənasını qanı, canı ilə anlamayanlar assosiasiyadan qovulana qədər problem həllini tapmayacaq. Sadə məntiqlə düşünsək, ömür yolu öyrənilməyən insanın yığmaya götürülməsi böyük səhlənkarlıq, hətta mənəvi cinayətdi. Baş katiblə əlaltılarının yürütdüyü başdansovdu siyasətin fəsadları göz qabağındadı. Pis odu ki, nəticə çıxarmaq istəmirlər. Azərbaycan adlı məmləkətdə heç kim mentallıqla hesablaşmadan addım ata bilməz. Mərc gəlirəm, Pərdis bundan sonra hər mövsüm 15 top vursa belə, pornoulduz möhürüylə gəzəcək. Bura Almaniya deyil ki…

Fikirlərini bizimlə bölüş!